Əli Əliyev:
Bizi "Azadlığ"a tezcə çək apar,
Arada görməzsən nə hasar, divar,
Sərdar var, Lalə var, burda İqbal var,
Yerini burada eylə sən təyin,
Gələndə sürəti götür sən yeyin,
Əsil qurumudu o, gələcəyin.
Əli Kərimov:
Sənin ardıcılın gendə mələsin,
Hər lider quruma qoysun tələsin,
Qoy boss şeflər məni pulla bələsin,
Sənə əta etsin Yaradan beyin.
Əli Əliyev:
Zərbdən səpələnsin əngin göylərə,
Bizsə sahib olaq zəngin göylərə,
Qoy "VİP" qanad açsın əngin göylərə,
Siz isə bossların pulunu yeyin.
Əli Kərimov:
Bizim palatanın olmaz tayı da,
Yox sizdə süqutun əsla, sayı da,
"Azadlıq" dediyin o dar quyuda,
O qədər dolaşdın, qalmamış heyin.
Əli Əliyev:
Soyudar qəlbini soyuq buz inci,
Siz uğurdan uzaq, bizlər tuz inci,
"Azadlıq" buraxar qüsursuz inci,
Lüzumsuz blokda sən gəl az deyin.
Əli Kərimov:
Xoruzlu yumurta beçələyərdik,
Çox yeni üzvlər cücələyərdik,
Meydanda çadırda gecələyərdik,
Narıncı geyim yox, çılpaqdı əyin.
Əli Əliyev:
"Azadlıq" adi bir düymə sinənə,
O qozbel belinə, əymə sinənə,
Gəl lüzumsuz yerə döymə sinənə,
Heç şübhə yoxdu ki, əbəsdi səyin.
Əli Kərimov:
Sən oldun çox məzə-meylər xoşçusu,
"Azadlıq" adlanan kafe xaşçısı,
Mən "islahat" adlı cəbhə başçısı,
Sən öz dostlarınla birisən səyin.
Əli Əliyev:
Burda bir saata ciblərin doldu,
Orda on beş ilə yanağın soldu,
Bizim "Azadlıq"da ideya boldu,
Beyin əvəzinə başında peyin.
Əli Kərimov:
Sənin "Azadlığ"ın əcnəbi, mason,
Bizdə ayaq altda yamyaşıl qazon,
Könüllər oxşayır bizdə vid-fason,
Səndə indiyədək batıqdı çiyin.
Əli Əliyev:
Bu yeni qurumda dingildəşirik,
Metal pullar kimi cingildəşirik,
Biz meyxoş oluruq, zənginləşirik,
Heç nəyi qalmamış sən Əli bəyin.
Əli Kərimov:
Gəldi rəqibin də cəld yüyür, gördüm,
Sizi pələng deyil, mən cüyür gördüm,
Etibarla səni mən bu cür gördüm,
Ağzına dad verir, yəqin ki, meyin.
Əli Əliyev:
İmkanın çoxdursa, çoxlu, gur tulla,
Çevrilib vulkana ordan qır tulla,
Narıncı geyimi soyun cır, tulla,
Üstdən qıfıllanıb sən altdan geyin.
Əli Kərimov:
Bizə gəl, sən burda yeyib-şişərsən,
Siyasi meydanda həm də bişərsən,
Mən baxdım, bir qədər dəymədüşərsən,
Çatışmır bədəndə nə yodun, zəyin.
Əli Əliyev:
Döşünə döysən də bizdən gerisən,
Bizim "Azadlığ"ı gəlib kürü sən,
Uzağa getməzsən yavaş yerisən,
Çatarsan bizlərə yerisən yeyin.
Əli Kərimov:
Bizim qurumları heç sar aşmayıb,
Nə də cibinizdə mülk, var aşmayıb,
Sizdən indiyədək bir kar aşmayıb,
Atıb "Azadlığ"ı, bir bizə dəyin.
Əli Əliyev:
Üz tutun yenə də Senat, Dumaya,
Xaricin qrantı mümkün sal qaya,
Siz balonlar isə qalxın səmaya,
Ordan paraşütsüz siz yerə dəyin.
Əli Kərimov:
Sənə boş yerişin gəlmirmi ayıb?
Bosslar sizə yazıb həmişə qayıb,
Mən irəli getdim yerimdə sayıb,
Sənsə blok deyib dalanda tüyün.
Əli Əliyev:
Sənə qurban getməz bizim dirimiz,
Sizi sındırardı azman irimiz,
Bizim "Azadlıq"da gendi yerimiz,
İşlərin həmişə düşübdü düyün.
Əli Kərimov:
Bizlərdə lap çoxdu narıncı geyim,
Səninkindən yaxşı, sözsüz hər şeyim,
Adi "VİP" Əlisən, sənə nə deyim,
Qalxsan da yeddinci qatına göyün.
Əli Əliyev:
Yalandan demə ki, cəsur, tülüsən,
Diqqətlə baxılsa xalis ölüsən,
Cəbhəni dağıdan keçmiş Əlisən,
Az döy döşlərinə, sən gəl az öyün!
Əli Kərimov:
Qışdı buz bağlayıb donsa "Azadlıq",
Gedib yad çiyninə qonsa "Azadlıq",
Bir zaman çürüyüb sınsa "Azadlıq",
O vaxt cürət edib qapımı döyün.