PDF Oxu

Köşə

  • 5

Hüquq müdafiəçisi "Ümid" sədrinin hədəfində

Hüquq müdafiəçisi "Ümid" sədrinin hədəfində

İqbal Ağazadə:

Alnının üstündə qoydurub kəkil,
Adını şişirdib qoysan da vəkil,
Müdafiəmi sən etmədin təşkil,
Payızda- 2003-cü ildə,
Polislər də məni döyəndə çöldə,
Etiraz etmədin sən, hətta dildə.

Çingiz Qənizadə:

Bizi hesab edib, gicbəsər, qoyun,
Qərbdəki bosslara çox əydin boyun,
Oynadın gedişi mürəkkəb oyun,
Doyunca yataraq adi mənzildə.

İqbal Ağazadə:

Sənin qibləgahın olubdu urus,
Yalan söyləyirsən, yaxşı olar, sus,
Qoyun oğrusuna siyasi məhbus,
Özün demədinmi bu gəlhagəldə?

Çingiz Qənizadə:

Polisin adamı pusanını de,
Yaxud zalımını, insanını de,
Səni döyənlərin ünvanını de,
Özün də xatircəm ofisə gəl də.

İqbal Ağazadə:

Özünü vəkil tək yaman öyürsən,
Qərbdə eşidilər səsin, böyürsən,
Hüquq müdafiə etdin deyirsən,
İngilis bayrağı etmisən əldə.

Çingiz Qənizadə:

Qışqırsam, səsimi eşidər Ələt,
Sən isə həmişə etmisən qələt,
Qüvvəm müdafiə, hüquq, ədalət,
Məndə olan gücü görməzsən kəldə.

İqbal Ağazadə:

Mauzerin sınıb, paslanıb koltun,
Çoxdan eşitmirsən sınıbdı pultun,
İmkanın daralıb, gəlmir gurultun,
Artıq boğulubsan mənim tək seldə.

Çingiz Qənizadə:

Dediyim bu hikmət səninçün deyil,
Sən get bosslarının önündə əyil,
Verib hamısına siyasi meyil,
Bütün məhbusları gəzdirdim beldə.

İqbal Ağazadə:

Sənə yaxın düşməz mən tək doğrular,
Bədxah əməlinlə çoxu doğrular,
Sənin köməyini görüb oğrular,
Oğurluq edərlər Muğanda, Mildə.

Çingiz Qənizadə:

Qartalçün yolladım, bayquş gətirdin,
İşləyib mən qəpik-quruş gətirdim,
Mənəm ki, dözərək duruş gətirdim,
Bu cür ağırlığa dözmədi fil də.

İqbal Ağazadə:

İstərdin olasan güclü baş klan,
Bu yöndə cızmısan onlara plan,
Sənin dəstəyinin əsası yalan,
İstərəm olasan sən piltə-piltə.
Çingiz Qənizadə:

Boynunun talisman böcəyi sındı,
Bir özək yaratdın özəyi sındı,
Belinə vuranda dəstəyi sındı,
Cəsarət görmədim naşükür beldə.

İqbal Ağazadə:

Bossun tərəfindən bağlanıb dəhnə,
Pul verməmək üçün tapıb bəhanə,
Mənim meydanımdı siyasi səhnə,
Vəkil nə gözləllik görəcək güldə?!

Çingiz Qənizadə:

Az törət meydanda sən cinayəti,
Get, sən özünə tap başqa sənəti,
İqbal, vaxtında at, gəl siyasəti,
Öldür marağını avro-bülbüldə.

İqbal Ağazadə:

Səndən məhbuslar da artıq əl çəkib,
Çətin ki, polislər eyləsin təqib,
Şübhəsiz, sən mənə deyilsən rəqib,
Heç kəs rəqib görməz sənin tək şildə.

Çingiz Qənizadə:

Göyəmin yaxşısı çatar çaqqala,
Sənin bənzərin var xalis naqqala,
Kərpic düzəltməkçün palçıq tapdala,
Ya da istəyincə çabala gildə.

İqbal Ağazadə:

Yal qazanmaq üçün hürdüyün məhbus,
Eşqilə qovğaya girdiyin məhbus,
Bir vaxt sənin dəstək verdiyin məhbus,
Təqsirli biləcək səni qətldə.

Çingiz Qənizadə:

Dollar, avro verən bossların tanış,
Səndən hörmətlidi ölkədə Xanış,
Sənə inanmayan kütlələr, danış,
Nə vaxt görəcəkdir səni tətildə?

İqbal Ağazadə:

İşləyə bilməzsən İsa, Əliylə,
Xeyli oxşarın var sənin dəliylə,
Səni boğazından məhbus əliylə,
İstərdim asılan görəm naqildə.

Çingiz Qənizadə:

A yazıq, özünü vermisən yelə,
Həm urcah olmusan ümidsiz selə,
Sən bir işə bax ki, məhbuslar belə,
Şirinlik tapdılar mən tək aqildə.

İqbal Ağazadə:

Məni rəqiblərin götürmür gözü,
Rəqiblər önünə çəkməkdə közü,
Rusun satiriki Qoqolun özü,
Tənqid eləyibdi səni "Şinel"də.

Çingiz Qənizadə:

Olmuşdun daimi marıqda yatan,
Həmkar qurumları bosslara satan,
Səni siyasətdən çirkaba atan,
Pis ad çıxarmısan fitnədə-feldə.

Digər xəbərlər