Köşə

  • 1 912

Allah dırnaq verdi, biz onu caynağa çevirdik...

image

Tanrı insanı yaradıb və ona məsləhəti daxilində məxsusilik verib. Bu məxsusiliklə insan digər canlılardan tamamilə fərqlənib. Məsələn, Ulu Yaradan bəzi heyvanlara caynaq verdiyi halda, insana sadəcə dırnaq verib. Ona görə dırnaq verib ki, insanı caynağa ehtiyacı olmadan yaradıb. Ona əl-qol, barmaqlar verib ki, istənilən işi onların köməkliyi ilə görə bilsin. Dırnaqların özü də bəzi işləri görməklə yanaşı, həm də barmaqların ucunu qorumaq uçun nəzərdə tutulub.

Lakin zaman-zaman insan övladı Yaradanın ona bəxş etdiklərini artıq bəyənməməyə başladı. Allah bizi qaradərili yaratdığı halda, biz ağdərili olmaq istədik və olduq. Allah bizi qarasaçlı yaratdığı halda, biz bunu bəyənməyib sarı saçlarla əvəzləşdirdik. Yaradanın verdiyi burunu dəyişdik, yanağı ayrı formaya saldıq, dodaqlara dolğu ilə əlavələr etdik. Bədənimizin istənilən yerinə əməliyyatlar tətbiq etməklə, onu yeni bir formaya saldıq.

Və dırnaqlarımız da eynilə, bu müasirlik və yeniliyin, dəbin qurbanına çevrildi. Ən dəhşətlisi də elə bu oldu. Allah bizə dırnaq verdi, bizi heyvanlardan fərqləndirdi. Onlara caynağı ona görə verdi ki, yem tapıb yeyə bilsinlər, yeri gələndə özlərini müdafiə etsinlər. Lakin biz bu caynağı da onlara çox gördük. Bəzi heyvanları öldürüb dərisini əynimizə geyindiyimiz kimi, paltarını papaq edib başımıza qoyduğumuz kimi, caynağını da ondan aldıq.

Beləliklə, Allahın bizə bəxş etdiyi dırnağı bəyənməyib onu caynaqla əvəzləşdirdik. İndi tez-tez caynaqla gəzən qadınlarla rastlaşmaq olur. Xüsusilə marketlərdə kassa önündə qəpik pulları caynaqları ilə götürə bilməyən qadınları görmək olur. Gənc qızlar var ki, təsadüfən yanından ötəndə saçına sığal çəkərsə, caynaqlarının sənin gözlərini tökməsi təhlükəsi var.

Metroda da bu caynaqlı qızları tez-tez görmək mümkündür. Yolu ötərkən avtomobilin içərisində rolu tutan belə caynaqları da görmək olur. Yəni hər yerdə belə caynaqlı qızlarla qarşılaşmaq mümkündür. Onlara baxdıqca adamın ürəyinə ağırlıq çökür. Nə çantalarını aça bilir, nə telefonu tuta bilirlər. Hələ telefonda mesaj yazarkən adamın onlara, sözün həqiqi mənasında, yazığı gəlir. Bir zillət çəkirlər, zülmlə yazırlar ki, gəl, görəsən. Lakin bu caynaqlar onlar üçün o qədər vazkeçilməzdir ki, bu qədər çətinliyə sinə gərir, lakin caynağı dırnaqla əvəz etməyi düşünmürlər.

Dəfələrlə belə gənc qızlara yardım etməyə çalışmışam. Məsələn, kassa qarşısında da, yolda bir əşyaları yerə düşəndə mücadilə edib onu götürə bilmədiklərini görərkən əyilib qaldırıb vermişəm də. Baxmayaraq ki, bu caynaq sahibləri məndən dəfələrlə az yaşda olublar. Ona görə etmişəm ki, onlara yazığım gəlir. Ona görə yazığım gəlir ki, ağıllarını itirmiş varlıq hesab edirəm. Onların köməyə ehtiyacı olduğunu düşünürəm. Caynaq daşıdıqları üçün sanki bir əlillik qazanıblar həyatdan. İş görmək, əllərini istifadə etmək qabiliyyətindən məhrum olublar. Bu məhrumiyyət isə ağılın məhrumiyyəti ilə nəsib olub onlara. Bu səbəbdən də belələrinə acımayıb, nə edəsən?..

Bizim cəmiyyətimizdə dəhşətli olan odur ki, xüsusilə gənc qızlar bir-birinə bəhsəbəhslə yaşayırlar. “O, etdi, mən də edim” iddiası bu gün o həddə çatıb ki, bəzi gənc qızlar artıq özlüyündən çıxıb, başqası olub. Yəqin ki, onlar böyük sözü də dinləmir ki, dırnaqlar bu hala düşür. Yəqin evlərdə anaları onlara yemək yeməkdə, şəxsi gigiyena işlərində kömək edir, yoxsa bunu onların özlərinin etməsi mümkünsüzdür.

Bəli, Allah bizə dırnaq verdi, biz isə bəyənməyib onu caynağa çevirdik. Və ətrafımızdakı insanlardan yardım dilənməyə başladıq. Hansı ki, bu caynağı heyvanlara verib dağa-daşa, çölə-düzə buraxmışdı ki, yem tapmaqda, yeməkdə, özlərini mühafizə etməkdə, gigiyena işlərini həyata keçirməkdə ondan istifadə etsinlər. Lakin biz bu caynaqlar vasitəsilə heyvanların etdiyinin birini belə edə bilmirik. Bu caynaqlar sadəcə bizim “dəbli” olduğumuzu, öz düşüncəmizə əsasən gözəl göründüyümüzü anladır ətrafa. Odur ki, çox təəssüflər olsun. Hələ qarşıda bir evdə gəlin, ana olacaqlarını düşündüyümüz bu qızlar üçün dəfələrlə təəssüflər...

Mətanət Məmmədova

Digər xəbərlər