PDF Oxu

Köşə

  • 11

Pənah Hüseynov Müsavatda möhkəmlənməyə cəhd edir

Pənah Hüseynov Müsavatda möhkəmlənməyə cəhd edir

Pənah Hüseynov:

Çoxunun başına dən salacağam,
Arifi mandata mən salacağam,
Mütləq Müsavatda sədr olacağam,
Üstümə İsa tək qadir dam gərək,
Üzümə duranı qocaldam gərək,
Ancaq palatanı ucaldam gərək.

Razi Nurullayev:

Özün qandıran ol, qandırmaq üçün,
Meydan yaranmayıb sındırmaq üçün,
Bədxah düşmənini yandırmaq üçün,
Qabağına çıxan olsun xam gərək.

Pənah Hüseynov:

Rəqibim bir avam səviyyəsində,
Aparılır davam səviyyəsində,
Meyxanam beş Xəyyam səviyyəsində,
Problem: Cəmşidə layiq cam gərək.

Razi Nurullayev:

Yeritmə üsullu qurda hər kəsi,
Atmağa cəhd etmə borta hər kəsi,
Çalış ucaldasan burda hər kəsi,
Demə ki, Arifi alçaldam gərək.

Pənah Hüseynov:

Heç vaxt olmamışam tən zəiflərə,
Ataram beş ovuc dən zəiflərə,
Hücum eləmirəm mən zəiflərə,
Önümdə durmağa bir adam gərək.

Razi Nurullayev:

Qarnın olmamışdır heç bir zaman tox,
Arif olub yaman gözlərinə ox,
Səni palatada qane edən yox,
Sənə Lalə kimi bir "Madam" gərək.
Pənah Hüseynov:

İşimi məğlub tək sona vermərəm,
Gəlib qərargaha qona, vermərəm,
Sədrlik postunu ona vermərəm,
Arif kimisinə min qadam gərək.

Razi Nurullayev:

Məramın-məqsədin olubdu pislik,
Qəlbinə şəfqət yox, dolubdu pislik,
Pis hala salıbdı səni xəbislik,
Çəksin cəhənnəmə bir Xudam gərək.

Pənah Hüseynov:

Bossdan gələn payı tıxın, qoymaram,
Sədrliyə ola axın, qoymaram,
Arifi o posta yaxın qoymaram,
Dönsün Müsavata tez odam gərək.

Razi Nurullayev:

Deyir Pənah kəsil, müsavatçıyam,
Partiyadan əksil, müsavatçıyam,
Arif deyir əsil müsavatçıyam,
Sədr nə, ləzzəti mən dadam gərək.

Pənah Hüseynov:

Elə sən özün də döz məqsədimə,
İlham məqsədimə, söz məqsədimə,
Tez nail olmasam öz məqsədimə,
Gündüzü gecəyə mən qatam gərək.
Razi Nurullayev:

Bossla razılığa tez gəlmək üçün,
Elə sədr kimi dikəlmək üçün,
Sənin səviyyənə yüksəlmək üçün,
Dostları sənin tək mən satam gərək.

Pənah Hüseynov:

Mən lətifə deyim, qəşş elə, uğun,
Olar İsa kimi boynum da yoğun,
Arabir Arifin basıb quyruğun,
Daim qərargahda kök atam gərək.

Razi Nurullayev:

Sənin kimisinə qəsd eləməkçün,
İsanı bişirib məst eləməkçün,
Arif Hacıyevi dəstəkləməkçün,
Onun dostlarını oyadam gərək.

Pənah Hüseynov:

Qorxuram vicvicə basa qəlbinə,
Gedib çatmaq üçün qısa qəlbinə,
Rəhm gətirməkçün İsa qəlbinə,
Qıvrılıb qapıda çox yatam gərək.

Razi Nurullayev:

Gərək zaman sənə yuva qayıra,
Sənin də nəsibin bağlı çayıra,
Atan zaman səni İsa bayıra,
O zaman arzuma mən çatam gərək.
Pənah Hüseynov:

Yağdırram üstünə daim tərifi,
Gözüm yaman yeyir mənim hərifi,
Gərək sıxışdıram küncə Arifi,
Başında çatlaya hər xatam gərək.

Razi Nurullayev:

Veribdi zamanı puça liderim,
Sənin əleyhinə coşa liderim,
İsa də, Əli də qoşa liderim,
İstərdim bu ola həm qudam gərək.

Pənah Hüseynov:

Uduzar mənimlə eyləyənlər bəhs,
Gətirmə qarşımda nə tək səbir, nəhs,
Mənim əleyhimə çıxa bilən kəs,
Olsun diribaşlı bir cüdam gərək.

Razi Nurullayev:

Gərək ətrafıma baxıb sürüyəm,
Başına cüt buynuz taxıb sürüyəm,
Ya səni mən yerə yıxıb sürüyəm,
Ya da mən özümə yük tutam gərək.

Pənah Hüseynov:

İsa dram gəzər kirvələrində,
Əli nəfəs almaz daha dərində,
Gözüm Müsavatın zirvələrində,
Sənə də uduzsam, mən batam gərək.

Razi Nurullayev:

Kükrəyən ifratlar selindəyəm mən,
Müsavatda İsa dilindəyəm mən,
Cəbhədə Əlinin əlindəyəm mən,
Mənim palatada yek odam gərək.

Digər xəbərlər