Köşə

  • 4 094

Küçələrdə qalan sərnişinlər – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar Bakıda avtomobillərlə bağlı məhdudiyyətlərdən sonra sərnişin nəqliyyatında vəziyyət daha da ağırlaşıb. Artıq avtobusların sayı kifayət etmir, salonda hədsiz sıxlıq yaranır, havasızlıqdan bəzilərinin halı pisləşir. Lakin avtobus sayı artmaq əvəzinə azalır. Pik saatlarda isə sərnişinlər qalır küçələrdə.

Avtobus parklarının yaxınlığında yaşayanlar deyir ki, balkonumuzdan əksər avtobusların qarajda yatdığını aşkar görürük. Yəni, bu vəziyyəti əsaslandırmaq üçün heç bir arqument yoxdur. Fakt çılpaqlığı ilə ortadadır. Şirkətlər qəsdən avtobusların çox az hissəsini xəttə buraxır. Mümkün qədər az avtobusla mümkün qədər çox sərnişin daşımaq prinsipi ilə hərəkət edilir. Məsələn, yüz sərnişini 2 avtobusla daşımaqdansa, 1 avtobusla daşımağa üstünlük verilir ki, burada da daha çox qazanc götürmək məqsədi güdülür. Marşrut xətlərinin çoxu ləğv edildiyindən, sərnişinlər əksər hallarda bir yerdən digərinə getmək üçün ən az 2 avtobus dəyişməli olurlar. Şəhərin sərnişindaşıma xidməti sosial sistemdir, əhaliyə xidmətdir, bu, bzines strukturu deyil.

Bir zamanlar bizdə də avtobuslardan əlavə, tramvay, trolleybus, elektrik qatarları kimi sistemləri mövcud idi. Həmin sistemlər var olduğu zaman nəqliyyatın və sərnişinlərin hərəkəti çox rahat olur. Müxtəlif nəqliyyat növlərinin işlədildiyi ölkələrdə sərnişindaşıma sistemi mükəmməl qurulur. Ölkəmizdə isə hazırda yerüstü sərnişindaşımada yalnız avtobuslar qalıb. Onlar da sərnişin axınını ödəyə bilmir.

Avtobuslar azaldığından çoxları taksi ilə gedib-gəlməyə məcbur olur. İctimai nəqliyyatın azalması şəhərdə avtomibillərin sayını artırır ki, bu da daha bir problemə rəvac verir- tıxaclar artır. Hazırda sərnişinlərin böyük əksəriyyətini avtobuslar yox, taksilər və yölüstü sərnişin götürən fərdi maşınlar daşıyır. Əks halda ümumiyyətlə avtobuslara minmək qeyri-mümkün olardı.

Bəzi marşrutlarda avtobusların vəziyyəti acınacaqlıdır. Şəhərin mərkəzi hissələrində müasir avtobuslar xəttə buraxılıb. Ancaq şəhərətrafı yerlərdə, hətta 90-cı illərin avtobuslarını görmək mümkündür. Həmin avtobuslar heç bir təhlükəsizlik normalarına cavab vermir. Qırıq-sökük, xarab vəziyyətdədir. Şəhərdən kənarda yaşayan əhali pis şəraitdə, bir-birini əzərək, havasız avtobuslarda səyahət etməli olur. Ancaq söhbət gediş haqqına gələndə komfortlu avtobuslarla eyni məbləği ödəməlidirlər.

Vaxtilə dağıdılan sərnişindaşıma sisteminin yenidən bərpası üçün indi çox böyük sərmayə tələb olunur. Bu nəqliyyat növləri bərpa edilməsə, vəziyyət getdikcə pisləşəcək. Yaxşı ki, metro var. Yoxsa şəhərdə vəziyyət faciəvi olardı. Belə bir sistemlə heç bir halda normal sərnişindaşımadan söhbət gedə bilməz.

Bu kimi sosial problemlər cəmiyyətdə güclü aqressiya yaradır. Hər bir sərnişin rahat səyahət etmək istəyir. Bu, onların haqqıdır, çünki bunun üçün pul ödəyirlər.

Bəzəkli-düzəkli avtobusları almaqla iş bitmir. Xidməti təşkil etmək lazımdır. Bir çox ölkələrdə avtobuslar bizimkilərdən daha ucuz və sadədir. Ancaq çox sistemli şəkildə hərəkət edir. 200-300 minlik avtobuslar maksimal yüklənmə ilə istifadə edilir və nəticədə tez sıradan çıxırlar.

Daha bir problem isə avtobusların marşrut cədvəlidir. Keçmişdə bu marşturun keçdiyi bütün ərazilər tabloda yazılırdı. İndi guya elektron tablolara keçilib, nəticədə ancaq ilk və son dayanacaqlar yazılır. Sərnişin bilmir ki hansı avtobus haralardan keçir. Bundan əlavə avtobuslarda gediş qiymətləri yazılmayıb, daimi istifadə etməyənlər bilmir ki, hansı marşrutda gediş qiyməti 40, hansında 50, hansında 60 qəpikdr.

Kart sisteminə keçid də əlavə problemlər yaradıb. Balans bitəndə bir çox yerlərdə yükləmə aparatı tapa bilmirlər. Onlayn tətbiq yaradılıb, oradan da balans yüksək, onlayn bilet almaq çox uzun və qeyri-münasib prosedurdur.

Bir sözlə yerüstü sərnişin nəqliyyatını sıfırlayıb, yenidən qurmaq lazımdır.

Digər xəbərlər