Fazil Mustafa:
Yaşamaq Cəbhənin artıq bəsidi,
Mövcudluq onların tam qüvvəsidi,
BQP cəbhənin törəməsidi.
Əli də, Qüdrət də qoyub tələsin,
Çox fikir verməyin, qoyun mələsin,
Təxirə salmadan bizə tələsin!
Fəzail İbrahimli:
Həm bizi, özünü sən gəl az aldat,
Budur məsləhətim, az günaha bat,
Tələsik özünün BQP-ni at,
VHP üstünə işıq ələsin.
Fazil Mustafa:
Sizlərdə didişmə çıxıbdı dizə,
Dərhal siz müraciət eləyin bizə,
Bizim uşaqlara deyərəm, sizə
Vaxtında mükəmməl kömək eləsin.
Fəzail İbrahimli:
Seçə bilmirsiniz saçaqdan tükü,
Deyirsiniz keçsin vaxt, zaman təki,
"Yurd"dan qaynaqlanıb BQP kökü,
Tarix də görməyib heç vaxt beləsin.
Fazil Mustafa:
Bir sümük qaldınız, bircə də dəri,
Heç vaxt olmadınız siz üzübəri,
Gedin sədrinizə deyin ötəri,
Tökməsin bihudə gözün giləsin.
Fəzail İbrahimli:
Üzün tutqunlaşıb sıx bulud kimi,
Məhsulun bol olsun qara tut kimi,
Sənin keçmiş sədrin Mirmahmud kimi,
Otur kölgəsində qoca vələsin.
Fazil Mustafa:
Məhsulsuz yad toxum VHP əgər,
Bundan da partiya altını çəkər,
Sən qəfil huşunu itirsən əgər,
Üzünə Sabir bəy saf su çiləsin.
Fəzail İbrahimli:
Sizdə bir deputat, qurumda çat var,
Reytinqimiz yüksək, bizdə blat var,
Bizim partiyadan üç deputat var,
BQP deputat etdi kələsin.
Fazil Mustafa:
Cəbhəyə dov gəldim mən öz cəngimlə,
Ad da qazanmışam bomboz rəngimlə,
Gəzərəm küçədə mən pələngimlə,
Bulvara çıxarsın Sabir dələsin.
Fəzail İbrahimli:
Siz loyal, biz isə radikal bəyik,
Daim desəniz də əskikik, səyik,
Sizlərə baxanda biz zirvədəyik,
Qoy sədrin bizlərə uğur diləsin.
Fazil Mustafa:
Sədriniz meydanda yaxşı yanmayıb,
Siyasət nədirsə onu qanmayıb,
Boss da qızılına qızırqanmayıb,
Göndərər çanaqda bizə siləsin.
Fəzail İbrahimli:
Bizlərdən geriyə qalmaqdasız siz,
Sabir bəy asfalta qoymaqdadı diz,
Üç mandat deyəndə, sözsüz, sədriniz,
Töküb üstümüzə köçün-köləsin.
Fazil Mustafa:
Mənən qidalandıq dostun pulundan,
Piketə sərf etdik hər üsulundan,
Biz kabab yeyərik bossun pulundan,
Yeyər VHP-çi milli şiləsin.
Fəzail İbrahimli:
BQP bossundan almadı nabat,
Yardım etmədilər mənə də babat,
Nə Əli, nə İsa göstərdi səbat,
Çətinə düşəndə atdı şələsin.
Fazil Mustafa:
Get-gedə tükənir Sabir nəfəsi,
Artıq tükənməkdə onun həvəsi,
Keçərli deyilsə Məclisdə səsi,
Qoy üç mandatını möhkəm bələsin.
Fəzail İbrahimli:
Yeni məşğuliyyət tapdığı üçün,
Aktiv biznesmenlik yapdığı üçün,
Radikal mövqedən sapdığı üçün,
Dedilər ki, Fazil rezin iyləsin.
Fazil Mustafa:
Çat var VHP-də, nəhs çatlar kimi,
BQP işləyib cins atlar kimi,
Başımız işləyir saatlar kimi,
Zəif başlıları tapıb piyləsin.
Fəzail İbrahimli:
Biz işi qurmuruq adi mandatla,
Qururuq çağırış, ya bəyanatla,
Həm də öyünürük üç deputatla,
Fazil tətbiq etsin bossa hiyləsin.
Fazil Mustafa:
Əgər öz başıdı, bir də öz əli,
Sədrinə gəlsə də xeyli məzəli,
Atsın bir kənara şeri-qəzəli,
Gedib Yardımlıda qoyun teyləsin.
Fəzail İbrahimli:
Xaricə demə ki, a boss, gövhər ver,
Mitinqi, piketi sən birtəhər ver,
Əfi ilanına sən get zəhər ver,
Qol qoy əməlinə adi kələzin.
Fazil Mustafa:
Qrant arzusuna çatıbsa Sabir,
Fillər qulağında yatıbsa Sabir,
Siyasət daşını atıbsa Sabir,
Ağzına ney alsın, tez-tez piləsin.
Fəzail İbrahimli:
Pislədi yüz dəfə, yanaraq səni,
Xeyli hədələyib, danaraq səni,
Sabir bəy, söylədi anaraq səni,
Fazil bəy itirib yönün, qibləsin.