Sülhəddin Əkbər:
Müsavat olmuşdu mənimçün qəfəs,
Günbəgün gəlməkdə mənə şövq, həvəs,
İndi almaqdayam asudə nəfəs,
Başqan dingildəyən adi bir dəfdi,
Sənin bacardığın badalaq, kəfdi,
İsanın yanından getmək şərəfdi.
Arif Hacıyev:
Çox tənə edirdin İsa bığına,
İndi sən qonaqsan sərçə qığına,
Yüksələ bilmədin lider dağına,
Liderlər yetirir İsanın cifti.
Sülhəddin Əkbər:
İsanın başına şimşək çaxacaq,
Aradan bulanıq sular axacaq,
Nə zaman ki, səndən molla çıxacaq,
O vaxt İsadan da çıxacaq müfti.
Arif Hacıyev:
Çox sağ ol, başqana lütf, vəfa verdin,
Bir çox əleyhdara sən şəfa verdin,
O gün ki, buradan istefa verdin,
Bizim Müsavatda, hələ ki, kefdi.
Sülhəddin Əkbər:
Bizik İsa bəyin dinc bidətçisi,
Sizlər hadisənin nəhs qiymətçisi,
Sən onun lüzumsuz bir xidmətçisi,
İsa da qurumda yarıtmaz şefdi.
Arif Hacıyev:
İsa bəy əlini boss tuza açdı,
Qərb bu ərazidə beş baza açdı,
Müsavat kütləyə darvaza açdı,
Sən vaxtdından çox tez bağladın lifti.
Sülhəddin Əkbər:
Əslində, səmuma dönüb möhkəm əs,
Kəsəndə, dostunu gözlə, düşmən kəs,
Çox puldan-qrantdan danışma əbəs,
İsanın önündə duran boş rəfdi.
Arif Hacıyev:
Başımız üstündə parlayır Zöhrə,
Sənsə güc vermisən kədərə, qəhrə,
Getməklə göstərdin-sən adi pöhrə,
İsa Müsavatda zəruri lifdi.
Sülhəddin Əkbər:
Birliklər, bloklar olub bəhanə,
Orada qalanlar naqis, divanə,
İsa liderliyi puç bir əfsanə,
Müsavatın isə adi bir mifdi.
Arif Hacıyev:
Gedişin əbədi bir bəhanədi,
Bildiyin meyxanə də miyanədi,
İsanın çıxışı dahiyanədi,
Alma sən ağzına lüzumsuz köfti.
Sülhədin Əkbər:
İnanma, desələr konfet, noğulsan,
Köhnə tas olardı bir də doğulsan,
Nə sən dediyin tək igid oğulsan,
İsa da özünü saymasın Mehdi.
Arif Hacıyev:
Əlininkindən çox gözdə sürməsi,
Götürməmsindən çox götürməsi,
İsanın adicə köks ötürməsi,
Sənin də üstündən əsən sərt mehdi.
Sülhəddin Əkbər:
Boss da Müsavatı etməkdə quldur,
Başqanı iflasdan ayıran qıldır,
İsa ağlamaqda, göz yaşı bıldır,
Zənn etmə göz yaşın jalədi, şehdi.
Arif Hacıyev:
Sizin dairədə düşüncələr dar,
Qərb də bağlamaqda bizimlə ilqar,
Ən yaxşı birliyi İsa yaradar,
Blokların sayı keçibdi həfti.
Sülhəddin Əkbər:
Sizin əyninizdə narıncı bir don,
Bu da iflasınız, bu da axır, son,
Sizə qrant verməz Vaşinqton, London,
Gəlin əlinizdən buraxın cəhdi.
Arif Hacıyev:
Müsavatda milli inam dərindi,
Kimsə deyə bilməz bizə, ərindi,
İsanın, sözsüz ki, nitqi şirindi,
Bal kimi dadlıdı dodaqda şəhdi.
Sülhəddin Əkbər:
Demə ki, başqana vəfalısan sən,
Niqablı, maskalı, əbalısan sən,
Qripsən, taunlu - vəbalısan sən,
İsanın mərəzi vərəmdi, tifdi.
Arif Hacıyev:
Gözünü-könlünü örtməkdədi qan,
Sən get liberallaş, radikalı dan,
Yetməmiş yerinə bircə ideyan,
Beynini çürüdən bir adi kifdi.
Sülhəddin Əkbər:
Əməlim salehdi, öz tuşumdadı,
Uğurum gerçəyə uçuşumdadı,
Mən getdim, ağlım da öz başımdadı,
Müsavatda qalan beş-üç hərifdi.
Arif Hacıyev:
Sizlər bütöv olun, olaq qırıq biz,
Birliyə qovuşan saqqız - qırıq biz,
Tənqiddən nəticə çıxarırıq biz,
Sənin sevdiyin şey ancaq tərifdi.
Sülhəddin Əkbər:
Liderlər ömrüdü halqalamaqda,
Bosslardı sizləri dalğalamaqda,
Süqut Müsavatı çulğalamaqda,
İndi girdiyiniz çox qorxunc rifdi.
Arif Hacıyev:
Xilas yolumuzdu İsa talantı,
Bossdu başımıza bağlayan bantı,
Axar cibimizə Qərbin qrantı,
Sizin nəsibiniz lüzumsuz behdi.