Əbədi döyüş meydanında orduların nəzərdən keçirilməsi
əvvəli burada
https://sesqazeti.az/news/articles/1218471.html
Şöhrətli və Qüdrətli Tanrım. Qeyri-rəsmi məlumatlara görə, hazırda Yer planetində Sənin və Şeytanın tərəfdarlarının say nisbəti təxminən 20/80 civarındadır. Indi bizim (20 faizin) Səndən yalnız bir xahişimiz var- Şeytana uduzulmuş bəşəriyyəti onun əlindən al. Bir az da geciksən, həmin 20 faiz də tamamilə məhv ediləcək. Düzdü, bu məğlubiyyətdə günahın çoxu bizim üzərimizdədir, amma Sən İlahi Baş Məşqçi kimi “komandanın” başında durduğundan bu ilahi məğlubiyyət də əsasən Sənin Adına yazılacaq. Yenə Özün bilən məsləhətdi. Biz nə karəyik ki?...
Səbrli Tanrım, hazırda Sənin və bizim planetimizdə dəhşətli döyüş gedir. Zərduşt Peyğəmbər düz deyirmiş- dünya binə olandan Xeyirlə şərin, Yaxşılıqla yamanlığın, Mərdliklə namərdliyin davası başlayıb. Bu savaş daha da qızışmaqda və Xeyir tərəf uduzmaqdadır.
Üz-üzə dayanmış iki ordu...
Bir tərəfdə Mənəviyyat- bir tərəfdə mənəviyyatsızlıq, bir tərəfdə Şərəf-Ləyaqət- bir tərəfdə şərəfsizlik və ləyaqətsizlik, bir tərəfdə Sevgi- bir tərəfdə nifrət, bir tərəfdə Haqq- bir tərəfdə haqsızlıq, bir tərəfdə Ədalət- bir tərəfdə ədalətsizlik, bir tərəfdə Mərdlik- bir tərəfdə namərdlik, bir tərəfdə Yaxşılıq- bir tərəfdə pislik, və nəhayət bir tərəfdə Sənin fədailərin- qarşı tərəfdə Şeytanın əsgərləri...
Siyahını sonsuzadək uzatmaq olar, amma artıq Sən də yorulubsan mən də... Gəl qurtaraq bu söhbəti. Bizə nə lazımdır? Heç nə və heç kim, Səndən başqa. Sənə nə lazımdır? Inam və Sevgi? Razıyıq!!! İnanmırsan daha bir Kitab, daha bir Elçi göndər və son dəfə yoxla! Bu dəfə də alınmasa, onda başla Qiyamət gününü! Qoy hər bir kəs cavab versin! Etdiklərinə və etmədiklərinə görə! Qoy hər bir kəs rəzil olsun, günahları qarşısında! Qoy hər bir kəs qürur duysun, savabları qarşısında. Sonrasa qoy hər kəs Sussun, Özün danış bəşəriyyət qarşısında! Dünya dağılsa belə, qoy ədalət zəfər çalsın!
…Sonra dağıt bu lənətə gəlmiş dünyanı, məhv et bu şeytana uymuş bəşəriyyəti. Ki, yenidən yaradasan! Bu dəfə daha gözəl, daha yüksək, daha möhtəşəm və Şeytansız!!! Yeni Dünyanın adı da qoy Gözəllik, Yeni İnsanın adı da qoy Sevgi olsun! Qəlblərində böyük və qırmızı hərflərlə Tanri yazılsın! Köhnə hər şeyi sil alt yaddaşından Yeni İnsanın!
Bir xatirə saxla yalnız- Qiyamət tarixini! Qoy ilahi sevgi və ilahi qorxu nümunəsi qalsın gen yaddaşında! Qoy bu tarix böyük sevginin böyük təntənəsi kimi əbədi yaşasın! Dünyanın mərkəzində də başı göylərə dirənən möhtəşəm bir İlahi Sevgi Məbədi ucalsın- Sənin Adın yazılsın üzərində!
Qoy bu dünyada torpaq və sərvət uğrunda savaş meydanlarına tökülən qan əvəzinə, çiçək tökülsün Sevgi Məbədi qarşısına, ədavət əvəzinə Sevgi yaransın qəlblərdə, şər əvəzinə Xeyir deyilsin dillərdə, haqsızlıq əvəzinə Haqq görünsün əməllərdə! Yalnız o zaman Ulu Zərdüştün "Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl" prinsipi qalib gələcək Yer üzündə! Biz bunu istəyirik Səndən, Sən də istə bizdən nə istərsən...
Uca Tanrım, bu məktubu Sənə tapınanlar adından, amma onlardan xəbərsiz yazdım! Bağışla və keç günahımdan Ey İlahi sevginin, təkrarolunmaz gözəlliyin və mütləq həqiqətin son aspekti. Ey məsumların yeganə sığınacağı, əbədi ruhi dünyaya böyük Tanrı sevgisi ilə apar bizi. Bu yeganə arzum və istəyimdir Səndən- insanların günahını Adamlara bağışla Mərhəmətli Yaradan.
Bu yazının adı əslində "Unudulmuş və Uduzulmuş Tanrı" qoyulmalıydı. Bu da mənim səhvimdir, çünki Sən bizi yox, əslində biz Səni unutmuş və uduzmuşuq! Amma Sənin bizə bəxş etdiyin bir keyfiyyət də var- Umid. Umid sonda ölur- deyirlər. Bu Umid ki ölməyib, deməli Son da hələ gəlməyib. Hələ də gec deyil! Hələ bütün körpülər yandırılmayıb, son körpüyə- Ümid körpüsünə yol açıqmış. Təkcə buna görə yaşamağa dəyər...
Qeyd: Sənə səsimi “Səs” qəzeti vasitəsilə çatdırmaq istədim. Ümid edirəm ki, Sənə çatar, yoxsa qulaqlara qurğuşun, Sənin yanında da bir-iki bürokrat məmur olsa, onda vay bu məktubun halına. (Bu da bir zarafat idi, bunca ağır faciələrin yazıldığı məktubun sonundakı sonuncu səhv olaraq.)
Öz günahkar fədaini sonadək ilahi səbrlə dinlədiyin üçün sonsuz təşəkkürlər Uca Tanrım!
S O N
Əbədi sevgi və sonsuz ehtiramla günahkar bəndən
Elcin Bayramlı