Əhməd Oruc:
Mən Əhməd Orucla Vüqar Bəyturan,
Sabahdan olarıq "DUİ"-ni quran,
Gəlsin bu quruma yerindən duran,
Bizim sözümüzə göstərsə inam,
Mirmahmud bəyə də verərik imkan,
Üzv qəbul edərik, gələrsə haçan.
Mirmahmud Fəttayev:
Siz gəlib quruma dolan zamanlar,
Yanımda saralıb solan zamanlar,
Mən "DUİ"-də rəhbər olan zamanlar,
Siz olmadınızmı namərd tək qaçan?
Əhməd Oruc:
İndi palatada qarışıb çalar,
Çoxları burada qab dibi yalar,
Radikal durumda bir "DUİ" olar,
Küçə-meydanlara şüalar saçan.
Mirmahmud Fəttayev:
Mənə ləbbeyk deyən sən deyildinmi?
Qurumda səninlə tən deyildimmi?
Əhməd, yadına sal, mən deyildimmi,
"DUİ"-yə işıqlı yolları açan?
Əhməd Oruc:
Çox əl-ayaq yeyən bir yamyam idin,
İndi dağılmısan, o vaxt tam idin,
O zaman tam normal bir adam idin,
İndi çox aralı qalıbdı paçan.
Mirmahmud Fəttayev:
Özün qızarırdın dəmir pul kimi,
Çox yatdın ayağım altda qul kimi,
"DUİ"-ni yeyirdin siçovul kimi,
Olmusan sən deşik axtaran siçan.
Əhməd Oruc:
Yenə də qabardı qəlbinin qurdu,
Qətiyyətsizliyin çoxunu yordu,
Dilin də dolaşıb baş-ayaq vurdu,
Yerinə düşmədi sənin son hecan.
Mirmahmud Fəttayev:
Sən get özün üçün yeni plan cız,
Bizim işimizə həm də qoyma mız,
Təmizdir, hələ ki, alt paltarımız,
Bular şalvarını özünün maçan.
Əhməd Oruc:
Əhmədin, Vüqarın ədəbi məlum,
Quruma sevgisi əbədi məlum,
"DUİ"-ni buraxdın, səbəbi məlum,
Kömürü pis sıxır sobanda maşan.
Mirmahmud Fəttayev:
Qaranlıq işinə çox tutdum şam mən,
Quruma çətir də oldum axşam mən,
Çulunu çox sudan çıxarmışam mən,
Sən idin şənimə nəğmələr qoşan.
Əhməd Oruc:
Sən məni çox yedin ditdili ilə,
Dost düşmənə qıymaz tünd dili ilə,
Çıxdım axırına dütdülü ilə,
Bir fayda vermədi sənin cüt qoşan.
Mirmahmud Fəttayev:
"DUİ"-ni ürəkdən sevməmisən sən,
Bizə yaxınlaşsan, deyərəm əhsən,
Əgər sən "DUİ"-yə yaxın gəlməsən,
O vaxt cəsarət tap, qurumdan boşan.
Əhməd Oruc:
Pul verdim, yemisən fısıldamısan,
Üstümə bağa tək tısıldamısan,
Həmişə vaysınıb, ufuldamısan,
Qəbuledilməzdi yalançı haşan.
Mirmahmud Fəttayev:
Bu birlikdə sənə asan olmayıb,
Şorba bişirməyə qazan olmayıb,
Sənin pul verilən bazan olmayıb,
"DUİ"-də olmuşam mən sənin paşan.
Əhməd Oruc:
Sənin o palatan ziyana qalsın,
Morqun da ilana, çayana qalsın,
Kiçik dollar kisən o yana qalsın,
Zibil daşımağa xaşan olmayıb.
Mirmahmud Fəttayev:
Özünü sayəmdə dartı görürsən,
Aprel qədəm qoyub, martı görürsən,
Bu gün sən "DUİ"-ni altı görürsən,
Çünki zədəlidi sənin göz qişan.
Əhməd Oruc:
Mən natiq, önümdə məhrumsan sözdən,
Mən gözdən naqisəm, sən məhrum üzdən,
Siyasətçi kimi tez düşdün gözdən,
Səni cürətsiz tək verirlər nişan.
Mirmahmud Fəttayev:
Dərinə gedəndə şeytansan-şərsən,
Məşədi İbaddan əskik Sərvərsən,
Demə ki, böyük bir vətənpərvərsən,
Bayırda yolunu gözləyir Maşan.
Əhməd Oruc:
Özünü seyid tək sırıdın mənə,
"DUİ"-də bir mövqe tutmadın yenə,
Bosslar da Mirmahmud demirlər sənə,
Son vaxtlar düşübdü adından Mişan.
Mirmahmud Fəttayev:
"DUİ"-yə gətirdim, sən saç yolanda,
Papkamı daşıdın yaşa dolanda,
Buyuruq qulumdun, mən sədr olanda,
Sən kofe içdiyim bir adi fincan.
Əhməd Oruc:
Dosta böhtan dedin, bu, çox pis işdi,
Mənim əleyhimə yersiz gedişdi,
"DUİ"-də meydanın daha genişdi,
Palatada xeyli daraldı bacan.
Mirmahmud Fəttayev:
Palata sinəni lap dağlar oldu,
O yaşlı gözlərin çox ağlar oldu,
Hazırda nəsibin alçaqlar oldu,
Mənimlə bağlıdı həm zirvən, ucan.