Əli Orucov:
Əlac yenə araq şüşənə qaldı,
Səs-küy salmaq köhnə peşənə qaldı,
Mitinqlər istilər düşənə qaldı,
Palata batan tək Müsavat batıb,
Cəbhələr kənarda qalıb pas atıb,
"VİP", AMİP "DUİ"ylə lap çoxdan yatıb.
İqbal Ağazadə:
Zaman blokları doğan edəcək,
Bizi ağlar etsə soğan edəcək,
Yeni "Azadlıq"ın fəğan edəcək,
Əlinin, İsanın axırı çatıb.
Əli Orucov:
MKİ üstümüzə yüz göz göndərib,
Xaric üz döndərib, lap düz döndərib,
Əlidən, İsadan boss üz döndərib,
Yenə yuxusunu Etibar qatıb.
İqbal Ağazadə:
Edilmir qərargah yerləri də şum,
Hər yetən önümdə çıtlamaqda tum,
Deyir "Azadlığ"ın lideri olum,
İsanın damağı şirinlik dadıb.
Əli Orucov:
Qane olmamışlar heç zaman aza,
Yolub hamımızı bənzədib qaza,
Soğan doğrayaraq ovqatımıza,
Bizləri isalar xaricə satıb.
İqbal Ağazadə:
Qoymurlar boss payı yeyib artmağa,
Deyirlər nökər ol, mən olum ağa,
Ehtiyac da yoxdu sinə yırtmağa,
Hələ demək tezdi kim kimi udub.
Əli Orucov:
Başı qarışmamış qarpız-yemişə,
Yaxşı baxmayıbdı heç vaxt nəm işə,
Etibar ofsaytda qalıb həmişə,
Əli də, İsa da özünü tutub.
İqbal Ağazadə:
Radikal məqsədin son ucu mitinq,
Payıza qalacaq onuncu mitinq,
Nə zaman olubdu sonuncu mitinq,
İsa da, Əli də bunu unudub.
Əli Orucov:
Altına keçərlər üstü düşəndə,
Qaçarlar, o yerdən tüstü düşəndə,
Mitinq keçirilər isti düşəndə,
Bosslar miqdarını mənə sanadıb.
İqbal Ağazadə:
Mitinqə ümidlər guya qalıbdı,
Radikal ümidlər yaya qalıbdı,
Növbəti mitinqlər maya qalıbdı,
Aclıq aksiyası mənə sınadıb.
Əli Orucov:
Xaric bizə deyir öz yolunla get,
Bizim dediyimiz düz yol ilə get,
Keçirə bilmirik nə mitinq, piket,
Aksiya eşqi də qəlbi qanadıb.
İqbal Ağazadə:
Özünə ad qoyub ifrat tülüsü,
Xaricdən çox pullar alıb, ölüsü,
Nə İsa işləyib, nə də Əlisi,
Bizi də bosslara yaman qınadıb.
Əli Orucov:
İsa da, Əli də pulu şad alıb,
Bir iş görməyəndə bossdan mat alıb,
Özləri həmişə yaxşı ad alıb,
Pis adam kimi də bizi tanıdıb.
İqbal Ağazadə:
Biri, ya ikisi daşıyır tacı,
Radikal bəylərin taleyi acı,
Mənim tək xırdalar bir şam ağacı,
Əlisi söyüddü, İsası da dub.
Əli Orucov:
Mitinq, piket olmaz, yola girmədən,
Kolluqçu olmazsan kola girmədən,
Bossdan pul alırlar bir iş görmədən,
Heç bir iş görmürlər, biz deyirik, xub.
İqbal Ağazadə:
Əli də, İsa da əzəldən naşı,
Yerindən qaldıra bilmədən daşı,
Riya işlədiblər hər addımbaşı,
Radikal fikirlər çürüyüb-qoxub.
Əli Orucov:
Çoxunu oynadan səmum yelidi,
Qrantdan qaçanlar xalis dəlidi,
Yerində sayanlar İsa-Əlidi,
İstefa adıyla kadrlar axıb.
İqbal Ağazadə:
İndi içimizdə artıb talanlar,
Tərsinə yeriyib indi yalanlar,
"Cırtdan" adlanırıq biz ac qalanlar,
Əli də, İsa da çox qrant tıxıb.
Əli Orucov:
Sərçə qarğa üstə qanad çalıbsa,
Yolunu boss yolu üstdən salıbsa,
"Cırtdan"lar cüzi bir qrant alıbsa,
Hər yerindən duran başına qaxıb.
İqbal Ağazadə:
Bizlərə həmişə yaz xeyir verib,
Yuyunmayan bəyə taz xeyir verib,
Lider adlananlar az xeyir verib,
Min dəfə adamın başına qaxıb.
Əli Orucov:
Bir liderə belə qalmayıb talant,
İş görrük deyiblər yaman içib and,
Hansı boss fondunda görəndə qrant,
Ley kimi şığıyıb, şimşək tək çaxıb.
İqbal Ağazadə:
İfratın sözünün əzəli İsa,
Başını itirib bu dəli İsa,
Ötən süstlük dövrü həm Əli, İsa,
Nə iş görübdüsə önünə çıxıb.