İsa Qəmbərov:
Mən dedim Əliyə qabarıb şir tək,
Digər rəqibləri qorxudaraq bərk,
Birlikdə şəhərdə mitinq keçirək,
Mənimlə birləşmək gəlirdi asan,
Əli əleyhimə qaynatdı qazan,
Məndən kənar gəzdi bu qorxaq insan.
Əli Kərimov:
Palata hardasa bitməyəcəyik,
İsa dediyini etməyəcəyik,
Bizlər nümayişə getməyəcəyik,
Məsləhət istəməz özünü asan.
İsa Qəmbərov:
Müsavatda ömür sürmək istəmir,
Bossdan da bir dənə dürmək istəmir,
Gördüm palataya girmək istəmir,
Əlinin mən oldum başından basan.
Əli Kərimov:
Yaxşı cəhətdən çox, pis cəhətin var,
Adam çiyrəndirən acı ətin var,
Həyatda çox böyük qəbahətin var,
Afərin deyərdim, sən günah yusan.
İsa Qəmbərov:
Əskik adamların öyüdünə qaldım,
"Yurd"un və Cəbhənin meyidinə qaldım,
Özüm cibişdanın qeydinə qaldım,
Bu Əlini gördüm həmişə qusan.
Əli Kərimov:
Sən yanımda təksən, qazonu otla,
Səhvini tutaram dəlil-sübutla,
Daim üzləşibsən eniş-süqutla,
A dil pəhləvanı, bir yorul, usan.
İsa Qəmbərov:
Bir müddət bossların xaşını yedin,
Sənə maşın verdim, maşını yedin,
Çıxıb gedənlərin başını yedin,
Sənin qurumunda verilmir ehsan.
Əli Kərimov:
Bossun ətəyindən tutdun ikiəlli,
Dilsizkən özünü göstərdin dilli,
Səni yıxmaq üçün planım bəlli,
Təsbehin çox uzun, gödəkdi əsan.
İsa Qəmbərov:
Haya gəlmirsənsə, sən bir huya gəl,
Arif deyilsənsə, daş gəl, qaya gəl,
Adamsan, ərk edib palataya gəl,
Özünə yanımda bir hörmət qazan.
Əli Kərimov:
Çox sənin yanına şəstlə buyurdum,
Təmin olunmadı ehtikar qurdum,
Yüksək Müsavatdan özümün "Yurd"um,
Səndən nə öyrənim, zəifdi bazan.
İsa Qəmbərov:
Hər xırda məqamda çox məqsəd güddün,
Səni çox çağırdım, sən çıxıb getdin,
Kinayəylə baxıb dikbaşlıq etdin,
Səni məhv elədi məhvəri pozan.
Əli Kərimov:
Cəbhə kütlələrə çox qafa verdi,
Əli yetkiliyə sülh, səfa verdi,
Yaxın həmkarların istefa verdi,
Altından başına dəydi öz masan.
İsa Qəmbərov:
Boldu hər ərzaqla bazar, dükanım,
Səni də çağırır dostlu məkanım,
Get-gedə genəlir bosslu məkanım,
Zülmətə qərq olur Cəbhədə fəzan.
Əli Kərimov:
Səni dəvət etdim bizə nahara,
Ətrafda dəstəkçin enib çahara,
"Yurd"um getməkdədi üzü bahara,
Sənin taleyinə çökübdü xəzan.
İsa Qəmbərov:
Çox xoşuma gələr mənə əyilsən,
Mənim yanımda sən adi cəyilsən,
Sən indi heç nəyə qadir deyilsən,
İndi palatada qurulub mizan.
Əli Kərimov:
Sorağın gələcək ucqar qaladan,
Tez-tez qidalandın hamar maladan,
Mən çox uzaqdayam xata-bəladan,
Daim öz başında çatladı tasan.
İsa Qəmbərov:
Mənə çox xoş gəlir lilli muğamlar,
Qanını duruludur yelli muğamlar,
Mənə təsir etmir milli muğamlar,
Sənin şüuruna sığışmır ozan.
Əli Kərimov:
"Yurd"un dəstəkçisi, haləsi çoxdu,
Deyirlər İsanın naləsi çoxdu,
Mənim ətrafımda beləsi çoxdu,
Sənə yaxın gəlməz bir tarix yazan.
İsa Qəmbərov:
Tez xəbər tutmuşam pul sədasından,
Çox xoşhal olmuşam Qərb nidasından,
Yemişəm həmişə boss qidasından,
Yanıma gəlməsən boş qalar kasan.
Əli Kərimov:
Dayanın qarşımda daim lal kimi,
Döydün gözlərini şanssız mal kimi,
Süzdüm səmalarda mən qartal kimi,
Sən isə qarşımda adi bir fazan.
İsa Qəmbərov:
Sənin kimiləri çox saldım yola,
Reytinqin enibdi yanımda nola,
Siyasi meydanda mən bir akula,
Sən isə ovuma dönmüş bir sazan.
Əli Kərimov:
Siyasət girməyən başın taqqıldar,
Daim istedadım çağlar, pıqqıldar,
Mənim sümüklərim şaq-şaq şaqqıldar,
Ağrılar içində sənin hər əzan.