Arif Hacıyev:
Doğma ölkəmizə ziyan istərik,
Bol ilan zəhəri, çayan istərik,
Afrikadakı tək qiyam istərik,
Harda aş olarsa, orda olaq baş,
Bir daş altda olsun, üstündə bir daş,
Ölkədə bol olsun yürüş, iğtişaş.
Nurəddin Məmmədli:
Bossa arxalanan İsa bəng gedir,
Boş-boş danışmaqdan çənə, əng gedir,
Ancaq işlər, düzü, yaman ləng gedir,
Bu hal da bizlərdə doğurur təlaş.
Arif Hacıyev:
Xarici bossların rəyin gedərdik,
Qarşıda durana düyün gedərdik,
Biz gənc olan zaman yeyin gedərdik,
İndiki cavanlar sürətdə yavaş.
Nurəddin Məmmədli:
Xəzərdə qoy batsın onlarla gəmi,
Qoy məhsulsuz qalsın kəndlərdə zəmi,
Qarmaqarışıqlıq sarısın aləmi,
Eybi yox, yeyərik pendirlə lavaş.
Arif Hacıyev:
Qalmaqallar qalsın qaldığı kimi,
Gənclər dolsun kinlə dolduğu kimi,
Bu gün Liviyada olduğu kimi,
Başlasın paytaxtda sürəkli savaş.
Nurəddin Məmmədli:
Hərəkət etməyə qalmayıbdı tab,
Bilik tükənibdi, boşalıbdı qab,
Qaldıra bilsəydik üsyan, inqilab,
Bossun pulu ilə yeyərdik biz aş.
Arif Hacıyev:
Məni əldən-dildən salıbdı maraq,
Qalmaqal gəzirəm əlimdə çıraq,
Bossun pulu ilə vurardım araq,
Üstündən yeyərdim üç-dörd dənə xaş.
Nurəddin Məmmədli:
Keçirdim ayları-illəri göydə,
İstədim öyrənəm dilləri göydə,
Qalmışam mən yazıq əlləri göydə,
"Yurd" Əli son vaxtlar mənə vermir maaş.
Arif Hacıyev:
Mən də Müsavatda bazar bağladım,
Mitinqlər azaldı, zar-zar ağladım,
Pulla liderlərə ülfət bağladım,
Çıxır qabağıma gözləri çəp, çaş.
Nurəddin Məmmədli:
Xaric də bizlərə qurubdu tələ,
Açıqca deyirlər qrantsız mələ,
Əli elə deyir, İsa da belə,
Kimə xidmət edim, qalmışam çaş-baş?!
Arif Hacıyev:
Bizə qüvvət verər dağların qarı,
Mitinq, yürüş olar onların barı,
Könlünü oxşarsa Dubay qızları,
Sözsüz ki, Sevili bəyənməz Balaş.
Nurəddin Məmmədli:
Səni gözləməkdə çox əfsanə, mif,
Azı ölüb getdi, çoxu oldu tif,
Küçə adamına qoşul, ay Arif,
Kim sənə deyib ki, çirkaba bulaş?!
Arif Hacıyev:
Xaric boşaldacaq dolanda çənin,
Vaxt gələr boss səpər qarşına dənin,
Azsa ehtirasın həyatda sənin,
İtdən ibrət götür, it kimi suvaş.
Nurəddin Məmmədli:
Radikal içində oldum avara,
Çətin məqamlarda verdim şalvara,
Daha dirəməyin məni divara,
400, ya 500 maaş alaydım kaş.
Arif Hacıyev:
Yəqin hər möhkəmlik olmalı dişdə,
Fəsadlar büruzə verir kirişdə,
Uğur qazanmasaq əgər bu işdə,
Şübhəsiz, işimiz olacaqdı yaş.
Nurəddin Məmmədli:
Pulları xaricdən sökə bilmədik,
Dığanın qolunu bükə bilmədik,
Xalqı küçələrə tökə bilmədik,
Neynəyək, qocaldıq, keçib getdi yaş.
Arif Hacıyev:
İstərdik sazlayaq dinci yürüşə,
Çıxmaq istəmişik inci yürüşə,
Cəlb edə bilmədik gənci yürüşə,
Vaxt ötüb keçsə də, qaralsa da qaş.
Nurəddin Məmmədli:
Bu elin-obanın tuzu olardıq,
Biz haqlı olardıq, qazi olardıq,
Çıxsaydı küçəyə razı olardıq,
Əlbəttə, bizimlə min sürməli qaş.
Arif Hacıyev:
Yeri düşəndə də quzu olarıq,
Sözsüz, son məqamın buzu olarıq,
Özümüz hər aşın duzu olarıq,
Bizimlə baş-başa durmaz hər oğraş.
Nurəddin Məmmədli:
Məni çətin kimsə qoysun, qəmişə,
Dərs verə bilərəm lider Məmişə,
"Yurd" Əli incidir məni həmişə,
Xaricdən başlıca məqsədim daşbaş.
Arif Hacıyev:
İsanın yanına gəl, gözün aydın,
Sərdarın da aydın, həm özün aydın,
Bizim Müsavata ayaq açsaydın,
İsa bəy üstünə örtərdi plaş.
Nurəddin Məmmədli:
Həmişə sol əlin olmamış bərklə,
Daim oynayıbdı İsa bəy çirklə,
Riyakar olsan da, çağırdın ərklə,
Gecikmiş gəlişim olmazmı faraş?