Pənah Hüseynov:
Gənclərə köməyə daim hazıram,
Detektiv mövzulu təməl qazıram,
Gənclər manifesti indi yazıram,
Önümdə çox geniş açılıb yollar,
Pulları Steynar Gil mənə yollar,
Norveçdən gələcək on beş min dollar.
Əvəz Temirxan:
Detektiv xülyada azaram özüm,
Pənah kimisinə azaram özüm,
Elə bir əsəri yazaram özüm,
Mənə çatacaqdır xarici pullar.
Pənah Hüseynov:
Zəhmli xəyallara daldıran zaman,
Əsərim gəncləri qaldıran zaman,
Xaric ciblərimi dolduran zaman,
Hər yandan meydana yığışar qullar.
Əvəz Temirxan:
Mənim qələmimdə daha çox kəsər,
Əmrimlə çoxları o kəsdən küsər,
Özüm Pənahdan tez yazanda əsər,
Ayağım altına atılar çullar.
Pənah Hüseynov:
Günün yarısını o şəxs olur dəm,
Lalə ürəyinə salıbdı vərəm,
Onu bir andaca sarar vahiməm,
Əvəz Temirxanı kənara tullar.
Əvəz Temirxan:
Başının üstündə heç Allahı yox,
Onun ciblərində beşcə şahı yox,
Pənahın adi bir qərargahı yox,
Olardı mənzilim ofislər, hollar.
Pənah Hüseynov:
Lalənin şagirdi qoy xəstə çıxsın,
Cibindən üç badam, beş püstə çıxsın,
Kədərdən qoy özü su üstə çıxsın,
O, Əvəzin başı, o, axan Şollar.
Əvəz Temirxan:
Bizə də köməyi alman, rus edər,
Rəqibə nə etsə, bir məcus edər,
Steynar Pənahı çox məyus edər,
Norveçdən bizlərə axışar mallar.
Pənah Hüseynov:
Zəif bədən üzvü onun başıdı,
Bu baş ət-qan deyil, əsil kaşıdı,
Siyasi meydanda Əvəz naşıdı,
İşimdən baş açmaz siyasi kallar.
Əvəz Temirxan:
Mənim saxladığım maşından düşər,
Nisgili gözünün yaşından düşər,
Tezliklə papağı başından düşər,
Pənah bəy başına bağlayar şallar.
Pənah Hüseynov:
Əvəz önə çıxmaz heç bir əsasla,
Son anda üzləşər kədərlə, yasla,
İçində detektiv görünməz, əsla,
Gənclər kitabını başına nallar.
Əvəz Temirxan:
Pənah ideyası nəhəng bir gillik,
Yaxşılıqdan uzaq məhsulsuz lillik,
Əsil detektivi biz yaza billik,
Yaxşı kitab yazmaz Pənah tək çallar.
Pənah Hüseynov:
Az hörmət edilir indi sabiqə,
Xaricin meyli çox mən tək sadiqə,
Keçirilsə idi bir müsabiqə,
Mənim hesabıma yazılır xallar.
Əvəz Temirxan:
Səsin batmaqdadı pilə ha, pilə,
Uğursuzluq səni salıb nisgilə,
Səsimiz də bəmdən qalxardı zilə,
Az ulasa idi bir az çaqqallar.
Pənah Hüseynov:
Özüm sussam belə, uğur danışır,
Əvəz yox, arxada bir xor danışır,
Lalə susub, Əvəz çox gur danışır,
Ortaya düşübdü indi naqallar.
Əvəz Temirxan:
Rəsmi qeyd edirəm özüm bir daha,
O adamın işi qalır Allaha,
Düzü, qibtə etmir bu gün Pənaha,
Nə tacir-tüccarlar, nə də baqallar.
Pənah Hüseynov:
Lalə də liberal pənahındadı,
Müavin biədəb günahındadı,
Əvəz ağbirçəklər cinahındadı,
Xeyli qabaqdadır biz ağsaqallar.
Əvəz Temirxan:
Kənara atmaqda daşını artıq,
Çapıbdı gözünün qaşını artıq,
Pənah da itirib başını artıq,
Yenə təkrarlanır lüzumsuz hallar.
Pənah Hüseynov:
Guya o, detektiv bir əsər yazıb,
Təəssüf, özünə dar məzar qazıb,
Son günlər Əvəz də yolunu azıb,
Liberal durumda boşalıb dallar.
Əvəz Temirxan:
Onun maşınının partlayıb şini,
Pənahın qəlbində artıbdı kini,
Gənclər doğrultmadı heç ümidini,
Onu qınayırlar həm sağlar, sollar.
Pənah Hüseynov:
Lalə "MBH"-də üzündə pərdə,
Nahamvar başı da həm opal girdə,
Əvəz gizlənsə də dalda bir yerdə,
Onun qulağını gizlətməz kollar.
Əvəz Temirxan:
Bu yerə yığışar ağzını buran,
Burda sən görərsən azan, quduran,
Radikal cinahda yerindən duran,
Əlinə keçəni Pənaha zollar.