PDF Oxu

Köşə

  • 10

Avropa Liviyadan nə istəyir:

Avropa Liviyadan nə istəyir:
"Kimin gücü varsa, o da hökmrandır" prinsipi yaşadığımız bu günlərdə bütün dünyanın gözü qarşısında "atını sağa da çapır, sola da". ABŞ-ın "xeyir-duası" ilə ingilis, alman, fransız və italyan təyyarələri, Müəmmər Qəddafini məhv etmək adı ilə günahsız liviyalıları səmadan tökdükləri bombalarla qanlarına qəltan edir, dünya isə heç nə olmamış kimi yenə öz işindədir. BMT isə bunların əlində oyuncağa çevrilib. Amma təəccüblənməyə də dəyməz bu işdə. Məgər elə BMT qarışıq bütün dünya birliyinin gözləri qarşısında 7-8 il əvvəl "İraqda nüvə silahı var" bəhanəsi ilə Qərb dövlətləri İraqı işğal edərək, 1 milyondan çox günahsız iraqlını öldürüb itlərə yedirtmədilərmi?.
Ən dəhşətlisi isə, tarix boyu ikili oyunlar oynamaqla ad çıxaran və indi də bu adətindən əl çəkməyən dünya birliyinin "dobrosu" ilə Şərqin və dünyanın mədəniyyət muzeyi olan Bağdad tarixin xarabalığına çevrildi.
İndi də ikinci İraq ssenarisi işə düşüb. Vladimir Putinin sözü ilə desək, Avropanın Şərqə yeni "xaç yürüşü" başlayıb deyəsən.
İndi bir az yekəxanalıq, bir az Nostradamusluq və bir az da Bəhlul Danəndəlik çıxmasın, bizim yazdıqlarımız hərfbəhərf, cümləbəcümlə öz təsdiqini tapır. Biz bu "əməliyyatın" sərvət davası olduğunu elə hadisələr başlayan kimi, Müəmmər Qəddafinin qızı BMT-nin sülhməramlı elçisi vəzifəsindən qovulan axşam, oğlunun isə atasından tam fərqli bəyanatlar səsləndirdiyi zaman yazmışdıq. Üzü Misirdən bəri başlayaraq sürətlə ərəb ölkələrində siyasi epidemiya kimi yayılan "Şərq əməliyyatı"nın əsil mahiyyəti bu gün tam çılpaqlığı ilə ortadadır. Bir gecənin içində Almaniya, Fransa və İngiltərə yığılıb Qəddafinin topladıqlarını əlindən almaq və ən əsası Şimali Afrika və Şərq ölkələrinin təbii sərvətlərini özününküləşdirmək üçün hərəkətə keçiblər. Həmin sərvətləri ələ keçirmək üçün avropalılar bəlkə daha ağıllı şüar seçəydilər?
Amma yox. Guya ədalətsiz dünyada kimsə ayağa qalxıb "sizin nə işiniz var burada, niyə bu insanların üzərinə bombanı yağış kimi yağdırırsınız?"-deyə haqq-hesabmı soruşacaqdı onlardan? Qətiyyən! Amma bu da ciddi faktdır ki, Avropanın bu addımı, Yaxın Şərqdə və regionda bir tərəfdən anti-Qərb əhval-ruhiyyəsini artıracaq, bir başqa tərəfdən də, eyni zamanda, radikal islam qruplaşmalarının mövqelərini gücləndirəcək.
"Demokratiya" cümləsini qrammatik şəkildə belə ifadə edə bilməyən, onun siyasi mahiyyətini anlamaq həddində olmayan bisavad liviyalılara, suriyalılara, nə bilim yəmənlilərə "azadlıq vermək" adı ilə, onları 40-50 illik feodallardan "xilas etmək üçün" bu zavallıları bir gündə küçələrə çıxarıb hökumətlərinə qarşı çevirdilər, indi də onları "müdafi etmək" adı ilə onların özlərini hər gecə bombalayırlar... Bədbəxt liviyalılar, bu dəfə Qərbin "ovu" siz oldunuz. Sanki Avropa 14-15-ci əsrlərdəki görkəminə qayıdır. Avropalılar Şərqə və Şimali Afrikaya niyə basqına başladılar? Bəlkə bu insanlara "demokratiya" vermək, onları da özlərinin Avropada yaşadıqları gözəl və lüks həyata qovuşdurmaq üçünmü? Xeyr!
Avropalılar barbar adlandırdıqları bu ölkələri və bu insanları heç vaxt "adam yerinə qoymayıblar". İndi isə onları "xilas etmək", onlara "azadlıq" vermək üçün onların özlərini qana boğmaqla məşğuldurlar. Bunların əsil məqsədi yeni sərvətlər və dövlətlər ələ keçirmək, iqtisadi resurslar mənimsəməkdən ibarətdir.
Şəxsən mən öz köşə yazımda bir səhvə yol vermişdim. Yazmışdım ki, İraqdakı rüsvayçılıqdan sonra Qərb ölkələri bir daha cəsarət edib "demokratiya", "insan hüquqları" adı altında Şərqdə belə bir əməliyyat keçirməyə cəsarət etməz. Amma qərbdəkilər, başda Fransa olmaqla bu dəfə də bütün dünyanı ələ salmağa başlayıblar. Sən demə, 1969-cu ildə 27 yaşında ikən hakimiyyəti ələ alan M.Qəddafi, guya bu vaxta qədər Qərbdən gizli olaraq diktatorluq edirmiş və yazıq liviyalılar da azadlıq uğrunda 42 ildir ki, gecəli-gündüzlü qan axıda-axıda durmadan vuruşurmuşlar.

Digər xəbərlər