44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücü sayəsində illərlə düşmən işğalı altında qalan torpaqlar əsl sahiblərinə qaytarıldı. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Füzuli uğrunda gedən döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını ataraq qaçmışdı. 2020-ci il sentyabrın 27-də- 44 günlük İkinci Qarabağ müharibəsinin ilk günündə Azərbaycan Ordusu Füzuli rayonun Qaraxanbəyli, Yuxarı Əbdurrəhmanlı, Horadiz, Qərvənd kəndlərini işğaldan azad etdi. 44 günlük Zəfər yürüşü buradan başlandı. Cənub istiqamətində 20 gün davam edən şiddətli döyüşlərdən sonra rəşadətli Ordumuz Füzuli şəhərini azad etdi. Xain düşmən torpaqlarımızdan birdəfəlik qovuldu. Qalibiyyət rəmzi olan üç rəngli bayrağımız bu torpaqda ucaldıldı.
Oktyabrın 17-də xalqımız müasir Azərbaycan tarixinə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyini bayram edir. 27 il mənfur düşmən tərəfindən tamamilə dağıdılan, erməni vandallarının viran etdikləri Füzuli yenidən bərpa edilərək dünyanın ən gözəl məkanına çevrilir.
Bu gün Füzulidə Böyük Qayıdışın tərkib hissəsi kimi reallaşan layihələrin şahidi oluruq. Soydaşlarımızın öz yurd yerlərinə qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması işğaldan azad olunmuş digər bölgələrimiz kimi, Füzulinin də necə sürətlə dirçəldiyinin bariz nümunəsidir.
Bu gün Füzulidə də, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi 9 aya tikildi və Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddət ərzində – cəmi 9 ayda tikilən ilk aeroportdur. Hazırda Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da hava limanından istifadə edirlər. Füzuli aeroportu, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionuna daxil olan rayonların investisiya imkanlarını artıracaq. Füzuli rayonunun Qarabağ və Şərqi Zəngəzur üçün rolu və əhəmiyyəti təkcə hava limanının inşası ilə məhdudlaşmır. Zəfər Yolu kimi məşhurlaşan və qəhrəman əsgərlərimizin faktiki olaraq yolsuzluq şəraitində irəliləyərək addım-addım canları və fədakarlıqları bahasına açdıqları cığırın üzərində Füzuli-Şuşa yolunun təməlinin qoyulması və qısa müddətdə müasir tələblər əsasında və keyfiyyətli surətdə istifadəyə verilməsi, eləcə də Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının inşası rayonun Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasının, inkişaf etməsinin göstəricisidir.
Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimiz kimi Füzulinin əzəli sakinləri bu gözəl diyarda toy-büsatlı, firavan günlərini yaşayırlar.
Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının sədr müavini