Əli Məsimov:
İqtisadçı-ekspert qoydun adını,
Mənasız keçirdin öz həyatını,
Sən çox az dadmısan dollar dadını,
İqtisadçı kimi çatdım hədəfə,
Sənin kimisini qoymazlar rəfə,
Yaxşı ekspertəm səndən yüz dəfə.
Vahid Əhmədov:
Sənin tək deyiləm, malalanmışam,
Özümü kamil bir ekspert sanmışam,
Həmişə vaxtında cilalanmışam,
Çünki bənzərim var parlaq sədəfə.
Əli Məsimov:
Cavanam, sanma ki, çox qocalmışam,
Sənin kimisinə az alçalmışam,
Mən özüm vaxtilə çox ucalmışam,
Sən isə enmisən düzə yüz dəfə.
Vahid Əhmədov:
Dilin çox acıydı, deyildi şirin,
Kürsüdə sən özün biriydin tirin,
Müavini olanda mən baş nazirin,
Çoxunun əlində dönmüşdün dəfə.
Əli Məsimov:
Sənin pişiyin var, mənimsə itim,
Niyə unudursan bunu, ay yetim,
Mən də baş nazirin müavini idim,
Bəlkə də qəsd ilə yol verdin səhvə.
Vahid Əhmədov:
Əlinlə pozuldu qoyulan qayda,
Rəqs də eləmədin getdiyin toyda,
Bir həmkarına da vermədin fayda,
Mən liberallara çox verdim töhfə.
Əli Məsimov:
Özünü sən gəl az ora-bura dürt,
Az da iy götürüb divara üz sürt,
Mən partiya sədri, həm də ekspert,
Özünü ekspert tək apardın məhvə.
Vahid Əhmədov:
Partiyan lüzumsuz, başqasını seç,
Yuxarılar mənim, aşağıya keç,
Get sən çayxanada öz çayını iç,
Mənəsə lazımdı soyumuş qəhvə.
Əli Məsimov:
Nəsibim olmuşdu yuxarı postlar,
Səninsə dostların Herkel, Qrosslar,
Daim bağışladı səhvini dostlar,
O qədər cayıtdın, düşmədin əfvə.
Vahid Əhmədov:
Cəsarətin olsun, söylə düzünü,
Bir adam sevmədi adi sözünü,
Qalib hesab etdin çox vaxt özünü,
Məgər gəmilərin girmədi rifə?
Əli Məsimov:
"Klassiklər"in mən düzü olmuşam,
Cəbhənin ən duru gözü olmuşam,
Daim gerçəkliyin özü olmuşam,
Bir sən inanırsan yalançı mifə.
Vahid Əhmədov:
Əvvəl axıtmadın alın təri sən,
Öz bəd əməlindən utan, əri sən,
Bir-bir dığırladın cəbhələri sən,
"DİP"-inlə batmısan indi sən kifə.
Əli Məsimov:
Daxilində kamal olan ağılam,
Çətin ki, partlayam, ya da dağılam,
Həmişə mən ruhən olmuşam sağlam,
Sən isə xəstəsən, tutuldun tifə.
Vahid Əhmədov:
Keçmiş qüsurları yüklə zehninə,
Tənbeh etsələr də, alma eyninə,
Sən get hıqqıldayıb güc ver beyninə,
Mən isə oturub baxıram kefə.
Əli Məsimov:
Radikal bəylərə pay da aparaq,
Çox da düşünmədən süfrə yaparaq,
Hərəyə süzərək yüz əlli araq,
Vaxt varkən gəl indi içək şərəfə.
Vahid Əhmədov:
Allah partiyana eyləsin rəhmət,
Sən Mirmahmud bəydən alanda töhmət,
Əlbəttə, mən özüm çəkirdim zəhmət,
"Klassik" olanda yapışdın müfə.
Əli Məsimov:
Girmək istəməsən ifrat tabağa,
Eşitsəm düşübsən məndən qabağa,
İşinə qoyaram veto, qadağa,
Sənin ofisinə qoyaram nüvə.
Vahid Əhmədov:
Özümü apardım əzmkar, mətin,
Sənin vəziyyətin oldu çox çətin,
Müxalifətdə heç bir iş görmədin,
Çevir sifətini, yeri get evə.
Əli Məsimov:
Evimdə də düşüm-pişim yaxşıdı,
Qrantçün iştaha dişim yaxşıdı,
Hələ mənim "DİP"-də işim yaxşıdı,
Sənin baş-beynini yeyibdi güvə.
Vahid Əhmədov:
Sənin adın kimi qəlb yaram da var,
Cibimdə müvafiq pul-param da var,
Atım-inəyim də, mal-qaram da var,
Çatmır həyətimdə zürafə, dəvə.
Əli Məsimov:
O tində-bu tində sən get çıtla tum,
Çox ola bilər ki, vurdum-uçurdum,
Bəlkə mən kütlənin önündə durdum,
Mitinq keçirməkçün çatıb ərəfə.
Vahid Əhmədov:
Nəhayət, ilişdin, ay yazıq, tora,
Bilirdim nə vaxtsa enəcək gora,
Əsla gecikdirmə, hellən çuxura,
Səni mədh edərəm mən "sevə-sevə".