Köşə

  • 4 798

Yol terrorunun qarsını almağın ən asan yolu – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar yollarda, küçələrdə ağır qəzalara səbəb olan kobud qayda pozuntularının və avtoşluq hallarının sayı artır. Bunun səbəbləri haqda çox yazılıb, çox danışılıb, lakin hələ də bu problemin həlli ilə bağlı ciddi irəliləyiş əldə olunmayıb. Əsas səbəb əlbəttə, qaydalara qəsdən riayət edilməməsi, sərxoş halda avtomobil idarfə edilməsi, sürət həddinin aşılmasıdır. Lakin burada çox sayda başqa səbəblər də var- yol infrastrukturunun bəzi yerlərdə təhlükəli olması, sürücünün yorğunluğu, avtomaşınların texniki vəziyyətinin yaxşı olmaması, sürücülərin qeyri-peşəkarlığı və s.

Ağır qəzaların səbəblər arasında, ən əsası sürət həddinin aşılmasıdır. Xüsusən də, şəhərlərarası yollarda avtomobillər, hətta avtobusların çoxu yolverilən sürət həddini xeyli dərəcədə keçir. Məqsəd məsafəni daha tez qət etmək və qısa vaxtda daha çox gəlir əldə etməkdir. Nəinki mikroavtobusda, hətta iri avtobusların da 110-la getdiyim yolda saatda 150 ilə yanımdan şütüyüb keçməsinin şahidi olmuşam. Halbuki, avtobusların 90 km/saat-dan artıq sürətlə getməsi qadağandır.

Ən dəhşətlisi orasıdır ki, 50 nəfər daşıyan avtobusun sürücüsünə sərnişinlərdən heç kim irad bildirmir, normal sürətlə sürməsini tələb etmir. Çünki onlar da mənzilbaşına mümkün qədər daha tez çatmağa çalışırlar. Burada sürücü və sərnişinlər arasında yazılmamış qanun, gizli razılaşma var sanki. Bax bu sürətli həyat tərzi əksər faciələrin səbəbkarıdır.

21-ci əsrdə “sürət əsri” ifadəsi avtomobili yolverilən həddən yüksək sürətlə idarə etmək deyil. Bəziləri bu ifadəni səhv başa düşüblər və bu səhv də onlara həyatları bahasına başa gəlir. Həm də təkcə özlərinin yox, günahsız başqalarının da...

Mikroavtobuslarda isə vəziyyət daha təhlükəlidir. Bu maşınlar magistrallarda 150 km/saat-dan yuxarı sürətlə gedirlər. Bəzən isə 180-200 km/saat sürətlə. Halbuki, bu yolların infrastrukturu 120 km/saatdan yuxarı sürət üçün uyğun deyil və bu, aşkar qəza deməkdir.

Problemlərdən biri yük maşınlarının sürücüləri ilə bağlıdır. Onlar da əksər yol hərəkəti qaydalarına riayət etmir, yüksək sürətlə sürürlər. Çünki işlədikləri şirkət qarşılarına daha tez və daha çox işləmək tapşırığı qoyur, bəzən sutkada 15-16 saat sükan arxasında olurlar. Üstəlik, bu maşınlar əksər hallarda icazəverilən normadan 2-3 dəfə artıq yüklənir ki, bu da potensial ölüm maşını deməkdir. Onsuz da bu avtomaşınların əksəriyyətinin texniki vəziyyəti ideal deyil.

Sürücülərin yorğunluğu da qəzaların səbəbləri arasındadır. Ekspertlərin rəyinə görə, uzun yola çıxanda göz və beyin yorulur və sürücünü yuxu tutduğuna, ən azı beyin reaksiyaların ciddi şəkildə azalmasına görə, hər iki saatdan bir dayanıb istirahət etməlidir. Sürücülərin çoxu buna fikir vermir. 6-7 saatlıq yolda maksimum bir dəfə dayanırlar- o da, məcburən- yemək üçün.

Daha bir səbəb isə qeyd etdiyimiz kimi, yol infrastrukturu ilə bağlıdır. Düzdür, son dövrlərdə ölkəmizin əksər avtomobil yolları yenidən qurulub və standartlara cavab verir, lakin hələ də təhlükəli yollar var.

Bu səbəblərdən, ölkəmiz avtoqəzaların, qəzalarda ölümlərin sayına görə dünyada öncül yerlərdədir. Bütün bu səbəblər aradan qalxmayınca, belə faciələrin də ardı-arası kəsilməyəcək.

O ki qaldı avtoşluq hallarına, son dövrlər cəzaların sərtləşdirilməsinə baxmayaraq bu problem hələ də aradan qalxmayıb. Əslində isə, problemin həlli çox asandır. Bu barədə hələ uzun illər əvvəl təkliflərimi irəli sürmüşəm. Bu yazıda da təkrar edirəm- avtoşluq edən şəxslərin avtomobilləri müsadirə edilməli, özləri isə ən azı 10 il müddətinə sürücülük hüququndan məhrum edilməlidir.

Təcrübə göstərir ki, istənilən problemin həlli radikal tədbirlərdən, sərt cəzalandırmadan asılıdır. Avtoşluq halı qəsdən başqalarının həyatlarını təhlükə altına qoymaq və bir çox hallarda isə onların ölümünə səbəb olmaqdır. Buna görə də cəza adekvat olmalıdır və yuxarıda dediyim cəza növləri tətbiq edilsə heç kim belə bir hərəkət etməz. Nəticədə çox asan yolla bu problem birdəfəlik aradan qalxmış olar.

Digər xəbərlər