PDF Oxu

Köşə

  • 13

Müxalifət deputatları öz aralarında dil tapa bilmir

Müxalifət deputatları öz aralarında dil tapa bilmir

Fərəc Quliyev:

Böyükdü Cəbhədə nüfuzum, yəqin,
Sədriydim, xəbərin olmamış sənin,
Mərkəzi İcraiyyə Komitəsinin.
Sən o tərəfəsən, üzübəri yox,
İşindən heç kimin bir xəbəri yox,
Mənim "MDH"-in bərabəri yox.

Əli Məsimov:

Heç zaman dəymədi oxun hədəfə,
Tutsan da üst-başı tamam sədəfə,
Həmişə meyl etdin mənfi tərəfə,
Müsbətə meylinin heç qədəri yox.

Fərəc Quliyev:

Ağzını açanda tutuldu dillər,
Gözünə sancıldı közərmiş millər,
Cəbhədə vurnuxdun sən uzun illər,
Sözünün möhkəmcə bir sipəri yox.

Əli Məsimov:

Yaman bağlı qalıb dükan-bazarın,
Daim iflas oldu meylin, güzarın,
Aşıb "MDH"-də dərdin-azarın,
Qara lələsinin dərd-kədəri yox.

Fərəc Quliyev:

Cəbhə yollarında çox axdı tərim,
Məni qoymadınız bol məhsul dərim,
Çıxıbdı yadından gəlhagəllərim,
Sənin kimisinə bir xətəri yox.

Əli Məsimov:

O zaman nə yedin, geriyə qusdun,
Çox tin-bucaqlardan bizləri pusdun,
Bir zaman baş-gözü tüklü məhbusdun,
O, bığ-saqqalının bir bərbəri yox.

Fərəc Quliyev:

Qurumda bir səndin zibil qaynadan,
Baş nazir postunda yatdın, ay nadan,
Çox olub Cəbhədə meymun oynadan,
Səndən azca fərqli bir əntəri yox.

Əli Məsimov:

Xaric nə verdisə, bəyənib, aldın,
Sənin kimisinə qələbə çaldıq,
Birtəhər biz tükdən asılı qaldıq,
Arada sizlərdən heç betəri yox.

Fərəc Quliyev:

Cəbhəyə siz pərçim etdiniz şəri,
Abad etmədiniz sizlər heç yeri,
Sizin fəaliyyət oldu ötəri,
Mənə ciddi yanaş sən, ötəri yox.

Əli Məsimov:

Daim cinayətdə çəkildi adın,
Bir müddət türmədə keçdi həyatın,
Özün müəllifi fitnə-fəsadı,
Sən özünü qına, o Qədəri yox.

Fərəc Quliyev:

Olmadın, olmazsan sən mənim tayım,
Çətin ki, mən səni rəqibim sayım,
Danışdın boğazdan yuxarı daim,
Ancaq sözlərinin bir kəsəri yox.

Əli Məsimov:

Gənclər istisinə yenə qızındıq,
Sərf etməyən anda xidməti dandıq,
Son vaxtlar meydanda uğur qazandıq,
Sənin kimisinin bir xəbəri yox.

Fərəc Quliyev:

Məzlumluğunuzdu ürək ağrıdan,
Ümid gözləmisiz daim ağırdan,
Bir şey də çıxmadı çığır-bağırdan,
Bossların sizlərə bir nəzəri yox.

Əli Məsimov:

Bir gənc yanaşmadı, nədən, dərzinə?
Kütlələr çıxmadı heç də ərzinə,
Bir alternativ yox yaşam tərzinə,
Altı, böyürü var, heç üzəri yox.

Fərəc Quliyev:

Olurdun sən adi bir əmlik quzu,
Elə ki, görürdün xarici tuzu,
Heç zaman görmədim sözündə duzu,
Nə boss xörəyinin bir bibəri yox.

Əli Məsimov:

Culaşdın "MDH" güruhla,
Bu faktor gəlibdi sənə çox baha,
Özünü sayma sən siyasi düha,
Sənə çox oxşayan bir mehtəri yox.

Fərəc Quliyev:

Sizlər boss görəndə, üstünə cumun,
Doğru danışanın ağzını yumun,
Sırasında adın olan qurumun,
Nə dəfrətxanası, nə dəftəri yox.

Əli Məsimov:

Başına su töküb sən məni tanı,
Yaxınlaşmaqdadı xoruzun banı,
Sən döyüb gözünü, cırma yaxanı,
O yol nə yoldusa, bir bəşəri yox.

Fərəc Quliyev:

İnanma, mən sənin önündə sınam,
Məcburam etdiyin xidməti danam,
Səndə yoxdu əsla özünə inam,
Gəminin tutarlı bir lövbəri yox.

Əli Məsimov:

Dəyişə bilərdin silkə, okeanı,
Nəzarətindədi bölgə okeanı,
Məftun eyləmisən bəlkə okeanı,
Əldə etməmisən bir Xəzəri, yox.

Fərəc Quliyev:

Durur bostanımda sənin yad daşın,
Gəl şərdən-xatadan təmizlən, aşın,
Bərpa olunmayıb hələ yaddaşın,
Əsla, sevməmisən sən əzbəri, yox.

Əli Məsimov:

Maska sifətlərə boyaq məndədi,
Əlin az gətirir, ayaq məndədi,
Sözsüz ki, ən möhkəm dayaq məndədi,
Sənin "MDH"-nin heç məhvəri yox.

Digər xəbərlər