PDF Oxu

Köşə

  • 14

Birləşmə əməliyyatı baş tutmur

Birləşmə əməliyyatı baş tutmur

Həsən Kərimov:

Ekspertlər, bunu düzlüyə yozun,
Dərhal Müsavatla ilqarı pozun,
Bu sindrom hələ çox çəkəcək uzun,
Birləşmə baş tutmur, İsa müqəssir,
Yalnız bir ondadı günahlar, təqsir,
Əli Kərimov da görməkdə tədbir.

Arif Hacıyev:

Boğazdan yuxarı danışma əbəs,
Bəs "Yurd"un töhfəsi bizə hansı bəs?
Onunla nisbətdə İsa müqəddəs,
Sənin "Yurd" Əlində daha çox kəsir.


Həsən Kərimov:

Hələ dollar, avro güzarındadı,
Nədənsə, liberal bazarındadı,
İsa bəy birləşmə azarındadı,
İndi Müsavatda küləklər əsir.


Arif Hacıyev:

Natiqlik eylədin, söz yox kisəndə,
İzahat da verin bizdən küsəndə,
Sizin Əli bəyə nəsə desən də,
Ona yerli-dibli eləmir təsir.

Həsən Kərimov:

Yıxılıb başından yüksək vışkanın,
İsa bəy quludu bu gün İşxanın,
Bir təklif verəndə, sənin başqanın
Ağzında sözünü yarımçıq kəsir.

Arif Hacıyev:

Qafil, qalmısınız masadan iraq,
Boss da sizi qoyub kasadan iraq,
Sənin Əli bəyin İsadan iraq,
Çox pis vərdişlərə olubdu əsir.

Həsən Kərimov:

İlahi, ağıl ver, şükür dəlinə,
Düşüb bosslarının fitnə-felinə,
İsa uzun yolu alıb əlinə,
Avropa yolunda olubdu yesir.

Arif Hacıyev:

Əli radikala vermədi töhfə,
Son vaxtlar partiyan lüzumsuz lövhə,
Sənin "islahatçı" dediyin cəbhə,
Artıq son nəfəsi çatıbdı, çezir.

Həsən Kərimov:

Hamı qiymət verir sözdə kəsərə,
Sənin Müsavatın batır Xəzərə,
Əgər gerçəkliyi alsaq nəzərə,
Əli generaldı, başqanın gizir.

Arif Hacıyev:

Nədir qəlbindəki başlıca istək?!
Sən öz bostanında şər becər, qəsd ək,
İsa bəy bosslardan alanda dəstək,
Sizin partiyaya buraxar nəzir.

Həsən Kərimov:

Biz yox, sizlər yəqin bir dairəsiz,
Alın boynunuza, siz avarəsiz,
Birləşmə baş tutmur, sizlər çarəsiz,
İsaya baxan kəs dünyadan bezir.

Arif Hacıyev:

Müsəlman bosslarda yüz minbərim var,
Demədim Əliylə gizli "həri"m var,
Sizin aranızda mənbələrim var,
Sizin bəd işləri kənardan sezir.

Həsən Kərimov:

Sizdən yapışanlar boğulur torda,
İsa bəy qoyunu tapşırıb qurda,
Hamı əhsən deyir cəbhəyə, "Yurd"a,
Müsavat mühiti adamı əzir.

Arif Hacıyev:

Yoxdu etiqadı qoşa çinara,
Bax, gözü altında yanan fanara,
Əli ayaq ata bilmir kənara,
İsa bəy Nyu-Yorkda, Londonda gəzir.

Həsən Kərimov:

İşləyənin heyfi gəlməz vaxtına,
Biz çox inanırıq tale baxtına,
Özü çıxa bilsə lider taxtına,
Əli bəy İsanı edərdi vəzir.

Arif Hacıyev:

Sədrin süstlüyüdən tir-tir əsirsə,
Qılıncımın dalı-önü kəsirsə,
Qapalı bir yerdə Əli dözürsə,
İsa aşkarlıqda daha çox dözür.

Həsən Kərimov:

Fillər qulluğunda İsa yatıbdı,
Başqanı ən yaxın çevrə satıbdı,
İstefa dalğası pikə çatıbdı,
Müsavat dərd-kədər içində üzür.

Arif Hacıyev:

Yalandan sən şövqlə gəl basma qazı,
Cəbhəçilər düşüb sizdən narazı,
Adamların çoxu İsadan razı,
Çoxları Əliyə kip dodaq büzür.

Həsən Kərimov:

Görəsən başqanı yerə dəyəndə,
Hər yol keçən bossa qəddin əyəndə,
İsa bəy yalvarıb pul istəyəndə,
Əli heç bir şefdən istəmir üzr.

Arif Hacıyev:

Onun bahar fəsli qışa dönərdi,
Dərhal heykəlləşib daşa dönərdi,
Əli bəy alıcı quşa dönərdi,
Bosslar pul verməsə İsa bəy küsür.

Həsən Kərimov:

Sizlər sədrinizlə birlikdə donun,
Kasıb süfrəsinə bossların qonun,
Əli bəy pasportun alanda onun,
Yolunun üstündə duracaq Misir.

Arif Hacıyev:

Acsınız, gözümüz daim olub tox,
Əlidə problem bizimkindən çox,
Baş soxmağa bircə qərargah da yox,
Müsavat tutubdu nəhəng bir qəsr.

Digər xəbərlər