Rəsul Quliyev:
Tökülün meydana mitinq keçirin,
Axsın kütlələrin burnundan irin,
Dəstək verməyənə zəhər içirin,
Dolsun adamlarla küçələr, yollar,
Gəlsinlər meydana sağçılar, sollar,
Bosslar başınıza tökəcək dollar.
Sərdar Cəlaloğlu:
Bir iş görən zaman bir bax arşına,
Fikir ver majorna, həm də marşına,
Obyektiv adamlar çıxar qarşına,
Sənin qənşərinə diyirlər kollar.
Rəsul Quliyev:
Elektorat çıxsın meydana üryan,
Talanlar, dağıntı, qalmaqal hər yan,
Yaradın ölkədə iğtişaş, üsyan,
Aşar başınızdan fantastik pullar.
Sərdar Cəlaloğlu:
Qaniçən olmamış sənin tək Batı,
Okeandan bu yana çapırtma atı,
Görəndə kütləni, elektoratı,
Elə bil, qarşında şellənər qullar.
Rəsul Quliyev:
Mitinq pis keçərsə, nol buraxaram,
Nə olar çoxsaylı qol buraxaram,
Mən özüm en qədər pul buraxaram,
Çıxsın nümayişə evlilər, dullar.
Sərdar Cəlaloğlu:
Mən gəlim, pulları başıma əndər,
Kütlənin səmtini özünə döndər,
Sən yekə kişisən, çoxlu pul göndər,
Elektorat üçün lazımdı çullar.
Rəsul Quliyev:
Hazırda mənimçün dəhşət, bərbad an,
Mən burdan qışqırım, onu fəryad an,
Bakıya gələrəm, keçib dəryadan,
Məni o tərəfə çatdırar sollar.
Sərdar Cəlaloğlu:
Bin Laden verəcək sənə çalmasın,
Bərəltmə bizlərə gözün almasın.
Çox da bu tərəfi gözün almasın,
Sənin həsrətindən darıxmır yollar.
Rəsul Quliyev:
Çoxlu pul verməyə çatardı ardım,
Ancaq bu kütləni nə qədər dartım,
Burda papağımı göyə atardım,
Əgər elektorat toplasa ballar.
Sərdar Cəlaloğlu:
Mitinqə meyilli vərdiş qurardım,
Səninçün, özümçün gərdiş qurardım,
Burda sən istəyən bir iş qurardım,
Xaricdən Bakıya axsaydı mallar.
Rəsul Quliyev:
Sevinərdim sərvaxt silkələnsəydi,
Vaxtında, ya bivaxt silkələnsəydi,
Mitinqlərdən paytaxt silkələnsəydi,
Cuşa gətirərdi məni bu hallar.
Sərdar Cəlaloğlu:
Lider var, pul vermir, qəm-qubar yeyir,
Lider var, mindiyi budağı əyir,
Çoxları aksiya keçirin deyir,
Pul buraxmaq üçün çatarmı dollar?
Rəsul Quliyev:
Ay kütlə, göstərib ecazkar hürüş,
Mitinq keçirməkçün meydana sürüş,
Bayramda keçirin siz güclü yürüş,
Hədiyyə bağlaram, sallansın şallar.
Sərdar Cəlaloğlu:
Sən hədyan danışma, nuş edib camı,
Al sən öz viskindən Nyu-Yorkda kamı,
Adını eşidib qeyzlənir hamı,
Səni oradan da uzağa tullar.
Rəsul Quliyev:
Çoxu məni güclü sanır, bilirəm,
Mənim istəyimi qanır bilirəm,
Hər falçı adımı anır, bilirəm.
Mənim uğurumdan danışır fallar.
Sərdar Cəlaloğlu:
Xalq lider görmədi səndən keyini,
Artırma o qədər, əsla, səyini,
Qaldırıb polis öz dəyənəyini,
Səni burda görsə başına zollar.
Rəsul Quliyev:
Sən əyri əsəbi, düz əsəbiyik,
Meydanda dolaşan yüz əsəbiyik,
Çalış qucaqlama, biz əsəbiyik.
Əsla, sığallamaz başını qollar.
Sərdar Cəlaloğlu:
Unutdurdu sənə qayğını hamam,
Ancaq yandırmadın məscidlərdə şam,
Kütlə də əsəbi olubdu tamam,
Səni yox etməkçün sənədi qollar.
Rəsul Quliyev:
Artsın nitqinizdə sözün kəsəri,
Nəhayət, qurtarın, dava, bəhsləri,
Tökün meydanlara saçlı kəsləri,
Biabır olmasın başı az qıllar.
Sərdar Cəlaloğlu:
Çox pul göndərməsən, bir qədər bəklə,
Qulaqlarını da bura az şəklə,
Dəryadan o tayda sən az zəvzəklə,
Bizim başımızda durmasın çallar.
Rəsul Quliyev:
Mitinqli həyatın keçərdi şirin,
Mən dollar göndərim, siz məhsul dərin,
Pul məndən, siz çoxlu mitinq keçirin,
Siz öz xeyirinizə yazdırın xallar.
Sərdar Cəlaloğlu:
Azalt surətini cəng etmək üçün,
Qəfil gəlişini ləngitmək üçün,
Mitinq həvəsini səngitmək üçün,
Başına tökərik ən təmiz Şollar.