Köşə

  • 2 852

Haram tərkibli “halal” qidalar – KÜNCDƏN BAXIŞ

image

Azərbaycanda halal qida standartları tətbiq olunacaq və tələblərə uyğun məhusllara “halal” yarlıkları veriləcək. Bu, ilk baxışda yaxşı xəbərdir, çünki sin dövrlərlə dükan bazarı saxta, keyfiyyətsiz, zərərli qidaların başına götürdüyü faktdır. Ciddi nəzarət olmadığından istehsalçılar və satıcılar hər cür zərərli məhsulları alıcılara rahatlıqla sata bilir. Bir çox hallarda isə məhuslların üzərində yazılanlar tərkibi ilə düz gəlmir. Üstəlik, məhsulun xammal bazası ilə bağlı heç bir məlumat yoxdur. Bəzi istehsalçılar bəzi ət məshullarının üzərinə “halal” yarlıkı yapışdırıb satışa çıxarsalar da, hamı bilir ki, bu məhsullar halal anlayışına cavab vermir. Bu məhsullara vurulan bir çox kimyəvi maddələr sağlamlıq üçün zərəlidir və bəziləri kanserogendir. Bunların çoxuna hətta donuz piyi də qatılır. Təbii fitrətinə müdaxilə edilmiş, geni dəyişdirilmiş qida məhsulları da halal sayıla bilməz.

“Halal” ifadəsi artıq çoxdan sadəcə biznes və marketinq hiyləsinə çevrilib. "Halal" sözünün tək bir mənası var- tam təbii, keyfiyyətli, insan tərəfindən zərərli müdaxilə edilməmiş, sənayedə emala məruz qalmamış, toxumuna müdaxilə edilməmiş, kimyəvi dərmanlarla yetişdirilməmiş, heç bir süni kimyəvi maddələr qatılmamış sağlam qida məhsuluna deyilə bilər. Və bu məhsul da Quranda "haram" elan olunan məhsullardan olmamalıdır. Bundan kənar heç bir məhsul "halal" ola bilməz, bu, nəzəri cəhətdən belə mümkün deyildir. Bu hesabla satışda halal məhsula nadir halda rast gəlinə bilər. Qeyd edilən tələblərə cavab verməyən məhsul, sadəcə “halal” yarlıkı yapışdırılmış saxta bir marketinq üsulu ola bilər və savadsız istehlakçıların aldadılmasından başqa bir şey ola bilməz.

Qaldı ki istehlakçının aldığı qida məhsulunun halallığına necə əmin olmasına, bunun heç bir yolu yoxdur. Bu artıq istehsalçının vicdanına qalmış bir məsələdir. Heç kim heç bir məhsuldan əmin ola bilməz, üzərinə nə yazılmasının heç bir fərqi yoxdur. Məsələn, son illərdə “halal” adı ilə satılan kolbasa və sosiska məhsullarının "halal" anlayışına zərrə qədər də aidiyyatı yoxdur və bu məhsullar insanların sağlamlığına zərər vurur, hətta genlərimizi belə dəyişir. Bəzi istehsalçılara irad tutanda deyirlər ki, “halal” sözünü sadəcə marka adı kimi seçmişik.

Savadsız istehlakçılar isə asanlıqla aldadılır. Məsələn, “halal toyuq” yarlıkı ilə satılan broyler toyuğunda "halal" anlayışı yalnız ondan ibarətdir ki, toyuqların başı kəsilərkən üzü qibləyə tərəf tutulub. Bunun "halal" anlayışına heç bir aidiyyatı yoxdur. Bu tam bir haram və zərərli məhsuldur. Bir heyvanın başının hansı tərəfə tutulmasının heç bir mənası yoxdur, halal sayılması üçün əsas şərt yalnız onun təbiiliyi və keyfiyyətidir. Təbii ki, Quranda haram sayılmış məhsullardan olmaması şərtilə.

Quranda hansı qidaların haram və ya halal olduğu ümumi şəkildə verilmişdir.

Maidə 3. Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılaraq ölmüş, vurulub öldürülmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş-canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır-dikinə qoyulmuş daşlar üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”

Bəqərə 173. “Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri qəti haram etmişdir. Lakin naəlac qaldıqda başqasının malını zorla mənimsəmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur”.

Maidə 4. “Bütün pak nemətlər sizə halal buyurulmuşdur”.

Göründüyü kimi, pak, yəni saf, təbii, sağlam formada olmayan bütün qidalar haramdır. Halal qida yalnız təbiətdə, süni emala və kimyəvi əlavələrə məruz qalmamış bitkilərə, Quranda qadağan edilməyən təbii və sağlam heyvanların ətinə və məhsullarına deyilə bilər. Bu səbəbdən hansısa zərərli kimyəvi maddələrlə, pak olmayan məhsullardan istifadə edilməklə emal olunmuş qidanın üzərinə halal yazmaqla o qidanın halal olmadığı aşkardır. Məstedici və ya asılılıq yaradan maddələrin qatıldığı qidalar da haram qidalardır.

Bu gün istehlakçıların “halal” adı ilə aldıqları məshulları laboratoriyada yoxlatmaq imkanları yoxdur. Belə müstəqil mərkəzlər çox azdır və analizlərin qiyməti həddən çox bahadır. Üstəlik məhkəmələr özəl laboratoriyaların analizlərini qəbul etmirlər ki, bu da ciddi anlaşılmazlıqdır.

Digər xəbərlər