Qüdrət Həsənquliyev:
Nəhayət, arzuya-niyyətə çatdıq,
Dikəlib Məclisdə, hətta söz atdıq,
"İslahat" adlı bir blok yaratdıq,
İndi yüksəkdəyik başqalarından,
Düşsünlər aşağı taçkalarından,
Bayıra çıxsınlar toçkalarından.
İlyas İsmayılov:
Çoxusu postunun üstə qocalır,
Beləsi iflasa doğru "ucalır",
Bizə qoşulmayan kəslər ki, qalır,
Möhkəm yapışsınlar şotkalarından.
Qüdrət Həsənquliyev:
Qalıb bəzisinin yolları yarı,
Kəsib önlərini keçilməz barı,
Sonradan bizlərə qoşulanları,
Fazil vuracaqdır qaşqalarından.
İlyas İsmayılov:
Deyəcək üsullu hər üzə rəqib,
Gəzirik udmağa biz təzə rəqib,
Məclisdə müxalif yox bizə rəqib,
Kif qoxu gəlməkdə boçkalarından.
Qüdrət Həsənquliyev:
Bizim "İslahat"da sayımız üçsə,
Bu üçlük qəlblərə müvafiq gücsə,
Kim qurub-yaratmaq eşqinə düşsə,
Sözsüz, yaralanar nojkalarından.
İlyas İsmayılov:
Yolumuzdan kənar yerdə bitsələr,
Bizim közümüzdən tamam itsələr,
Başqa bir bloka doğru getsələr,
Qrant axmayacaq lojkalarından.
Qüdrət Həsənquliyev:
Süqut deyib bir mayallaq aşsalar,
Çaşıb, biz tərəfə şallaq atsalar,
"İslahata" qoşa şıllaq atsalar,
İstefa gələcək "çuşka"larından.
İlyas İsmayılov:
Bacarmayan gərək meydanı ata...
Qulluq göstərsələr inəyə, ata,
Qəfil qurşansalar təsərrüfata,
Özləri bezəcək çoşkalarından.
Qüdrət Həsənquliyev:
Bizə qoşulanlar yeyəcək kabab,
Çəksələr üzlərə qapalı niqab,
Dərhal alacaqlar təsirli cavab,
Kimlərə bassalar paçkalarından.
İlyas İsmayılov:
Bizlərdən çox uzaq dinsiz bütçülər,
Uğursuzluq dadıb çoxu kiçilər,
"İslahat" meyilli internetçilər,
Məhrum ediləcək ruçkalarından.
Qüdrət Həsənquliyev:
Radikallar meydanlarda çırpışar,
Don Kixotlar dəyirmanla çarpışar,
Bizə inanmayan gedib yapışar,
Qorbaçov adlanan Mişkalarından.
İlyas İsmayılov:
Qərb cənnətindədi qanından keçən,
Aksiyalar üçün canından keçən,
"İslahat" bulağın suyunu içən,
Baxar Eyfellərin vışkalarından.
Qüdrət Həsənquliyev:
Sərdarın önündən lap cücə qaçdın,
Gündüzmü, yoxsa ki, zil gecə qaçdın?
Rəsul önə çıxdı, sən necə qaçdın?
Danış "SİDSUH"-dakı hoqqalarından.
İlyas İsmayılov:
Mirmahmudla Əli uydular şərə,
Onlardan sonra da sən döndün şirə,
Cəbhəni bölərək bir neçə yerə,
VAXCP qurdun şaqqalarından.
Qüdrət Həsənquliyev:
İlk dəfə demişdin Rəsulu ötüm,
Dedin ki, paytaxtda yüksələr bütüm,
Gəlmədi xoşuna nə xəşəm, kütüm,
Yapışdın yöndəmsiz naqqalarından.
İlyas İsmayılov:
Səndən uzaq düşdü gödənlər bir-bir,
Sərf etmir özünə ötənlər bir-bir,
Cəbhəni tərk edib gedənlər bir-bir,
Yapışdı dördəlli toqqalarından.
Qüdrət Həsənquliyev:
Hollunu böyütdün, holl verməməklə,
Üzvləri ac qoydun, bol verməməklə,
Təzyiq göstərirdin pul verməməklə,
Sərdar baş açmadı sönük xorundan.
İlyas İsmayılov:
Özünə bir Cəbhə qurur hər yetən,
Qalanlar görünmür, itibdi itən,
Sənin həmkarların həya etmədən,
Özün tək fırt edib düşdü burundan.
Qüdrət Həsənquliyev:
Çox kül üfürmüsən gözə qoğ ilə,
Oturub-durardın ancaq tox ilə,
Keçmişdə baş kəsdin yun, pambıq ilə,
Maşallah, kəsirin yoxdu qarından.
İlyas İsmayılov:
Qrant intizarlı boss forundasan,
Bütövlük dediyin dar gorundasan,
Məhbus hörümçək tək öz torundasan,
"İslahat" keçməzdi uca barından.
Qüdrət Həsənquliyev:
Boss qrant verəndə, guya qapmadın,
O yer qalmadı ki, çalıb-çapmadın,
On illər sərfəli bir yer tapmadın,
Deşiklərlə dolu mənzil-borundan.
İlyas İsmayılov:
Hələ ki, tapılmır qapı açanın,
Qonağı kəsilib qapı-bacanın,
Cəbhədən ayrılıb kənar qaçanın,
Çoxu zəhərləndi sənin şorundan.