PDF Oxu

Köşə

  • 5

Radikalların başlıca məqsədləri daha çox qrant qoparmaqdır

Radikalların başlıca məqsədləri daha çox qrant qoparmaqdır

Arif Hacıyev:

Piketi mitinqə çevirmək gərək,
Küçə yürüşləri gərək çox görək,
O zaman Qərb verər bizlərə çörək,
Gərək iğtişaşdan düzəldək üsyan,
Yenə boss olacaq bizləri sayan,
Ölkədə bir bizik inqilab yayan.

Nurəddin Məmmədli:

Solçular nədənsə çox sağa qaçır,
Radikal sanki bir tısbağa qaçır,
İndi gənclər bizdən uzağa qaçır,
"Sizlərlə deyilik" edirlər bəyan.

Arif Hacıyev:

Xaric öyrədibdi çoxlu üsullar,
Burdan inqilaba qısadı yollar,
Ayaqlar altına atılır dollar,
Belə bir məqamda deyirlər dayan.

Nurəddin Məmmədli:

İsanın hər iki əli çirkdədi,
"Yurd" Əli elə bil adi sirkdədi,
Sıralar get-gedə seyrəlməkdədi,
Düzü, ürəyimə olubdu əyan.

Arif Hacıyev:

Bizlərin heç Qərb də dadına yetməz,
Nə kütlə, nə gənclər bizimlə getməz,
Əli boss pulundan imtina etməz,
Nə İsa deyildir qrantdan doyan.

Nurəddin Məmmədli:

Bossdan qrant umar min fəryadıyla,
Qərbi də çaşdırar qəfil xoduyla,
İnqilab, ya da ki, üsyan adıyla,
Əlidi, İsadı xarici sayan.

Arif Hacıyev:

Gərək biz heç yerə verməyək kürək,
Sükanı biz əldən-ələ ötürək,
Gərək hər məqamdan ibrət götürək,
Sonda az olacaq bizlərə qıyan.

Nurəddin Məmmədli:

Üsyanı gələcək bir-birlə keçir,
Kim ardınca getmir, sən zəhər içir,
İqtidar postunu ya ələ keçir,
Ya da məğlub olub, qanına boyan.

Arif Hacıyev:

Birə düşməkdədi artıq canına,
Arxalan Qərb kimi bir həyanına,
Kütləni, gəncləri çağır yanına,
Çox yuxuya getmə, radikal, oyan.

Nurəddin Məmmədli:

Radikal pis yerdə axşamlar yaman,
Canını qızdırmaz bir taya saman,
Sənin ziyanına işləyib zaman,
Əndərər başına iri qır tiyan.

Arif Hacıyev:

Ey radikal gənclər, batmayın yasa,
Qərbdən bizə qrant gətirər İsa,
Əgər bosslar bizə qida tapmasa,
Çöllərdən döşürüb yeyərdik biyan.
Nurəddin Məmmədli:

Bir zaman çox etdik camaata vəd,
Elə bu səbəbdən iş gətirdi bəd,
Heç vaxt biz vətənə etmədik xidmət,
Bizlər xalqımızdan görərik ziyan.

Arif Hacıyev:

Kütləvi aksiya bizi qaldırar,
Qeyri-fəal kütlə ruhu soldurar,
Bosslar cibimizə avro doldurar,
Bir xaric olacaq bizlərə həyan.

Nurəddin Məmmədli:

Qoşulmaqda bizə gənclər yaman ləng,
Son vaxtlar meydanda dəyişib ahəng,
Beş-üç piketvari mitinq keçirsək,
Ay İsa, ay Əli, batacaq mayan.

Arif Hacıyev:

Boss çıxır qarşıya duzlu-çörəkli,
Gənclər gərək olsun xeyli ürəkli,
Küçəyə axışsa kütlə sürəkli,
Sərtləşər yerində daşlaşan qayan.

Nurəddin Məmmədli:

Küçədə-meydanda cırılar yaxa,
Bos da qrantları saxlar sabaha,
Zaman xeyrimizə işləmir daha,
Ay Arif, sənin də çin olmaz röyan.

Arif Hacıyev:

Qaçmaq məqamında sallar göndərər,
Reytinqimiz üçün ballar göndərər,
Xaric bizim üçün dollar göndərər,
İçib küçələrdə olarıq piyan.

Nurəddin Məmmədli:

Amalsızlaşıbdı amallıq hissi,
Bizə kömək etməz kamallıq hissi,
Artıq çoxdan itib reallıq hissi,
Bir anlıq itərdi tərəzi-miyan.

Arif Hacıyev:

Duruş gətirməli çox qrant tıxan,
Bizə gənclər lazım talayan, yıxan,
Mübariz olmalı meydana çıxan,
Möhkəm dayanmalı əlində payan.

Nurəddin Məmmədli:

Qalıb ürəyində radikal qövrü,
Çoxunun bu günlər pozulub tövrü,
Arxada qalıbdı vəd vermək dövrü,
Üzündən tökülər yalanın, riyan.

Arif Hacıyev:

Bəyanat verməkdən ərzə şükürdü,
Yalançı molladan mirzə şükürdü,
Əfi bizdən qorxaq, gürzə şükürdü,
Bizim xislətimiz əqrəblər, çayan.

Nurəddin Məmmədli:

Beş-on mitinqçi var, deyirsiniz min,
Kütlə yardımına olmayın əmin,
Əlinin niyyəti heç vaxt olmaz çin,
İsanın məkrindən baş açmaz Kəyan.

Digər xəbərlər