Tahir Kərimli:
Heç də gətirmədi "DUİ"-nin baxtı,
Siyasi meydanda çox zəif çaxdı,
Qurumun qəflətən çevrildi taxtı,
"MAP" bu gedişlərdən çıxdı çox naşı,
Qaldıra bilmədi "BAP" bircə daşı,
Mirmahmud dalınca tökdü göz yaşı.
Əhməd Oruc:
Mesajı ağaya ötürüb getdim,
"DUİ"-yə yüksəliş gətirib getdim,
Mən öz qurumumu götürüb getdim,
Qəlbimə salmadım əsla təlaşı.
Tahir Kərimli:
Əyrilərlə oldun, tapmadın düzü,
Qoşub böyrünüzə yalançı yüzü,
Tələsik tərpənib tökmüsən gözü,
Düzəldə bilmədin əsla sən qaşı.
Əhməd Oruc:
Çox qərargahlara nəm balaq asdım,
Ancaq "DUİ"-yə də nəhs zolaq asdım,
Mirmahmud nə dedi, mən qulaq asdım,
Çıxmadım heç zaman mən ona qarşı.
Tahir Kərimli:
Radikal meyliniz lap şərə döndü,
Cüzi qazancınız qəhərə döndü,
Digər bloklar min şükürə döndü,
Sizin "DUİ"-nizdə sındı çox kaşı.
Əhməd Oruc:
"Bərəkallah" desən, hop da yaxşıdı,
Bir qədər düz olsa gop da yaxşıdı,
"MAP" da, "Azadlıq" da, "BAP" da yaxşıdı,
Ancaq Mirmahmudun ağrıyıb başı.
Tahir Kərimli:
Verilən tapşırıq zorba düşürdü,
Öhdənizə ancaq torba düşürdü,
Sizə daim boyat şorba düşürdü,
Mirmahmud yeyirdi şüyüdlü aşı.
Əhməd Oruc:
İndi asudəsən, çəkil bir tinə,
Nahaqdan özünü salma çətinə,
"DUİ"-də nə işin, get Vəhdətinə,
Ya da ki, söykənib qarnını qaşı.
Tahir Kərimli:
Səndən üstün sayıb bizi Mirmahmud,
İtirib arada izi Mirmahmud,
Düz bir il aldadıb sizi Mirmahmud,
Qabağına çəkib ləzzətli xaşı.
Əhməd Oruc:
Siyasi əzmin var, buyur ud bizi,
Qoruyur su, torpaq, yellə od bizi,
Əgər aldadıbsa Mirmahmud bizi,
O zaman 70-ə çatmaz heç yaşı.
Tahir Kərimli:
Hər bir kəs edirdi "DUİ"-nizə lağ,
Burda lazım deyil olmaq falçı, maq,
Çox qüsurlu idi sizin ittifaq,
Başa vurmayacaq demişdim qışı.
Əhməd Oruc:
Qəribə jestlərin qəlbə yatmadı,
Vəhdətin əməlli bir kök atmadı,
Müasir kotana gücün çatmadı,
Odur ki, Basqalda möhkəm tut xışı.
Tahir Kərimli:
Sonra öyünərsən, bir gəl mənə çat,
Sonra öz hücrəndə qəm-kədərə bat,
Kababı Mirmahmud ötürür rahat,
Sən də get şor ilə qatla lavaşı.
Əhməd Oruc:
Ümid daşa dəydi biz qaldıq darda,
Bunlar deyilməyib əsla qərarda,
Mirmahmud asudə oldu kənarda,
Bizə təklif etdi qovğa-savaşı.
Tahir Kərimli:
Mirmahmud yolundan sapdı birinci,
Sizin tək hərifi tapdı birinci,
Plovu, kababı qapdı birinci,
Sizlərə ötürdü boyat bozbaşı.
Əhməd Oruc:
Əfəlin birisən, bir qərarın yox,
Nə mülkün, nə malın, nə də varın yox,
Əynində bir təzə pal-paltarın yox,
Guya geyinirsən alı-qumaşı.
Tahir Kərimli:
"BAP"-ına, "MAP"-ına eylə sən diqqət,
Çətin ki, yarana qəlbində hiqqət,
Mirmahmud xeyli tox görünür, fəqət,
Alnında genəlib sifət qırışı.
Əhməd Oruc:
Həmişə ucadan sən salmısan səs,
Ancaq çox cəhdlərin olubdu əbəs,
Ey mənə nahaqdan rişxənd edən kəs,
Dünən gəmirirdin çöldə qamışı.
Tahir Kərimli:
Bir şeyi biryolluq başa düş barı,
Bizim partiyada həddən çox darı,
Gəlsəydin sən nazsız Vəhdətə sarı,
Biz təmin edərdik sizə barışı.
Əhməd Oruc:
Sözsüz, xəbərsizik öz ulumuzdan,
Sapmarıq heç zaman biz yolumuzdan,
Tutmağa ehtiyac yox qolumuzdan,
İnamla keçirik biz hər qarışı.
Tahir Kərimli:
Qane olmadınız heç zaman aza,
Bənzədiz siyasi meydanda qaza,
Artıq "DUİ"-niz də getdi güdaza,
Uğurla vururuq başa yarışı.
Əhməd Oruc:
Bizdə ləpir yeni, aşkar iz yeni,
Köhnə siyasətlə sizlər, biz yeni,
Daxilə xərclədik biz enerjini,
Sizlər ikiəlli qapdınız dışı.