PDF Oxu

Köşə

  • 14

ALP "VİP"-lə birləşir

ALP "VİP"-lə birləşir

Əli Əliyev:

Yaxşı bir adamam, xasiyyət həlim,
Keçirin mənimlə siyasi təlim,
Ay Əvəz, sən çağır, yanına gəlim,
"VİP"-imi götürüm, dili lal olum,
Tələb eyləsəniz, dönüb mal olum,
Ömrün yetkin çağı liberal olum.

Əvəz Temirxan:

Könlün büstümdən keçsin,
Bayram tüstümdən keçsin,
"VİP"-in üstümdən keçsin,
Qabağında sal olum.

Əli Əliyev:

İstək bağlı istəyə,
Əlac et mən xəstəyə,
Gəlim sizin dəstəyə,
Özüm də bihal olum.

Əvəz Temirxan:

Sən öz para saçınla,
Eylə çara saçınla,
Sən gəl qara saçınla,
Eybi yox mən çal olum.

Əli Əliyev:

Cibin olsun bol,
Boss puluyla dol,
Sən keçəri ol,
Neynək qal olum.

Əvəz Temirxan:

Laləli qızıla tutdur "VİP"-ini,
Bizim içimizə atdır "VİP"-ini,
Sən tez liberala çatdır "VİP"-ini,
Sən yağ, heç eybi yox, qoy mən bal olum.
Əli Əliyev:

Yetərəm "VİP"-imlə min vüsala mən,
Daldım sərsəm-sərsəm min xəyala mən,
Düşüb sizin bitkin liberala mən,
Bişmişlər içində xeyli kal olum.

Əvəz Temirxan:

Çox geri qalarsam, dərhal cik-ciklə,
Əgər yolu azsam, danla tam ərklə,
Mən "VİP"-də yer alın tam rəsmiliklə,
Siz qabağa çəkin, qoy mən dal olum.

Əli Əliyev:

"VİP"-də olmamışam heç qalmaqallı,
Sizdə olaram mən bir xoş camallı,
Deyirəm, əsla, mən ürəyi xallı,
Sizə xalsız gəlim, üzdə xal olum.

Əvəz Temirxan:

Liberal cinaha gəl, xeyli gülüm,
Lalədir, əlbəttə, sevdiyim gülüm,
Sənin gəlişindən açılsın könlüm,
Mən də bir liberal xoş amal olum.

Əli Əliyev:

Bir çox həmkarlarda qeyrət görmədim,
Əli, İsa kimi afət görmədim,
Düzü, "Azadlıq"da sifət görmədim,
İstərəm Laləyə xoş camal olum.
Əvəz Temirxan:

Adisən, mən qeyri-adi bəşərəm,
Siyasi meydanda yanıb-bişərəm,
Sən yanımda olsan, müdrikləşərəm,
Lalənin yanında pürkamal olum.

Əli Əliyev:

Liberallıq üçün hey mələrəm mən,
Lalə əl eyləsə, tez gələrəm mən,
Gəlib ALP-də dirçələrəm mən,
Özüm "Azadlıq"da lap pamal olum.

Əvəz Temirxan:

Bu gün nə eyləyir ceyil eyləyir,
Səni də biədəb zibil eyləyir,
"Madam" Kremlə meyil eyləyib,
Qoy onun yolunda mən şimal olum.

Əli Əliyev:

Mən "VİP"-in sədriyəm, demə, əlvida,
Bununla özünü verərsən bada,
Sənin qabağında böyük bir nida,
Lalənin önündə bir sual olum.

Əvəz Temirxan:

Lalə də zövq alsın burda işindən,
Həzz alım burada yüksəlişindən,
İstərəm sevinəm hər gəlişindən,
Demirəm, mən dönüb dərd-məlal olum.
Əli Əliyev:

Narazı qalmadın pis durumundan,
Həm də xilas olmam uçurumundan,
Məni rədd etmədin, sən qurumundan,
Yalan deyirəmsə, qoy topal olum.

Əvəz Temirxan:

Məndən sözlər çəkdin sən qram ilə,
Deyirlər söz dedin sən qaram ilə,
Məni qarşıladın min haram ilə,
Səni qəbul etdim, qoy halal olum.

Əli Əliyev:

Mən rəvan bir "Segah", Laləylə "Şur" ol,
Zülmətə çevrilim, sən əsil nur ol,
Liberal qurumda sən Rac Kapur ol,
Tərəf-müqabili bir Topal olum.

Əvəz Temirxan:

Səni susdurarıq qəpik-quruşla,
Sən məni, həm də ki, Laləni quşla,
Silahı dizimə, qarnıma tuşla,
Sən Kələntər kişi, mən Cəlal olum.

Əli Əliyev:

Məni cəlb edibdi xarici tuzlar,
Boynuma artıbdı hədsiz qruzlar,
Düzü, bezdiribdi məni xoruzlar,
Toyuq ol, altında yumru fal olum.

Əvəz Temirxan:

Bizim qərargahda süqut et, lal ol,
Yetişmə desələr, o zaman kal ol,
Lalənin yanına gəl, liberal ol,
Ayaqlarınızda qoşa nal olum.

Digər xəbərlər