Şərq uzun əsrlər boyu qaranlıq nağıl kimi qanlı əməliyyatın içində qalıb çapalayır. Bu, həm də qanlı "Şərq romanı"dır. Bəli, bu tarixin qanla yazılmaqda olan romanıdır. Misirin keçmiş prezidenti Hüsnü Mübarəkdən başlayaraq neçə gündür 1000-dək insanın qanını tökən, öz hakimiyyət manyaklığı ilə ad çıxaran Müəmmar Qəddafiyə qədər olan qanlı "Şərq romanı"...
Artıq oğlu da bu adamdan üz döndərib. Qızı Aişəni də BMT-dən qovdular. Atalarına görə övladlar dəhşətli mənəvi işgəncə keçirir. Təbii ki, əgər onlar da ataları kimi deyillərsə... Amma bunlar Mübarəkin, Qəddafinin, nə bilim, onlarca ərəb hökmdarlarının vecinəmidir? Qətiyyən! Bunlar hakimiyyətə gələn kimi əvvəlcə gedib Moskvanın qoynuna sığındılar, rəhmətlik Leonid İliç Brejnevin əlini öpdülər. Amma indi daha öpüləcək bir əl də qalmayıb daha. İndi kimin əlini öpəcəklər? Dmitri Medvedevlə Vladimir Putinin? Yox, onların əlini öpməklə də hakimiyyəti qorumaq müşkül məsələdir. İndi zəmanənin küləkləri sərt əsir. Zavallı Qəddafi, sən 40 ildir ki, kökünü, şəcərəsini söydüyün ABŞ-ın, Qərbin gücünü nə bilirdin? Bir də sən, neçə on illərdir qoltuğuna sığındığın Moskvanı da yaxşı tanımamısan.. İndi onların siyahısında SƏN DAHA YOXSAN!
Onlar 40-45 illik hakimiyyətlərini, var-dövlətlərini, hərəmxanalarındakı gözəllərini əldən vermək istəmirlər, okeanın o tayındakılar, Avropa nəhəngləri isə kralların və şahların zəngin sərvətlərini ələ keçirmək üçün "Şərq əməliyyatı"na başlayıblar. Bəs Rusiya bu oyunda hansı tərəfdə yer alır? Bax, bu, çox qaranlıq məsələdir. Çünki ola bilməz ki, neçə onilliklər boyu bunların mənəvi atası kimi çıxış edən Moskva, bu oyundan öz payını götürməsin, bu, mümkün deyil! Həm də Avropadakılar və Vaşinqton Moskvanın "dobrosu" olmadan bu işə əl qoya bilməzdi. Bu əməliyyat daha çox 40-50 illik kralların və hökmdarların sərvətlərini ələ keçirmək, onların bütün Şərq bir yana dursun, az qala bütün dünyaya meydan oxuyan milyardlarını, yüz tonlara bərabər olan qızıl sərvətlərini cənginə keçirmək üçün və yeni iqtisadi zonalar qoparmaq üçün başlanılıb.
Neynəsinlər? Qabaq İraqa nüvə bombası adı ilə girmək mümkün idi, indi nə ad qoyacaqdılar? Odur ki, strategiya okeanın o tayında belə məsləhət bilinib. İraq kartı daha işə keçmədi, Bir müddət əvvəl Toni Bleyer çıxıb hər şeyi etiraf etdi ki, o vaxt İraqda bomba-filan olmayıb, sadəcə, çoxlu neft olub ki, onu da ələ keçirmək istəyiblər, vəssalam!
Elə "Şərq əməliyyatı"nın da əsasında Şərq diktatorlarının trilyardlara bərabər sərvətləri, bu ölkələrin iqtisadi resursları və regiondakı prosesləri ələ keçirmək istəyi dayanır. Yoxsa Barak Obama Ağ Evin bağçasında Bill Klintonun xanımı Hillari ilə keçirdiyi mətbuat konfransında bütün dünyanın gözü önündə deməzdi ki, Şərqdəki bu proseslərdə onun hökumətinin və BAŞQALARININ QƏTİYYƏN ƏLİ YOXDUR!
Bax ha, B.Obama elə bir yalan söz işlədir ki, bu yerdə adamın həm ağlamağı, həm də dəli olmaq intuisiyası baş qaldırır. Deyir ki, bəs Şərqdə baş verənlər əsil xalq hərəkatıdır, insanlar zülmə dözməyərək ayağa qalxıblar, nə bilim nə, nə...
A kişi, sən nə danışırsan? Bu ərəblər 40-50 il idi ki, bunların zülmü altında idi. Bəs niyə bu vaxta qədər bir dəfə də olsun əllərini göyə qaldırıb etiraz üçün küçələrə çıxmırdı bu adamlar? Niyə bu vaxta qədər bir gecənin içində 4-5 ərəb ölkəsində krallara qarşı belə mütəşəkkil qiyamlar baş qaldırmırdı? Bəs bu günə qədər harda idi "azadlıqsevər" ərəblər?
Yox, cənab B.Obama, sən də düz danışmırsan! Bu, heç vaxt ola bilməz ki, ərəb və Afrika səhrasında insanlar mütəşəkkil olaraq bir gecənin içində bu insanların gözlərində "azadlıq və ədalət sevgisi" bu şəkildə qabara bilsin. Bu nağıllara daha heç kim inanmır, elə sən də! Bəli, beləcə davam edir qanlı "Şərq romanı". Ardı necə olacaq, bu oyunda kim udacaq, kim uduzacaq, bax, bunu bir göydəki Allah bilir bir də bu "roman"ın müəllifləri...