Arif Hacıyev:
Mitinq çağırışı bizim uğurdu,
Burdan məntiqi bir məqam doğurdu,
Bizi lal sükunət yaman boğurdu,
Qoy bizim yürüşə hər kələ gəlsin,
Oddan sonra qalan nəm külə gəlsin,
Ardınca kükrəyən bol kütlə gəlsin.
Araz Əlizadə:
Qərargaha gəlsin hər alkaş, piyan,
Bizi dinləməyən çəkəcək ziyan,
Döşünə döyməsin iş bacarmayan,
Zəhmətə qatlaşan qoy çölə gəlsin.
Arif Hacıyev:
Gərək hər radikal ziyanı tutsun,
Pul sevən iblisi, şeytanı tutsun,
Nümayiş istəyən meydanı tutsun,
Mitinqi sevənlər qoy dölə gəlsin.
Araz Əlizadə:
Dərhal cumarsınız, boss versə dürmək,
Borcumdu sizlərə zəhər içirmək,
Sizə çətin olar mitinq keçirmək,
Gərgin aylar boyu, ya ilə gəlsin.
Arif Hacıyev:
Bossa hərdən görüm-baxım edənlər,
Özünü bizlərə yaxın edənlər,
Sizin partiyadan axın edənlər -
Qoy bizə kütlələr bol, silə gəlsin.
Araz Əlizadə:
Çox yumruğa dəyib azı dişiniz,
Yaman fənalaşıb son vaxt işiniz,
Sizin mitinqiniz, nümayişiniz,
Arzu edirəm ki, bəd dilə gəlsin.
Arif Hacıyev:
Boss pulundan məhrum olan həmkarlar,
Etiraz hissilə dolan həmkarlar,
Mitinq həvəskarı olan həmkarlar,
Şirvandan keçərək, düz Milə gəlsin.
Araz Əlizadə:
Hamınız müntəzir fəryad "sos"uyçün,
Gedir ürəyimiz Qərbin bossuyçün,
Sizin aksiyanın fiaskosuyçün,
Arzu edərdim ki, bir tələ gəlsin.
Arif Hacıyev:
Bossun qrantından yansın şişənlər,
Küçə yürüşünə çıxsın bişənlər,
Mitinq-nümayişdə bəmə düşənlər,
Bir az toxtayaraq qoy zilə gəlsin.
Araz Əlizadə:
Əsil adınızdı toxdan qaçanlar,
Qərb sizə deməkdə oxdan qaçanlar,
Mitinq keçirərək çoxdan qaçanlar,
Deyirəm obaya, ya elə gəlsin.
Arif Hacıyev:
Üsyan et, təəccüb doğur, qazansın,
Meydanda aksiya yoğur, qazansın,
İstədik nümayiş uğur qazansın,
Sən də bədxahlıq et, tez çilə gəlsin.
Araz Əlizadə:
Məgər öndə qaçan kişiniz deyil?
Piketə gələn də beşiniz deyil,
Nə mitinq, nə yürüş işiniz deyil,
Sizi dişləməyə qoy dələ gəlsin.
Arif Hacıyev:
Çoxu elə bilir naqisik, səyik,
Qərbin də önündə dili gödəyik,
Kütləvi aksiya keçirəcəyik,
Çoxu gəlməsə də, bir gilə gəlsin.
Araz Əlizadə:
Boss da tez-tez pozur əhvalınızı,
Xaric fəth edibdi amalınızı,
Qara yel aparıb kamalınızı,
Sizin aksiyanız ağ yelə gəlsin.
Arif Hacıyev:
Piketlər də təzə, mitinqlər təzə,
Ölkənin diqqəti yönəlsin bizə,
Kütlələr yüyürsün mitinqimizə,
Fərli elektorat qoy ələ gəlsin.
Araz Əlizadə:
Təşkil etmirsiniz tədbir, paket də,
Quraşdırmaq çətin sizə maket də,
Keçirmək müşküldür sizə piket də,
Yürüş-mitinqiniz qoy felə gəlsin.
Arif Hacıyev:
Küçə-meydanlarda olmur razminka,
Gözünüz dikilib Qərbdəki banka,
Sizə kar etməyir əsla dubinka,
Kürəyiniz kətmən və belə gəlsin.
Araz Əlizadə:
Yalnız bacararsan örüşə çıxmaq,
Çətində meydanda görüşə çıxmaq,
Gözünüzü alıb yürüşə çıxmaq,
Mitinqi deyirsən, sən pilə gəlsin.
Arif Hacıyev:
Daim qələm çəkdin diləyimizə,
Qandal da vurarsan biləyimizə,
Sən yaman gedirsən əleyhimizə,
Götür xəlbirini tez ələ gəlsin.
Araz Əlizadə:
Tamamla təcili yır-yığışları,
Bosslarına yönəlt çığırışları,
Tərgit boş-mənasız çağırışları,
Meydanda məkkildə, ya mələ gəlsin.
Arif Hacıyev:
Uymayan mitinqin şirinliyinə,
Daldalanmayanlar sərinliyinə,
Düşsün Amazonka dərinliyinə,
Deyirəm mayallaq qoy Nilə gəlsin.
Araz Əlizadə:
Təmsil eyləyirsən ifrat keyini,
Duyursan uzaqdan qrant iyini,
Heç kəs başa düşmür istədiyini,
Nə diləyin varsa, sən dilə gəlsin.