PDF Oxu

Köşə

  • 13

Putin və Medvedev...

Putin və Medvedev...
Belə görünür ki, prezident seçkiləri yaxınlaşdıqca Rusiya rəhbərliyində, daha doğrusu, bu nəhəng dövləti idarə edən "Sankt-Peterburq qvardiyası"nın üzvləri arasında indiyə qədər sirr olaraq saxlanılan bir sıra fikir ayrılıqları, ssenari şəklində olsa da, üzə çıxmağa başlayır. Həm də ona görə ki, iki dostun razılaşması əsasında idarə olunan Kremldə, indi ciddi siyasi fikir ayrılıqları siyasi skandal həddinə gəlib. Amma hələ ki, üzdə belə görünür. Çünki məsələnin əsil mahiyyətini öyrənmək çox ağır məsələdir, bəlkə də mümkünsüzdür. Ona görə ki, hazırda Kremlin siyasi "atası" sayılan və sovet KQB-sinin keçmiş Leninqrad məktəbinin son müdavimlərindən olan Vladimir Putin bütün bu müəmmaların başında dayanır.
Kreml hakimiyyətinin şərikli sahibi olan iki dost arasındakı ilk söz "atışması" Avropanın Liviyaya hücumu üstündə baş verdi. V.Putin beynəlxalq koalisiyanın Liviyanı bombardman etməsini "xaç yürüşü"nə bənzədərək, diqqətləri Moskvaya yönəltdi.
Dmitri Medvedev isə, bunu dəhşətli siyasi səhv adlandıraraq, ona bir daha belə səhvlər etməməyi məsləhət bilib. Özü də jurnalistlərin gözü qarşısında. Təsəvvür edin, V.Putinin siyasi şagirdi, əlindən tutub müvəqqəti də olsa Kremlin hakimiyyət kreslosunda oturtduğu D.Medvedev indi ona siyasi "oşibka" tutur və məsləhət verir. Bu nədir? Seçkilər ərəfəsində kütləyə və siyasi opponentlərə (əgər onlar varsa..) hesablanmış siyasi gediş, yoxsa Kremldəki dostların yenicə közərən qarşıdurması? Cavabını tapmaq da sualın özü qədər çətindir... Birinci variant daha ağlabatandır. Çünki nə D.Medvedev V.Putinə qarşı çıxacaq gücə və iradəyə malik deyil, nə də o, bunu edə biləcək qədər sərbəst siyasi fiqur sayılmır. Bəlkə Kremldəki prezidentlik kreslosunun şirinliyi balacaboy Dmitri Anatoliyeviçi, köhnənin KQB-şniki olan cudoyist dostuna verdiyi sözü tapdalamağa sövq edir və o siyasi reallıqla deyil, hissləri ilə hərəkət edir? Hər şey ola bilər. Hər halda D.Medvedevi öz kreslosunda əyləşdirəndə, bu kreslonun nə qədər şirin, şirin olduğu qədər də təhlükəli və ən əsası isə illərin dostunu istənilən an düşmənə çevirə biləcək qədər amansız olduğunu Vladimir Vladimiroviç bilməmiş deyildi. Özü də bu kresloda oturanın, avtomatik olaraq, bütün Rusiyanın külli-ixtiyar sahibinə çevrildiyini nəzərə alanda, keçmiş KQB-şnikin bunları nəzərə almamasını düşünmək belə sadəlövhlükdür.
Gəlin diqqətlə Rusiya siyasi elitasını və ictimai-siyasi mühitini nəzərdən keçirək. Əgər mərhum Boris Yeltsinin hakimiyyəti dövründə ona qarşı müxalifət adına kommunist partiyasının lideri Gennadi Züqanov çıxış edirdisə, həm də dəlisov Vladimir Jirinovski ağlasığmaz siyasi şouları ilə ona müxalif mənzərə yaradırdısa, indi o da yoxdur. G.Züqanov artıq tam mənada siyasi meyit kimi arxivə atılıb. İndi kommunistlərin, hətta V.Putin hakimiyyətinin Rusiyada yaratdığı sosial böhran fonunda belə nostalji sovet firavanlığını rusların gözünə soxub xal qazanmaq imkanları da, demək olar ki, qalmayıb. Ümumiyyətlə, keçmiş KQB müdaviminin səyləri nəticəsində Moskvada ona qarşı real müxalifətin izi-tozu da qalmayıb. Özünü müxalifət adlandıranların isə nə nəzarətlərində olan KİV-ləri var, nə də heç olmazsa, ayda-ildə bir dəfə də olsa sözlərini deyə biləcəkləri ictimai tribunaları. Tam əminliklə demək olar ki, azad media baxımından da indi Rusiya B.Yeltsinə tam mənada rəhmət oxuyur. Moskvada müstəqil və çevik informasiya imicinə malik bir dənə də qəzet və televiziya qalmayıb. Hətta bir neçə il bundan əvvəl V.Putindən başlamış, onun komandasının üzvü olan nazirlər və bir sıra respublika prezidentlərinə qədər bir çoxları haqqında araşdırma yazı yazan və veriliş efirə verən bir neçə jurnalist o biri dünyaya göndərilmişdi. Rusiya indi media azadlığını boğmağa və jurnalistlərə qarşı törədilən terror aktlarına görə də anti-rekord vurur.
Bu bir yana, nə qədər V.Putin hakimiyyətindən narazı qalıb, onu 1999-cu ilin dekabrın 30-da Kremlə gətirdiyinə görə B.Yeltsinin ruhuna "gözəl sözlər" desələr də, rus cəmiyyəti Rusiyanı dəyişmək qüdrətində və istəyində deyil, xaos və anarxiyanın içində boğulmaqdadır. Hazırkı rus ictimai fikri hətta Lermontov və Puşkinin dövründəkindən də acınacaqlı durumdadır. İndi Rusiyada insanlar öz gələcəkləri haqqında deyil, qarınlarını doyurmaq üçün fikirləşirlər. İndi onları böyük Rusiyanın taleyi deyil, kolbasa və araq düşündürür. Bu ölkədə skinxedlər və faşist ideologiyasının daşıyıcıları o dərəcədə əl-ayaq açıb ki, günün günorta çağı əcnəbi insanları küçədəcə vurub öldürür, ən yaxşı halda isə şikəst edirlər. Rusiya ictimai fikri o dərəcədə savadsız və kütbeyin şəkil alıb ki, sosial böhrana görə xalqdan canını qurtarmaq istəyən hakimiyyət, işsizliyə və böhrana görə əcnəbi insanları, xüsusilə, qafqazlıları rusiyalılara "qatı düşmən" kimi təqdim edir və bundan da müvəfəqiyyətlə siyasi kozır kimi yararlanırlar. V.Putin-D.Medvedev hakimiyyətinə qarşı real və intellektual müxalifət isə, hələ ki, ortada yoxdur. Boris Nemtsovun özünü buna bənzər müxalifət kimi göstərmək cəhdləri də elə cəhd olaraq qalır. Çünki o, nə rus ictimai fikrini yönləndirə biləcək mexanizmə və xarizmaya malikdir, nə də azacıq da olsun, beş-on nəfəri arxasınca aparacaq liderlik xüsusiyyəti yoxdur. Belə olan halda isə, demək olar ki, rəqibsiz qalan dostların seçkilərdə hər hansı bir siyasi maneə ilə rastlaşmayacaqları indidən bəllidir. Bu isə, o deməkdir ki, Kremldəki dostlar rəqibsizlikdən ya bir-birlərinə qarşı baş qaldıracaqlar, ya da rəqib obrazına girib, siyasi rol oynayacaqlar.

Digər xəbərlər