İndinin uşaqları necə "internet manyakına" çevrilir?
Bir gün bir nəfər şəxs məşhur pedaqoq Uşinskinin yanına məsləhətə gəlir. Deyir ki, bəs "övladım düz bir həftədir ki, dünyaya gəlib, onun gələcək tərbiyəsi ilə bağlı elə indidən sizdən məsləhət almaq istəyirəm". Uşinski qayıdır ki, "siz uşağınızın tərbiyəsi ilə bağlı düz bir həftə gecikmisiniz. Çünki uşağın tərbiyəsi bələkdən başlayır".
Bu yazını yazanda yadıma həm bu hikmətli nəsihət, həm də sovet dövrünün son illərinə təsadüf edən məktəb illərimiz düşdü. Bir az nostalji hissi kimi çıxmasın, nə gözəl məktəb vaxtlarımız vardı. Müəllim şagirdin gözündə necə də müqəddəs və ali qüvvə kimi canlanırdı. Yadıma gəlir, biz ikinci sinifdə oxuyanda, müəllimimizin sinifdən kənarda müəllimlərlə danışmasına, deyib-gülməsinə, kiminləsə yolda-izdə hal-əhval tutmasına belə çox böyük təəccüblə baxardıq. O dərəcədə qeyri-adi, əlçatmaz insan kimi görünürdü bizə müəllim. Elə bilməyin ki, mən də kommunizmin-filanın xiffətini çəkirəm. Qətiyyən! (Fridrix Engelslə Karl Marksın hazırladığı gül kimi sosialist kommunizmi nəzəriyyəsini Vladimir İliç Lenin yarımfeodal Rusiyada siyasi hakimiyyətin qurbanına çevirib tarixin zibilliyinə atdı.)
Doğrudan da, əsil müəllim və şagird münasibətlərinin qızıl dövrü idi o vaxt. Təlim-tədris prosesi pedaqoji sistemin qanunları əsasında qurulmuşdu. Nizam-intizama isə söz ola bilməzdi. Düzdür, bir çox pedaqoqlar və ekspertlər sovet pedaqoji sistemini sərtlikdə günahlandırırlar. Ola bilər ki, o sistemin də bir sıra çatışmazlıqları mövcud idi. Amma gəlin nəzərə alaq ki, hazırda Avropanın və ABŞ-ın hazırkı məktəb idarəetmə sistemi də sərtlikləri ilə seçilir. Sözsüz ki, bütün bunlar yeni insan nəslinin daha savadlı, daha mükəmməl şəxsiyyət kimi yetişdirilməsinə görədir. İndiki nəslin əsas məşğuliyyətinə çevrilən internet sistemi, bir çox hallarda, uşaqların psixologiyasına, dünyagörüşünə çox ciddi zərbə vuran amilə çevrilib. Niyə? Çünki nəzarətsiz uşaqlar və heç bir məhdudiyyət qoyulmayan internet proqramları. Bizdə uşaqların internetdən istifadə etmələri üçün bir nizamlama sistemi varmı? Qətiyyən. İndi tam əminliklə demək olar ki, ölkədə uşaqların internetdən istifadələri xaotik bir şəkil alıb. Hazırda müəllimlərlə valideynlərin uşaqlara ictimai nəzarət imkanlarından heç söhbət belə gedə bilməz. Onsuz da məktəbdə uşaqlara nəzarəti itirən müəllimlərlə evdə öz uşaqları üzərində ata-analıq sözü keçməyən valideynlər arasında heç bir əlaqə də yoxdur. Niyə? Çünki bu, bir faktdır ki, az məvacib alan bəzi müəllimlər sosial durum ucbatından bir sıra hallarda şagirdlərin ciblərinə "boylanırlar", onların təlim-tərbiyə məsələləri, dərsə davamiyyətləri, məktəbdən sonra nə işlə məşğul olmaları müəllimləri maraqlandırmır. Bəs valideyn? O, heç bunu eyninə də almır. Bu, çox təhlükəli və dəhşətli haldır.
İndi müəllimlərlə şagirdlər arasındakı münasibətlər də tam başqadır. Əlbəttə, deyə bilərsiniz ki, zaman o zaman deyil, indi kompüter və internet dövrüdür. İndiki uşaqların psixologiyası tam başqadır. Onların düşüncəsi də o zamankı uşaqların dünyagörüşü və həyata baxışı baxımından da tam fərqlənir. Amma nə yazıq ki, bir çox hallarda bu fərq müsbət deyil, mənfi cəhətləri ilə daha çox fərqlənir. İstər şagirdlərin tərbiyəsində olsun, istər dərs oxumalarında, ən əsası isə tərbiyə prosesində. İnternet və kompüter sistemi, ilk növbədə, insanların daha çox informasiyaya sahib olmaları üçündür, daha geniş biliyə malik olmaları üçün yaradılıb. Amma bizdə bundan tamam başqa məqsədlər üçün istifadə olunur. "İnternet klublar" kimi məşhurlaşan yerlərdə təəssüf ki, uşaqlar arzuolunmaz işlər üçün istifadə edirlər. Niyə? Çünki bu uşaqların internetdən düzgün istifadə olunması üçün bir təlimat və ya həmin internet klubların sahibləri tərəfindən qaydalar qoyulurmu? Yox. Nəzarətsiz internet baş alıb gedir. Avropalıların heç vaxt öz uşaqlarına baxmağa icazə vermədikləri kriminal-cinayət xarakterli filmlərdən tutmuş parnoqrafik "seanslara" qədər ən əcaib süjetlər uşaqlar üçün açıq şəkildə hər bir internet-klubda nümayiş olunur. Təsəvvür edin, gecə saat 2-3-dür, uşaq hələ də evə gəlməyərək, internet klubda "vacib filmələrə" baxır. Məktəb və valideyn nəzarətində olmayan uşaq, artıq tam mənada, "internet manyakına" çevrilir. Hamının gözü qarşısında. Bununla da bütün bir gələcək nəslin göz görə-görə məhv olması prosesi gedir.