PDF Oxu

Köşə

  • 43

Kimdir rüşvətxor?

Kimdir rüşvətxor?
"Salam verdim, rüşvət deyil deyə almadılar"! Allah sən min kərə rəhmət eləsin, ay Məhəmməd Füzuli... Ay kişi, deməli, sən də rüşvətdən yaman "çəkirmişsən" hələ o zamanlar. Şairlərin sözü olmasın, deməli, rüşvətin yaşı elə bəni-insan övladının yaranışından bəri onunla neçə əsrləri keçərək yol gəlir. İndi baxın görün, neçə əsrlər bundan əvvəl, daha dəqiq desək, 1494-cü ildə bu dünyaya göz açan və cəmi 62 il yaşadığı bu işıqlı dünyada heç kimin rüşvət deyil deyənə onun salamını almadıqlarını ürək ağrısı ilə şeir dəftərinə köçürən bu insan rüşvətdən nələr çəkirmiş!..
Sözsüz ki, rüşvət bütür bəşəriyyəti yarandığı gündən öz caynağına almış bir taundur. Həm də insan övladının ən zərif və zəif "damarı"nı əlində girov olaraq saxlayan cani.. Amma kimlər üçünsə şirin bir arzu və ya yaşamaq vasitəsi, kimlər üçünsə öz haqlı mövqeyini sübuta yetirmək üçün ev-eşiyini satmaq və ya borca girmək yolu ilə də olsa, son qəpiyinə kimi ödəyib "ədaləti bərpa etmək" vasitəsi. Bizim el-oba dilində desək, "hörmət" vasitəsi. Bir də rüşvət verməyəndə və işin düzəlməyəndə az qala zərb-məsələ çevrilmiş bir söz də işlədirlər: "Hörmət hörmətə bağlıdır". A kişi, nə "hörmət", hansı "hörmət"dən danışırsan sən? Hələ bir utanmadan, xəcalət çəkmədən min bir borc-xərcə düş, ev-eşiyini sat, sonra apar kiməsə rüşvət də ver və sonra da dur bir də buna "hörmət" adı ver? Yenə sağ olsun dövlətimizin başçısını ki, korrupsiyaya qarşı mübarizə barədə bütün strukturları silkələdi, hər kəsi bu ictimai bəlaya qarşı mübarizəyə səslədi. Bu, həqiqətən də, böyük siyasi iradədir. Amma hər şeyi də dövlətin üzərinə qoymaq olmaz axı. Bu məsələdə bütün cəmiyyət məsuliyyət daşıyır, bir nəfər, iki nəfər yox. Axı rüşvəti verən də cəmiyyətdir, alan da. Fərq yoxdur, bu məmurdur, yoxsa fəhlə, ticarətçidir, yoxsa həkim! Məktəbdə yarıtmaz təhsil alan bisavad uşağına, ali məktəbdə auditoriyaya girib dərs almaq əvəzinə, kafe-barlarda sülənən tələbə övladına, yol qaydalarını pozaraq yol polislərini "şirinliklə görən" və heç sürücülüyə belə layiq olmayan "avtoş sürücüyə", nə bilim, arayış almaq üçün pasportunun arasında kargüzara vermək üçün beş- on manat "siqaret pulu" qoyan adi vətəndaşa, təqaüdçüyə qədər HƏR KƏS KORRUPSİYAYA GÖRƏ MƏSULİYYƏT DAŞIYIR!
Bu bir dövlətin deyil, bu ölkədə yaşayan hər kəsin, 9 milyonluq insanın həm də vətən borcudur. Korrupsiyaya qarşı mübarizədə bütün cəmiyyət vahid orqanizm kimi mübarizə aparmalıdır. Həkim müainəyə görə rüşvətmi istəyir? Vermə! Müəllim uşağına bilik vermək əvəzinə, ona yaxşı qiymət vermək üçün "hədiyyəmi" istəyir? vermə! Məmur sənədini düzəltmək üçün ürəyindən "şirinlik" keçirir? Heç pulun üzünü də göstərmə! Sən vətəndaş, səndən rüşvət istəyəni polisə təhvil ver, gör sonrası nə olur. Hə burası haqlı ki, bu, bir nəfərlə olası iş deyil. Bəli, elədir, bayaq da dedim, bu antikorrupsiya mübarizəsi bütünlüklə belə olanda rüşvətin kökünü kəsmək olar. Yoxsa, mən durub təkbaşına rüşvətə qarşı çıxım, bir acından ölənin birisi, canı çıxıb sənədlərini qaydasına salmaq və səbrlə bu iş üçün qanunun tələb etdiyi şəkildə müvafiq instansiyalardan keçmək üçün növbəyə dayanmaq əvəzinə, özünün can rahatlığı üçün hansısa bir xırda məmurun cibinə bir "şirinlik" qoyur ki, bəs işi tez həll olunsun. Aha, bax, burdan başlayır dəhşətli korrupsiya taunu!
Bundan sonra məsuliyyəti kim daşıyır? Artıq bütün cəmiyyət! Çünki sonrakı mərhələdə rüşvət vəba xəstəliyi kimi cəmiyyətin bütün orqanizmini sarır. Təəssüf ki, bizim ictimai şüurumuzda hələ də "qanun sevgisi" hökmranlıq edə bilmir. Belə getsə heç etməyəcək də. Açıq danışaq, bizim hər birimizin içində bir qanun sevgisi yaratmaq və yaxşı mənada, hər birimizin "qanun patriotu" ola bilməyimiz üçün bir neçə nəslin dəyişməsinə ehtiyacımız var. Kimdir rüşvətxor? Gəlin bu sualın cavabını hər gün özümüzdə axtaraq. Amma hamılıqla!

Digər xəbərlər