PDF Oxu

Köşə

  • 19

“QUH" yarandı, ancaq altı qurumun yox, ikisinin iştirakı ilə

“QUH" yarandı, ancaq altı qurumun yox, ikisinin iştirakı ilə

İqbal Ağazadə:

Bizə birləşmədi nədənsə güruh,
Nə məndə, Sərdarda gəbərmədi ruh,
Nəhayət, yarandı sevdiyimiz "QUH",
Qəlbim diqtə edir mənə ki, ad çək,
Bu qurum səmada çaxdı şimşək tək,
"Qarabağ Uğrunda Hərəkat" demək.

Sərdar Cəlaloğlu:

"VİP" Əli Əvəzlə qalmaqdadı mat,
Nə Lalə bu yana çapırtmadı at,
Yaxına gəlmədi nə "Yurd", Müsavat,
Çox su aparacaq, deməli, bu lək.

İqbal Ağazadə:

"Cəngi", "Ruhani" ol, həm "Segah", "Şur" ol,
Arıt boğazını, səsdə sən gur ol,
Sənin yanındayam Sərdar, cəsur ol,
Münbit "QUH" ləkində sağlam toxum ək.

Sərdar Cəlaloğlu:

Lalə siyasətdən tezliklə doyar.
"VİP"-i, ALP-ni soğan tək soyar,
"Yurd"u, Müsavatı arxada qoyar,
"QUH"-un uğuruna əsla etmə şəkk.

İqbal Ağazadə:

Deyirlər İsaynan Əli çəkir ah,
Çox reytinq itirir gendən baxan "QAH",
"QUH"-un uğurunu görüb hər bədxah,
Bizim yanımıza qaçacaqdı bərk.

Sərdar Cəlaloğlu:

Üzv qəbul edərik bəlidən sonra,
Kim qalar sırada dəlidən sonra,
Həmin o İsadan, Əlidən sonra,
Pənah da edəcək siyasəti tərk.

İqbal Ağazadə:

İfrat yol dərin uçurum olacaq,
Bizimçün münasib durum olacaq,
Gələcəkdə yaxşı qurum olacaq,
"QUH"-a girərdilər, etsəydilər dərk.

Sərdar Cəlaloğlu:

Mükəmməl qurumdu, şübhəsiz ki, "QUH",
Çox tez süqut etdi həm "DUBB", həm də "DUH",
Yeddi liderini tərk etdi "SİRSUH",
Bizim qurumlardan budur vacib fərq.

İqbal Ağazadə:

İfrat itkiləri oldu çox şeylər,
Getdi əbəs yerə zəhmətlər, səylər,
Qərbdən yararlandı radikal bəylər,
Qrant verə bilər həm Qərb, həm də Şərq.

Sərdar Cəlaloğlu:

Onlarla partiya doğulub getdi,
Lüzumsuz qurumlar boğulub getdi,
Əlinin cəbhəsi dağılıb getdi,
İstefa İsanı etdi dərdə qərq.

İqbal Ağazadə:

Liderlik az idi ciddi post kimi,
Getdi Əli, İsa adi tost kimi,
Onları anmadıq əsla dost kimi,
Sən öz işində ol, faydasızdı ərk.
Sərdar Cəlaloğlu:

Radikal bəylərin bəlaları çox,
Bossun verəcəyi paraları çox,
Cavanşir, Koroğlu qalaları çox,
Qəlb gələr riqqətə görükəndə Ərk.

İqbal Ağazadə:

Digər liderlərin bizə yad özü,
"MBH" olubdu çoxdan pat özü,
Yaman öləziyib Müsavat özü,
Yalnız bizim "QUH"-du gendən vuran bərq.

Sərdar Cəlaloğlu:

Qərbdə ifratlara göz-qaş edilib,
Çoxları yamanca ağbaş edilib,
Əli də, İsa da çıxdaş edilib,
İndi qalmamışdır bizdə əsil bəy.

İqbal Ağazadə:

Hər qurum deyildir bizim "QUH"-a bab,
Pulsuz gətirmədi radikallar tab,
Qapını döyməsin gecikən cənab,
Əbəsdi sonradan edilən hər səy.

Sərdar Cəlaloğlu:

Radikal cinahda gərgindi durum,
İndi düyməciyi nə səmtə burum?
"QUH" heç olmayacaq lazımsız qurum,
Bizdə nə axtarır hər başıboş, səy?

İqbal Ağazadə:

Olarıq, inşallah, şux gələcəkdə,
İkimiz olarıq ruh gəlcəkdə,
Şöhrət qazanacaq "QUH" gələcəkdə,
Mənim ürəyimə gəlib belə vəhy.

Sərdar Cəlaloğlu:

Səhvin çoxluğunu biz əzəl etdik,
Laləyə dil töküb "bizə gəl" dedik,
İsaya, Əliyə əlbəəl dedik,
Heç biri bizimlə olmadı həmrəy.

İqbal Ağazadə:

Biz Dürata mindik, onlar Qırata,
Əlimiz çatmadı o vaxt barata,
Bir vaxt əl açanda biz Müsavata,
O adam vermədi bizə hətta zəy.

Sərdar Cəlaloğlu:

Bizə lazım olan dolu mədədi,
Edilən cəhdlər də təzyiq, hədədi,
Tez-tez təkrar edək-"QUH" zirvədədi,
Gəl biz yaratmayaq əsla mənfi rəy.

İqbal Ağazadə:

"QUH"-a arzuladım: sən get mayak ol,
Lalə dedi sən get "QUH"-a dayaq ol,
Əli mənə dedi mənə ayaq ol,
İsa əl eylədi, sən bir bizə gəl.

Sərdar Cəlaloğlu:

Soruşdum, dedilər İqbal bardadı,
İdeya aydındı, "QUH"da burdadı,
Sən əmin olginən, pul onlardadı,
Bossların önündə get qəddini əy.

Digər xəbərlər