Köşə

  • 1 842

Döşəkağını kim yumalıdır: valideyn, yoxsa?..

image

Söhbət təbii ki, bütün uşaq bağçalarından getmir. Bunu bəri başdan deyək ki, işini qura, fəaliyyətinin nədən ibarət olduğunu tənzimləyə bilən, hətta nümunəvi bağçaların da olduğunu hər kəs bilsin.

Mən elə bilirdim ki, valideynlərin döşəkağını özlərinin yuması bir neçə illər əvvəldə qalıb. Çünki özün də illərlə bağçalardan qoltuğuma verilən döşəkağıları yumaq məcburiyyətində qalmışam. Elə ki, iş həftəsinin sonuncu günü oldu, bağça qapısında bir əli uşağın əlində, digər əlində isə uşağın yatağının döşəkağı olan dayə valideyni gözləyir, həm uşağı, həm də yuyulmalı olan camaşırları təhvil verirdi. Yəni qayda belə idi, bağça rəhbərliyi çox az halda fikirləşirdi ki, bu, kimin uşağıdır və buna uyğun da hərəkət edirdi.

Biz də ana vəzifəmiz kimi döşəkağını yuyur, ütüləyir, növbəti həftənin ilk iş günündə uşaqlarla bərabər, onları da bağçaya təhvil verirdik. Hələ onu da deyim ki, elə olurdu ki, uşaq arada yatağını çirklədəndə həftə ərzində bir və ya bir neçə dəfə də döşəkağı valideynin qoltuğuna verilirdi.

Hə, bu, illər əvvəl belə idi. Və mən də artıq belə halların aradan qalxdığına özünü o qədər inandırmışdım ki... Lakin təəssüf ki, düşündüyüm kimi deyilmiş. Belə ki, hazırda hələ regionları demirəm, çünki bu barədə məlumatın yoxdur, Bakıda-paytaxt şəhərimizdə belə bağçalar var. Bu günlərdə tanış valideynlərdən bir neçəsi ilə təsadüfi söhbət nəticəsində məlum oldu ki, onların da uşaqlarının döşəkağı bağçalar tərəfindən valideynlərin qoltuğuna verilir və yuyulmağa göndərilir.

Əvvəlcə, həqiqətən, inanmağım gəlmədi. Çünki XXI əsrdə belə bir halın olmasına inanmaq bir qədər çətindir. Lakin fakt budur ki, şəhərimizdə uşaq bağçaları var ki, orada döşək ağları yenə də həftəsonu, həftəiçi valideynlərə yuyulmağa verilir.

Çox maraqlıdır, deyilmi? Bu gün belə halların hələ də qalması həm gülməli, həm ağlamalıdır. Ona görə ki, baxmayaraq XXI əsrdir, ölkəmiz inkişaf edib və etməkdədir, hələ də bəzi bağçaların işini günümüzə müvafiq qura bilməməsi təəccüb doğurur. Bir neçə il ərsində Təhsil Nazirliyindən İcra Hakimiyyətlərinə, İcra Hakimiyyətlərindən Təhsil Nazirliyinə alınıb verilən uşaq bağçalarında hələ də belə acınacaqlı hal qalırsa, belə çıxır ki, bağçalara nəzarət üçün yeni bir qurum tapılmalıdır.

Hansısa bir uşaq müəssisəsində camaşırxana yoxdursa və yaxud varsa, işlədən yoxdursa, kimsə bu vəzifəni kağız üzərində icra edib əmək haqqı alırsa, camaşırları isə valideyn yuyursa, burada nədən danışmaq olar, onu anlamağa çalışıram. Bəs görəsən həqiqətənmi belə bağçalarda camaşırxana yoxdur? Varsa, işçi yoxdur? İşçi varsa, elektrik enerjisi, yuyucu toz əldə edə bilmirlər? Bunlar da varsa, nə üçün vəziyyət belədir?..

Bu gün dövlətimiz tərəfindən bütün sahələrə yetərli qədər diqqət və qayğı göstərildiyi, xüsusilə uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafı, bəslənməsi, sağlam böyüməsi, təhsili, asudə vaxtı və sair üçün milyonlarla manat məbləğində vəsait ayrılması fonunda bəs görəsən aid qurumlar bu qayğıya hansı fəaliyyətləri ilə cavab verirlər? Bu barədə düşünən aid qurum varmı? Düşünən varmı ki, XXI əsrdə qapalı müəssisədən valideynin qoltuğuna çirkli camaşırın yüklənməsi nə dərəcədə doğrudur?..

Ümidvarıq ki, suallarımız cavablandırılar. Belə olan təqdirdə hər kəs, xüsusilə də çalışan, iki və ya bir istirahət günüdə işi-işinə qarışan qadınlar hər həftə sonu döşəkağı yumaq məcburiyyətində qalmasının hansı səbəbdən olduğunu anlayar. Bəlkə bu, elə belə olmalıdır, bizim xəbərimiz yoxdur...

Mətanət Məmmədova

Digər xəbərlər