PDF Oxu

Köşə

  • 553

Günahkar analardır

image

Son dövrlərdə insanlar çəki artımından, yəni kökəlməkdən əziyyət çəkir. Bu, əvvəllər nə üçün belə deyildi? İllər öncə insanlar niyə kütləvi şəkildə kökəlmirdi, lakin indi bu, artıq qlobal problemə çevrilib.

Bunun müəyyən səbəbləri var. Məsələn, əvvəlki illərdə texnologiya inkişaf etməmişdi, insanlar daha çox özləri çalışırdı. Yəni paltar, qab-qaçağı maşınlar deyil, insan özü yuyurdu. Evi tozsoran deyil, insan özü süpürür, silir, təmizləyirdi. Hətta ətçəkən maşın da yox idi. Əti elektrik olmayan maşınlarda insanlar öz gücləri hesabına çəkir, sadaladığım hər bir işdə enerji sərf edirdi və bu da kökəlmənin qarşısını alırdı. İnternet yox idi, hər kəs evdən çox bayırda gün keçirirdi: gəzirdi, təmiz havada olurdu, oyunlar oynayırdı, kitab oxuyurdu.

Avtomobil də indiki qədər yox idi. Bu səbəbdən də insanlar piyada gəzmək kimi əlverişli imkandan istifadə edir, sağlam, həm də çəkisi yerində olurdu.

Bəs uşaqlar? Hansı ki, bu gün elə onların kökəlmə səbəbindən danışacağıq. Uşaqlar dərsdən sonra gün batanadək həyətdə o qədər oynayır, ora-bura qaçırdı ki, canları sağ, çəkiləri də yerində olurdu. Xüsusi rejimlə qurulan həyat onlara sağlamlığı töhfə edirdi. Valideyn indiki kimi onları məktəb çantasından əlavə yemək (bəslənmə) çantası ilə məktəbə göndərmirdi. Vur-tut uşağa 10-20 qəpik verərdi ki, bu da bir kökə, bir stəkan da çay edərdi.

Lakin indi necədir? İndi uşaqlar artıq həyət-bacada görünmür. Yeni texnologiyalar onları evə dustaq edib. Kompüter, smartfon telefonlar qarşısında onurğa sütunu əyilən, gözü zəifləyən uşaqlar gün ərzində bir saat belə hərəkət etmir, açıq havada olmurlar.

Səhər məktəbə gedəndə isə kaş ki, anaların onların məktəb çantasının yanına qoşduğu digər çantaya qoyduğu yeməkləri, kökələri görən ola. İş yerim məktəbə yaxındır, işə gəlib gedəndə də məktəbin qarşısında keçirəm. Anaların uşaqlarla söhbətini, onlara tapşırığını eşidirəm: filankəs, bax, çantana kökə bişirib qoymuşam, yanında o istədiyin yeməkdən də var. Meyvəni də yeməyi unutma... Və yaxud da uşağı məktəbdən götürən ananın “çantana qoyduqlarımı yemisən?”,- soruşmasının, uşağın isə “yox” deyərkən, ananın ona hirslənib “mən, bilirsən, saat neçədən qalxıb onları sənin üçün bişirmişəm?” deməklə yemədiyi üçün onu ittiham etdiyini də görmüşəm.

Dəfələrlə ana və uşaqlar arasında bu mövzuda söhbətin, tapşırığın şahidi olmuşam. Və belə bir qənaətə gəlirəm ki, bu gün uşaqların çəki artımının səbəbkarı analardır. O uşaqlar ki, bu çəki ilə də məktəbi bitirir və gənclik çağında artıq həm görünüşündən, həm də sağlamlıq cəhətdən əziyyət çəkir.

Deməli, bütün bunlar üçün analar günahkardır. Uşaqların həm evdən bayıra çıxmamasının, həm çox yeməyinin, həm də rejimdənkənar həyat tərzi keçirməsinin hər biri anaların səhlənkarlığı, uşağını “çox istəməsi” ilə bağlıdır. Lakin əslində bu, dərkedilməyən istəkdir. Dərk edilən şəkildə olsa, analar anlayar ki, birinci, uşaqların əlindən kompüter və telefon alınmalı, onlar bu kimi vasitələrdən müəyyən saat, dəqiqə ərzində istifadə etməlidir.

Analar anlamalıdır ki, uşaqlar nə qədər ki, evdə çox zaman keçirir, təmiz havaya çıxmır, oyunlar oynamır, bir o qədər sağlamlığını itirir, çəki alırlar. Onlar ən birinci əziyyət çəkib vaxt ayırıb onların küçəyə çıxmasını təmin etməlidir. Necə deyərlər, uşaqlar seriallara qurban verilməməlidir. İkincisi isə uşağa məktəbdə yeməsi üçün bir o qədər yemək qoymaq düzgün deyil. Çünki bu, onun rejimsiz bir həyat yaşamasına, harada, nə vaxt gəldi, yeməsinə səbəb olur. Odur ki, bunlara diqqət edilməli, uşağın sağlamlığı ön plana keçməlidir.

Belə bir nəticəyə gəlirəm ki, bu gün uşaq, yeniyetmə və gənclərin çəki probleminin təməli məktəblərdə qoyulur və bunun üçün günahkar analardır.

Unutmayaq ki, insan çox yeməklə deyil, az yeyib çox vitamin qəbul etməklə, bir də çox hərəkətlə sağlam ola bilər. Bunu əməlli-başlı dərk edək ki, uşaqların gələcək kompleksinə çevriləcək çəki artımına şərait yaratmayaq.

Mətanət Məmmədova

Digər xəbərlər