Əhməd Oruc:
Tanrı qüdrətilə çəkib naxışı,
Dərhal ovsunlayır ən sərt baxışı,
Bir blok görmədim "DUİ"-dən yaxşı,
Müsavat əbədi xəyala dalıb,
AMİP-də durmağa həvəs azalıb,
Cəbhə parçalanıb, həm də qocalıb.
Yusif Bağırzadə:
"DUİ"-ni, de görüm, sənmi tikibsən?
Bəlkə cücərməyən toxum əkibsən?
Gözünü AMİP-ə niyə dikibsən?
Neçə-neçə qurum kənarda qalıb.
Əhməd Oruc:
Heç uçmaz üstündən ən mürdar milçək,
Çox blok xəyaldı, "DUİ"-di gərçək,
Qurumlar içində "DUİ"-ni görcək,
Mirmahmudu görcək başım ucalıb.
Yusif Bağırzadə:
Rəsul da, Ayaz da nerviyə qalxıb,
Əlləri Sarkisyan kirvəyə qalxıb,
Mirmahmud, Etibar zirvəyə qalxıb,
Əli də, İsa da enib-alçalıb.
Əhməd Oruc:
Bossların cibləri sağılan zaman,
Qrantlar başlara qaxılan zaman,
Bloklar uçulub dağılan zaman,
Mirmahmud ürəkdən gülüb əl çalıb.
Yusif Bağırzadə:
Mən öz ideyamı sübut edəndə,
Sübutu azaldıb məhdud edəndə,
Qurumları qəfil süqut edəndə,
İsa da, Əli də hay-haray salıb.
Əhməd Oruc:
"Əsil cəbhə" deyib, həm atıb onu,
Dəyər-dəyməzinə çox satıb onu,
İsa dəfələrlə aldadıb onu,
Mirmahmud da ondan intiqam alıb.
Yusif Bağırzadə:
Bir çox blokları lap siləcək ki,
Zaman üzümüzə çox güləcək ki,
Tezliklə elə bir vaxt gələcək ki,
AMİP olacaqdır yeganə qalib.
Əhməd Oruc:
Artıq Müsavatda sarsılıb təməl,
Əliyə, Sərdara edilib əməl,
İndi bir "DUİ"-di qalan mükəmməl,
Blokçün qalmayıb heç bircə qəlib.
Yusif Bağırzadə:
Qrantlar xaricdən qoy cibə gəlsin,
Əvvəlcə yolüstü bir "VİP"-ə gəlsin,
Mirmahmud düşünüb AMİP-ə gəlsin,
Əvvəl dörd-beş dəfə qoy namaz qılıb.
Əhməd Oruc:
Qorxuram ki, onlar özünü yora,
Qoy onlar özünü salmasın zora,
Parlamentə olan seçkidən sonra,
İsanın, Əlinin rəngi sozalıb.
Yusif Bağırzadə:
Boss pul verməyəndə samansız idi,
Demədim qaşları kamansız idi,
Hər biri bizimlə amansız idi,
Onların amansız hökmü yazılıb.
Əhməd Oruc:
Şirnikmiş ifratlar çətin ərinə,
Mirmahmuddu gedən ancaq dərinə,
Güclə döysələr də sinələrinə,
Blok bünövrəsi bizdə qazılıb.
Yusif Bağırzadə:
Sitayiş edərik yenə boz qurda,
Keçərli olmamış bir yalan burda,
Sağlam partiyadı AMİP hazırda,
Ulduz falında da yaxşı yozulub.
Əhməd Oruc:
Lider var gözləri, qaşı göydədi,
Hər yerindən duran naşı göydədi,
İndi Mirmahmudun başı göydədi,
İsayla, Əliylə ara pozulub.
Yusif Bağırzadə:
İsadan, Əlidən çıxmadı lider,
Mitinq keçirməkdən çəkindirir mer,
İndi alt dodağı süpürməkdə yer,
Vaxtilə, sözsüz ki, keyfi saz olub.
Əhməd Oruc:
Gücsüzəm, mandatım yox, deyir Pənah,
Saç və saqqalını hey yeyir Pənah,
Generator kimi kükrəyir Pənah,
İndi radikala gəlib paz olub.
Yusif Bağırzadə:
İfrat qucağında heç quzu yoxdu,
Sözlərinin dadı, nə duzu yoxdu,
Onların əvvəl də nüfuzu yoxdu,
İndi nadanlaşıb, həm də qaz olub.
Əhməd Oruc:
Olubdu, çıxıblar söz mitinqinə,
Qoyulubdu alov-köz mitinqinə,
Çıxanda radikal öz mitinqinə,
Küçə-meydanlarda qalın toz olub.
Yusif Bağırzadə:
İfrat bloklarda qoşqu-dartı var,
Süqut edənlərin partapartı var,
Bizim çöhrəmizdə bir qızartı var,
İsada, Əlidə sifət boz olub.
Əhməd Oruc:
"DUİ"-də axtarın hər bir kişini,
Sınaqdan keçirin burda dişini,
O qədər görüblər Sizif işini,
Saçları tökülüb, başlar daz olub.
Yusif Bağırzadə:
Ən yaxşı günləri Ayazla keçib,
Payız fəsilləri pafosla keçib,
Onların qışı da iflasla keçib,
Daim uduzublar neçə yaz olub.