PDF Oxu

Köşə

  • 15

ASDP və ALP-nin birləşdirilməsi məsələsi gündəmə çıxarılıb

ASDP və ALP-nin birləşdirilməsi məsələsi gündəmə çıxarılıb

Araz Əlizadə:

Lalə üzümüzə irişə bilsə,
Əvəz ifratlara dirəşə bilsə,
ASDP, ALP birləşə bilsə,
Kütlə əldə edər misilsiz inci,
İsaya, Əliyə deyərək inci,
Radikal cinahda olluq birinci.

Əvəz Temirxan:

Artıq ata bilmir boy radikallar,
Tutardı bizlərə toy radikallar,
Aza qane olsun qoy radikallar,
Biz gözaltı edək çaharı, pənci.

Araz Əlizadə:

Pörtür sifətləri hamamda buğdan,
Əsər-əlamət yox onlarda ağdan,
Üzləri saralıb uğursuzluqdan,
Baxırlar bizlərə sanki bir zənci.

Əvəz Temirxan:

Gətirməyə varın-yoxun qoymayaq,
Başlasa quruma axın, qoymayaq,
Onları birliyə yaxın qoymayaq,
Çoxu hay-küyçüdü, bir bizik dinci.

Araz Əlizadə:

Çətin bu fikirdən dönə bilərik,
İncidənlər olsa, dinə bilərik,
Diribaşlarını yenə bilərik,
Bizdən uzaq olsun radikal linci.

Əvəz Temirxan:

Naqis bəxt bağından gül dərə bilməz,
Radikal tərs gedər, dağ-dərə bilməz,
Bizi yolumuzdan döndərə bilməz,
Radikalın gici, ifratın bici.
Araz Əlizadə:

Mən sənə, sən mənə olluq dayaqlı,
Bizdə bar ağacı qollu-budaqlı,
Hər bir şey bizlərdə yerli-yataqlı,
Kimsə poza bilməz birlikdə dəci.

Əvəz Temirxan:

Rəqiblərin yeri basırıq, kolluq,
Biri-birimizə edərik qulluq,
Tezliklə birləşib qol-budaq olluq,
Artar nüfuzumuz bir ilə geci.

Araz Əlizadə:

Türk babamız olub qədimdə hunlar,
Bizə bir məhəkdir, əlbəttə, bunlar,
Qoy bizə aqillər yaxınlaşsınlar,
Qəbul eyləmirik sərsəmi, gici.

Əvəz Temirxan:

Qurumu dağılan bir ibrət alsın,
Salam verməyənlər salamat qalsın,
İfratın zahiri özünə qalsın,
Bizə maraqlıdı insanın içi.

Araz Əlizadə:

Radikal kəslərdə düşüncə dayaz,
Bizim birliklərin məqsədi bəyaz,
Bizdən əsirgəməz pulunu Ayaz,
Alarıq yeməyə biz qoyun, keçi.
Əvəz Temirxan:

Ağlardı bizlərə gülmək istəyən,
Çox şey öyrənərdi bilmək istəyən,
Çoxalar qırıma gəlmək istəyən,
Qərargah isinər, qızdırsaq peçi.

Araz Əlizadə:

Mənim uğuruma hərdən gülənlər,
Külü torbalarla başa ələnlər,
Dünən bizə aşkar kələk gələnlər,
Onların hər biri nəçidi, nəçi?

Əvəz Temirxan:

Blok yaratmaqda artıb həvəslər,
Bizləri Ayazın pulları səslər,
Bizim bu birliyi heç sayan kəslər,
Alsın gözlərinin altına heçi.

Araz Əlizadə:

Önüm açıqlıqdı, sərt divar deyil,
Bura qərargahdı, kafe-bar deyil,
Əlbəttə, yerimiz gendi, dar deyil,
Bizim məkanımız blokun küncü.

Əvəz Temirxan:

Radikal fikirə dalar müxtəsər,
Yolu yaxşı bura salar müxtəsər,
Qızıl önümüzə qalar müxtəsər,
Saxlarıq onlara gümüş, bürüncü.
Araz Əlizadə:

Dağların zirvəsi-yalı bağlıdı,
Bossun radikala pulu bağlıdı,
Çox birlik-blokun yolu bağlıdı,
Açıq önümüzdə Zodiak bürcü.

Əvəz Temirxan:

İfratlar basmaqda yenə də gopu,
Guya yad qapıya vurublar topu,
Biz öz xalqımıza açarıq qapı,
Onların sirdaşı erməni-gürcü.

Araz Əlizadə:

Cəfəng danışırlar, ağrımaqda əng,
İndi ifratda yox, bizdədi ahəng,
Biz tezcə böyüyüb olarıq nəhəng,
Onlar qarşımızda bir xırda cücü.

Əvəz Temirxan:

Rəqiblərdə topal, həm şil qüvvəsi,
Əlidə, İsada bir dil qüvvəsi,
Olacaq bizlərdə on fil qüvvəsi,
Qarışqa gücüdü onların gücü.

Araz Əlizadə:

Ustadı meydanı kir eyləməkdə,
Yalandan özünü şir eyləməkdə,
Hər biri yüzü də bir eyləməkdə,
Biz beş eyləyərik tezliklə üçü.

Əvəz Temirxan:

Qurumda şad-xürrəm xəyala dallıq,
Yeri titrədərik biz doqquz ballıq,
Biz düşüb acığa burda kök sallıq,
Qərbə döndərsinlər qoy onlar köçü.

Digər xəbərlər