Köşə

  • 3 595

Nikahı dəyərdən salmayın!

image

Ölkəmizdə əsrlərin formalaşdırdığı ailə institutu var. Bu institut ailə dəyərləri fonunda yaranıb, təşəkkül tapıb və bu günümüzə qədər gəlib çıxa bilib. Son zamanlar isə boşanmaların sayının artması bu ailə dəyərlərinə zərbəni zərbə ardınca vurur. Düzdür, boşanan hər bir ailənin özünəməxsus problemlərinin olduğu sözsüzdür, lakin gəlin etiraf edək ki, müasir boşanmaların əsas səbəblərindən biri çətinliklərə sinə gərə bilməmək, dayanıqlı olmamaq, kiçik məsələləri problemə çevirmək nöqteyi-nəzərindən qaynaqlanır. Hansı ki, biz zaman-zaman ailə dəyərlərimizin qorunub saxlanması, uzunömürlü olması üçün mübarizə aparmış, ailəmizin dağılmasının qarşısını hər vəchlə almışıq.

Hazırda boşanmaların artdığı bir zamanda nikahın pozulması haqqında rüsumun azaldılması təklifi dəyirmana su tökmək anlamına gəlir. Və cəmiyyət tərəfindən heç də müsbət qarşılanmayan məsələdir. Bununla bağlı xəbərə nəzər salaq: Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir. Bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, bu rüsumun 15 dollar olması təklif edilir. Belə ki, rüsum məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına (qeydiyyat “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda şəhadətnamənin verilməsinə) görə (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə birinci müraciət etmiş tərəfdən) ödənilir.

Qeyd edək ki, hazırkı rüsum haqqı isə 50 manat mediasiya, 50 manat isə məhkəmə rüsumu olmaqla boşanma iddiası ilə müraciət edən şəxs üçün ümumilikdə 100 manat təşkil edir.

Qayıdaq yeni təkliflə nikahın pozulmasının 15 dollar məbləğində olan rusumla həlli məsələsinə. Birincisi, biz ABŞ-da deyil, Azərbaycanda yaşayırıq və ölkəmizdə pul vahidi AZN-dir. Belə olduğu təqdirdə nə üçün bunu 25-26 manat kimi deyil, 15 dollarla ifadə edirik, bu, bir anlaşılmazlıqdır.

Qaldı, nikahın pozulmasına görə rüsum haqqının azaldılması məsələsinə, düşünürəm ki, ölkənin bütün ziyalı təbəqəsi ayağa qalxmalıdır. İndi ki, rüsum haqqına baxılır, bu rüsum əvvəlkindən-yəni mediasiya ilə birlikdə 100 manat təşkil edən rüsumdan daha çox miqdarda olmalıdır, nəinki azaldılmalıdır. Çünki bu rüsumu azaltmaqla biz ailələrin boşanması üçün son səddi qarşılarından götürmüş oluruq. Lakin qaldırıb 100 manatdan 200-300 manata çatdırmaqla, onların bəlkə də bir qismini boşanmaqdan uzaqlaşdıra bilərik ki, bu, bizim qələbəmiz, ailə institutuna verdiyimiz töhfə ola bilər.

Biz ailələrimizi qorumağa çalışırıq, yoxsa dağıtmağa? Rüsumun yarıya endirilməsi nə dərəcədə doğrudur, qoy buna ziyalılar, nümunəvi ailələrin üzvləri, ictimaiyyət münasibət bildirsin.

Bir sözlə, ailələrin qorunması üçün, onların dağılmasının qarşısını almaq üçün təkliflər hazırlanmalı, elə istiqamətlər düşünüb tapılmalıdır ki, ailə institutumuz yerlə yeksan olmasın. Axı bu institutun yaranmasına xalq əsrlərlə zəhmət verib.

Bütün Avropa ölkələri bizin ailə institutumuz qarşısında heyran qalır: çoxuşaqlı ailələrə heyranlıqla baxır. Çünki 5-6, 2-3 uşaqlı ailələrimiz qarşılığında onlarda əksər ailələr 1 uşaqla kifayətlənir. Bizim qızıl, gümüş, brilyant toyunu qeyd edəndən yüzlərlə ailəmiz var. Onlarda isə ailə uzunömürlülüyü bizdən dəfələrlə aşağıdır.

Belə olan təqdirdə, dünyaya ailə dəyərlərimizi sərgiləyən xalq olaraq bu dəyərləri qorumaq da borcumuzdur. Bizə həsəd edənlərin pul vahidi ilə nikahın pozulmasını asanlaşdırmaq bu dəyərlərin fonunda çox miskin görünür.

Mətanət Məmmədova

Digər xəbərlər