Elçin Bayramlı
əvvəli burada
https://sesqazeti.az/news/articles/1217907.html
Böyük Yaradan, Sənin qüdrətli enerjilərindən olan maddi təbiət artıq davam gətirməyib, bəşərin əməllərinin məntiqi nəticəsini- təbii fəlakətləri dalbadal göndərir üzərimizə. Şəxsən mənə və bir çoxlarına aydındır ki, ulu və müdrik dədələrimiz "nə əkərsən, onu da biçərsən" deyəndə heç də taxılı-filanı nəzərdə tutmayıblar. Təxminən 10 il bundan əqdəm, həmin bu Təbiət Cənub-Şərqi Asiya ölkələrinin böyük ərazilərində dəhşətli sunami ilə meydan sulayanda əsl fəlakət oldu. Bu insanlara son dərəcə xəbərdarlıq idi. Amma bu da bizə dərs olmadı.
Həmin fəlakət zamanı 100 minlərlə insan məhv oldu, 10 minlərlə ev xaraba qaldı, minlərlə şəhər və kənd yer üzündən silindi, amma... bir dənə də heyvanın burnu qanamadı! Axtarış-xilasetmə qrupları böyük əraziləri əhatə edən fəlakət zonasında bir heyvan cəsədinə belə rast gəlmədilər! Bu hadisədən sonra xeyli düşünmüşəm və belə qənaətə gəlmişəm ki, bu fəlakət ancaq insanlara aid idi və əməllərimizin layiqli cavabı idi…
Yəqin ki, heyvanlara “baxan” tanrıçan xəlvətcə təbəələrinin qulağına pıçıldayıb ki, bu məsələ sizlik deyil, şələ-külənizi götürüb bir-iki günə çıxın aradan. Hadisənin şahidləri olan yerli sakinlərin dediyinə görə, sunamidən bir neçə gün əvvəldən bütün heyvanlar özlərini qəribə aparır və imkan tapan kimi materikin içərilərinə doğru kütləvi şəkildə miqrasiya edirmişlər. Lakin biz bundan nəinki nəticə çıxarmadıq, hətta bundan əvvəl və sonra baş verən nisbətən kiçikmiqyaslı təbii fəlakətləri belə saya salmadıq. Elə bildik ki, hər ölkədə bir Fövqəladə Hallar Nazirliyi yaratmaqla vəziyyətdən çixacağıq.
Təbii fəlakətlərdən söz düşmüşkən, son vaxtlar bir qeyri-təbii tendensiya da müşahidə olunur ki, təbii fəlakətlər əsasən müharibə gedən və digər formalarda çox qan tökülən ərazilərdə, insan hüquqları kobud pozulan ölkələrdə baş verir.
Hamımız bilirik ki, fəlakətin iki forması var- təbii və süni. Son vaxtlar süni fəlakətlər də baş verir. Özü də bunların bir çoxu elə yerlərdə baş verir ki, adam lap məəttəl qalır. Məsələn, hər il dünyanın müxtəlif ölkələrindən Səudiyyə Ərəbistanı, İraq, Fələstin və İrandakı ziyarətgahlara minlərlə ziyarətçi gəlir. Və bunlar da deyilənə görə, bu ziyarətgahlara dini ayinlər keçirmək, ibadət etmək və digər məqsədlərlə üz tuturlar.
Amma nədənsə hər il oralarda xeyli süni fəlakətlər baş verir və yüzlərlə adam tələf olur. Gah adamlar tuneldə qalıb boğulur, gah Şeytana daşatma (?) mərasimində xəsarət alıb ölür, gah basabasda ayaq altda qalıb canını tapşırır, gah nəqliyyat qəzasına düşür, gah da terrorçular tərəfindən qanına qəltan edilir. Bu kimi şeylər nədən həmin yerlərdə baş verir, bizi bəzi həqiqətlərdən agah etsən olmazmı??
Yaratdığın canlı növlərinin hardasa 40 faizi onlardan biri (insan) tərəfindən kökü kəsilərək məhv edilmişdir. Təkcə son yüzildə meşələrin 50 faizini qırıb çatıblar, hər il də daha 80 min kv.km. meşə sahəsi yoxa çıxır. Planetin ağciyərlərini artıq məhv etmək üzrədirlər, meşələr qırılıb qurtarır. Yeməli bitkiləri süni dərmanlarla genetik modifikasiyaya məruz qoyublar, ərzaq rasionu süni “qidalar” üzərində qurulub və nəticədə dəhşətli mutasiya başlayır insan genində! Artıq ağacsız şəhərlər meydana gəlir, bağları-parkları, yaşıllıqları qırıb yerində daş göydələnlər ucaldırlar Böyük Xaliq.
Dünya xalqlarının çoxu acından, evsizlikdən, çarəsizlikdən məhv olmaqda ikən, Şeytan əlaltılarının başında durduğu dövlətlər bəşəriyyətin sərvətlərini hərbi arsenala sərf edirlər. Sonra da faydasız beynəlxalq təşkilatlar yaradıb bəyan edirlər ki, bəs biz bəşəriyyətin xoşbəxtliyi naminə hər şeyi etməyə hazırıq.
Bir reaktiv təyyarənin qiymətinə minlərlə ev, bir sualtı atom gəmisinin xərcinə minlərlə məktəb, bir nüvə raketinin əvəzinə minlərlə xəstəxana tikmək olmazmı? Bir ölkənin 1 trilyon dollara çatmaqda olan, 100-dən artıq kasıb ölkənin ümumi büdcəsindən çox olan hərbi büdcəsini aclıqdan və susuzluqdan əzab çəkə-çəkə ölməkdə olan milyonlarla insanın xilasına yönəltmək olamazmı? Bu sualların cavabını sorsan bəşərin rəhbərlərindən Cənab Sahibi-Küll…