İqbal Ağazadə:
Eşitdim 10 milyon qrant gələcək,
Palata sevinib qəlbən güləcək,
Pulu da liderlər birgə böləcək,
Mənim "Ümid"imə para buraxın,
Vurmadan könlümə yara, buraxın,
Nə olar, məni də ora buraxın.
Nurəddin Məmmədli:
Məqsəd savaşında durmadın mətin,
Səni palataya buraxmaq çətin,
İstər yara töksün sirin-sifətin,
İstər içinizdə xora buraxın.
İqbal Ağazadə:
Pula ödənərdi bir qisim dərdim,
Mən də dincəlməyə çıxıb gedərdim,
Azdan-çoxdan sizə kömək edərdim,
Belə cəhənnəmə-gora buraxın.
Nurəddin Məmmədli:
Bizimlə pulları bölməli olsan,
Mənim kimilərə gülməli olsan,
Əgər palataya gəlməli olsan,
Məni gəmilərdə dora buraxın.
İqbal Ağazadə:
Qrant qazanmağa həvəsim dəniz,
Ölərdim, bir küncdə öl də desəniz,
Lap razı olardım pul verməsəniz,
Razıyam, çörəyə-şora buraxın.
Nurəddin Məmmədli:
Dərd və kədəriniz poladı dəlsin,
Qurumlarınızın ömrü gödəlsin,
Qoy qoxunuz bizdən kənarda gəlsin,
İstəməzdim burda qara buraxın.
İqbal Ağazadə:
Yüklənsin bizlərə ən ağır qruz,
Başımız üstündə siz liderlər-tuz,
Nə olar, qurumda olun siz xoruz,
Bizi toyuq sayıb tara buraxın.
Nurəddin Məmmədli:
Hər yerindən duran asan yol tapıb,
Hövlanak dördnalla buraya çapıb,
Elə pulları da asanca qapıb,
Gəlin bizi burda tora buraxın.
İqbal Ağazadə:
İstər cilovlayıb lap belimə min,
Əsla, bağlamaram sizə qarşı kin,
Qoyun ciblərimə bir-ikicə min,
Mahnı oxumaqçün xora buraxın.
Nurəddin Məmmədli:
"Ümid"i palata sarı qaldırın,
Sədrinə bir dəncək darı qaldırın,
İqbalın cibinə dollar doldurun,
Gül eşqli bülbülü xara buraxın.
İqbal Ağazadə:
Mənim boğazıma dirə dizini,
Siz hamınız verin mənə izini,
Qrantın çox cüzi bir faizini,
Mənim tək zəhərsiz mara buraxın.
Nurəddin Məmmədli:
Gördük bu fağırı hey qiyyə çəkən,
İndi də olubdu pula göz dikən,
İqbalı gətirim yetişmiş ikən,
Bayıra atanda zora buraxın.
İqbal Ağazadə:
Yazığam, partiyam iflas eyləyib,
Yaxşılar pisləri əsas eyləyib,
"Ümid"i səhradan xilas eyləyib,
Nar vaxtı Göyçayda nara buraxın.
Nurəddin Məmmədli:
Üz-gözü bit-birə, ziyil bu zəvzək,
Edir palataya meyil bu zəvzək,
Xoş söz başa düşən deyil bu zəvzək,
Ona əzab verib, zara buraxın.
İqbal Ağazadə:
Qoysam önünündə yerdən yerə diz,
"Ümid"də buraxa bilərsiniz iz,
Keçib bir-iki min avronuzdan siz,
Sonra istəsəniz dara buraxın.
Nurəddin Məmmədli:
Sizlərdə hər dəli olar bir cürə,
Bir cürə tullanar göylərə hərə,
Sıxlaşın gəlməmiş sizlər bir yerə,
Bizim palatada sıra buraxın.
İqbal Ağazadə:
Əvvəl palataya bir fayda gətir,
Sonra boss verəni içəri ötür,
Önünə atılan avronu götür,
Bildirçin ovunu sara buraxın.
Nurəddin Məmmədli:
Siz müəllim yerinə verib hər bəyi,
Əsla, azaltmayın zəhməti, səyi,
Biryolluq əl açıb siz dilənməyi,
Topallara, kora, kara buraxın.
İqbal Ağazadə:
Yüz-yüz əli atın qlanda, olsa,
Çoxlu qrant verin, planda olsa,
Mənə qiymət verin, yalan da olsa,
Reytinqiniz üçün fora buraxın.
Nurəddin Məmmədli:
Bizə gətirmədin iftixar mətni,
Az yerit beynimə, İqbal, dar mətni,
Bilib ən mükəmməl bir şüar mətni,
Havanı doldurub şara, buraxın.
İqbal Ağazadə:
"Ümid" sevincini ilk toyda verər,
Pay çox qazananda, lap pay da verər,
İqbal palataya çox fayda verər,
Qane eyləməsə, kora buraxın.
Nurəddin Məmmədli:
Onu götürməyin siz öhdənizə,
Cüzi bir fayda da verməsə sizə,
Yalan desə atın çirkin dənizə,
Özünü doğrultsa, para buraxın.