Nurəddin Məmmədli:
Tutsan da özünü yemiş-salata,
Bürünsən də sehrli bir xalata,
Çökəcəkdi "İctimai Palata",
Danışırlar bir-birinin dalınca,
Biri tutur o birini qılınca,
Sonra birgə baş qoyurlar balınca.
Arif Hacıyev:
Qəsdən dinir palata həvəsiylə,
O dağıdır öz iblis nəfəsiylə,
"Yurd" dağılır məkriylə, hiyləsiylə,
İsa susur qisasını alınca.
Nurəddin Məmmədli:
Dil açsanız cəbhə sizi yortacaq,
Sözsüz ipi bizim Əli dartacaq,
Müsavatda istefalar artacaq,
İsa durub haray-həşir salınca.
Arif Hacıyev:
Bu gün cəbhə adi qarğa bazarı,
Göstərərik "Yurd" Əliyə məzarı,
Azaldardı palata dərd-azarı,
Çoxalacaq problemlər qalınca.
Nurəddin Məmmədli:
Satıb başqan paltarını börkə tək,
Müsavatdı girən bu gün çirkə tək,
Öz qabını qırar kini sirkə tək,
Bu səbəbdən İsa verər qulunca.
Arif Hacıyev:
Qərb axıdır Müsavata mey-məzə,
Pulsuzluqdan "Yurd"da çıxıb çirk dizə,
Mütəmadi qrant verir boss bizə,
Əli çökər, dediklərin olunca.
Nurəddin Məmmədli:
Əli sizə bağırmaqda Buğac tək,
İsa solub-saralıbdı qaxac tək,
Durmaqdasız kökü kəsik ağac tək,
Biz yıxarıq, sizlər çarə bulunca.
Arif Hacıyev:
Sədrinizin qulaqları şəklənib,
Hamı gedib, Əli orda təklənib,
İsa məkri sizə qarşı köklənib,
Sökər "Yurd"u, sir-sifəti solunca.
Nurəddin Məmmədli:
O bir aciz, Qərbə nəğmə qoşsa da,
Liderindi başqan, içi boşsa da,
Nahamardı, əziyyəti xoşsa da,
Gedə bilməz İsa Əli yolunca.
Arif Hacıyev:
Zəhərlərik onun şirin aşını,
Sallıq "Yurd"a dəyirmanın daşını,
Biz qırxarıq keçəlləmə başını,
Əli özü saçlarını yolunca.
Nurəddin Məmmədli:
Başqanının bir qüvvə yox qolunda,
O durubdu reytinqinin nolunda,
Sığınıbdı çoxu Əli koluna,
İsa başı deyil Əli kolunca.
Arif Hacıyev:
Boss İsaya daim əhsən söyləyər,
De, bu yerdə Əli durub neyləyər,
Müsavatım Qərbi "işğal" eyləyər,
Üzdəniraq "Yurd" qələbə çalınca.
Nurəddin Məmmədli:
İsa görüb, qəddlərini əyməzlər,
O yazığa hətta gülüb- söyməzlər,
"Yurd"un adi üzvünə də dəyməzlər,
Qıratların, Bozatların yalınca.
Arif Hacıyev:
Bizim qurum palatasız da ölməz,
"Yurd" da Müsavata heç vaxt tən gəlməz,
Əli ömrü boyu qazana bilməz,
İsa bəyin dövlətincə-malınca.
Nurəddin Məmmədli:
Millətçilər bir bozqurda işləyir,
Müsavat da xırda-xırda işləyir,
İndi dönük Qərb də "Yurd"a işləyir,
İsa görməz Əli bəyin pulunca.
Arif Hacıyev:
O çıxardı mehvərindən bloku,
Ancaq bizlər keçirdik əsil şoku,
Əli bəyin dividisi, bloqu,
Gəlməz bizə maqnitofon valınca.
Nurəddin Məmmədli:
Müsavatın qazancında gözüm yox,
Başqanının iflasına sözüm yox,
İsa bəydə bir şamana dözüm yox,
Təsir etməz cadugərin falınca.
Arif Hacıyev:
Biz sizələrə pay saxlarıq dələlik,
Əli kilkə yeyər, İsa bəy ilik,
Köhnəsini sərf edərik, hələlik,
Təzəsinin yeri gəlib dolunca.
Nurəddin Məmmədli:
Başqanından cəbhə Əli bac alar,
Müsavat da dağılmanı haçalar,
"Yurd" şövqüylə, bil, tavana ucalar,
Sərələnər İsa tir-tap polunca.
Arif Hacıyev:
İsa kimi Əli olmasa da daz,
O, başqanın önündə bir yoluq qaz,
Palatanı yıxmaq fikri alınmaz,
Bu iş deyil Əli bəyin qolunca.
Nurəddin Məmmədli:
Boss yeridər zaman gələcək paz, gicə,
Belə yerdə yaraşmazdı naz gicə,
Boz ilanı "Yurd" göndərər gizlicə,
Yaşayacaq İsa ilan çalınca.
Arif Hacıyev:
Müsavatı adi yel, meh fırladar,
"Yurd"a bosslar daim tənbeh fırladar,
Dar meydanda İsa təsbeh fırladar,
Cəzalanar Əli namaz qılınca.