Araz Əlizadə:
Onlar hər varlıdan manat istəyir,
Qadir Yaradandan talant istəyir,
Xaricdən bolluca qrant istəyir,
Onların gözləri örtülüb qanla,
Sərsəm liderciklər bir həyəcanla,
Saziş imzalayır Manukunyanla.
Razi Nurullayev:
Bossların payını get İsayla ye,
"Yurd"um ermənidən dram almır, çe,
Sözünü Müsavat başqanına de,
Bizim Əli bəyi əfv et, az danla.
Araz Əlizadə:
Bəyini utancaq, sadə qız sayma,
Əlini, İsanı Pənahsız sayma,
Onu o qədər də günahsız sayma,
Onunla birlikdə bossları yanla.
Razi Nurullayev:
Sənin xörəyində çatışmır heç duz,
Özü də soyuyub olubdu bumbuz,
Xaricdə kifayət qədər bossumuz,
Özünə yağlıca bir boss nişanla.
Araz Əlizadə:
Əli də, İsa da qalıb dalanda,
Sizi çox tutubdu kütlə yalanda,
Yerevandan bollu dram alanda,
Sən də liderin tək erməni banla.
Razi Nurullayev:
İstərdin xaricə bata damağın,
Ayazla çıxartdı xata damağın,
Gəlsəydi azacıq dada damağın,
Daşnakı tutardın baş ilə, canla.
Araz Əlizadə:
Xalqın mənafeyi başlıca amal,
Məncə, xarablaşıb sizlərdə kamal,
Eybi yox, iş görüb, pulunu da al,
Sənin yalmandığın düşməndi, anla,
Razi Nurullayev:
Nə İsa, nə Əli çəkilməz qəsddən,
Xaric keçiribdi bizləri testdən,
Boylanıb baxmasaq Yerevan üstdən,
Neyləyə bilərdik "Yurd"dakı qınla.
Araz Əlizadə:
Nə qədər şişdirdi nər dağarcığı,
Dağıdıb ölkədə ər dağarcığı,
İsa da, Əli də şər dağarcığı,
İndi üzləşiblər Hörmüz azmanla.
Razi Nurullayev:
Olmamış demokrat kəslərlə aram,
Ayazda düşüncə yoxdu bir qram,
Dollar tək, avro tək yaxşıdı dram,
Sənə kim pul verər donub susmanla?
Araz Əlizadə:
İsanın, Əlinin başı üstə çən,
Dünyaya bizim tək baxana əhsən,
Çəkin gözünüzü ABŞ-dan, qəsdən,
Ünsiyyət yaradın ali osmanla.
Razi Nurullayev:
Birisi irəli boş sinə verir,
Boss da üstünlüyü sırf dənə verir,
Manukunyan bizə xəzinə verir,
Çürük qoz verərlər yazı yazmanla.
Araz Əlizadə:
İsa da, Əli də boyun əyəcək,
Başları daşlardan-daşa dəyəcək,
Nə sən, nə liderin yüksəlməyəcək,
Ayaqlar altını dərin qazmanla.
Razi Nurullayev:
Ayaz siyasətbaz, sən özün tirsən,
Mənən yoxolarsan, Kremlə girsən,
Sən özün nahaqdan vaxt itirirsən,
Ayazı yoluxub, ayaq basmanla.
Araz Əlizadə:
Qoy vətəndə olum olmasın param,
Gülüb sevinərdi o daşnak Aram,
Çoxalıb artandı cibimdə param,
Düşmən sevinərdi adi sızmanla.
Razi Nurullayev:
Ayaz eşidəndə, bizdən küsürsən,
Başdan-ayağacan xalis kəsirsən,
Hazırda bir həsir-Məmmədnəsirsən,
Qəhrəman olmadın kəsib-asmanla.
Araz Əlizadə:
Bosslar yatağında siz yata-yata,
Tezcə uğradınız iflas-süquta,
Yetirə bilmədin, düzü, sübuta,
Hədəqədən çıxıb, xeyli qızmanla.
Razi Nurullayev:
Biz nəhəng bir dağıq, palçıq qaya sən,
Çətin sağ çıxasan yazdan yaya sən,
Ayazı qaçırdın Moskvaya sən,
Güncdə-bucaqlarda oğrun pusmaqla.
Araz Əlizadə:
Ağzına vurarlar, laxta qan gələr,
Nə qədər boss çoxdu qarnından gələr,
Daşnakın dramı burnundan gələr,
Artar ağrıların təkrar qusmanla.
Razi Nurullayev:
Ayazın önündə başını əydin,
Onunla birlikdə sən yerə dəydin,
Bir zaman sən özün yoluq cücəydin,
Bizlər əlləşirdik şirlə-aslanla.
Araz Əlizadə:
Qaçdı altınızdan bircə ilə miz,
Qadir olmadınız qoymağa bir iz,
Çox da uzaqlara getmədiniz siz,
Şüar etdiyiniz böhtan-yalanla.
Razi Nurullayev:
Çoxu zirvə bildi avazda səni,
Həmişə biz gördük dayazda səni,
Ucalda bilmədi Ayaz da səni,
Üzbəüz qalmısan indi dalanla.