Yusif Bağırzadə:
Maq, mək təkrarlama, deyilsən məsdər,
Atıb "Yurd" Əlini, özünü göstər,
Etibar səninlə birləşmək istər,
Bölüşün bossların verdiyi yemi,
Unudun keçmişə getmiş o dəmi,
Birləşin yenidən xaloğlu kimi.
Əli Əliyev:
"VİP" sədri, qoy olsun başına küllər,
Tökmüşdü Etibar çox şirin dillər,
Çastuşka oynadım mən uzun illər,
Necə səsləndirim "Yanıq Kərəmi"?
Yusif Bağırzadə:
"VİP"-AMİP birliyi çox dala qaldı,
Yanında dərd, kədər, həm bəla qaldı,
Nə İsa, nə Əli, nə Lalə qaldı,
Saldın ürəyinə ağır vərəmi.
Əli Əliyev:
Nə zaman, nə məkan, nə dövrə bilmir,
Kvadrat, üçbucaq, kub, çevrə bilmir,
O, heç təsbehi də çevirə bilmir,
Etibar İsa tək çəkməmiş demi.
Yusif Bağırzadə:
Arxada süründün, getmədin öndə,
Əliylə, Laləylə boğuldun hində,
Etibar AMİP-də fərəh içində,
Yığmısan üstünə kədəri, qəmi.
Əli Əliyev:
AMİP-də olmurdu cibimdə pulum,
Xaloğlu verirdi mənə min zulum,
Mətbuat katibi ali titulum,
Məni cəlb etmişdi sərbəstlik təmi.
Yusif Bağırzadə:
Getdin "Azadlığ"a tilovlu kimi,
Özünü hiss etdin cilovlu kimi,
Sən həm sevilirdin xaloğlu kimi,
Hökm əlindəydi AMİP-də cəmi.
Əli Əliyev:
Etibar qəmlidi o vaxtdan bəri,
Çevrilib olubdu bir sümük-dəri,
Oyadıb AMİP-li xatirələri,
Titrətdin qəlbimdə sən sarı simi.
Yusif Bağırzadə:
Görüb Etibarı karıxdın nədən?
AMİP-dən gedəndə darıxdın nədən?
Əlindən xoruzu buraxdın nədən?
Yoxsa cəlb elədi səni fərəmi?
Əli Əliyev:
Xaloğlunun yoxdu yeriyə heyi,
Dərisi altında sıxlaşıb piyi,
Etibar öyrətdi əlifi, beyi,
"Yurd"da öyrənmişəm Əlidən mimi.
Yusif Bağırzadə:
Sirli möcüzələr oyaqda qalıb,
Gözləri komada, sıyıqda qalıb,
Etibar sınıq bir qayıqda qalıb,
Haraya apardın deyir bərəmi?
Əli Əliyev:
Artıq AMİP adlı qəfəsim yoxdu,
Çünki "Azadlıq"sız nəfəsim yoxdu,
Mənim Etibara həvəsim yoxdu,
Daha mən Əliyə demişəm əmi.
Yusif Bağırzadə:
Adını sədr qoyub xodları tutdun,
"Liderlərə" layiq modları tutdun,
Atdın Etibarı, yadları tutdun,
Ağzına dad verdi yeni şirəmi?
Əli Əliyev:
Daim qanad yedim, bud Etibarın,
Mən qul tək işlədim, dad Etibarın,
Həmişə olubdu, ad Etibarın,
Öz əlimlə qoydum AMİP-də himi.
Yusif Bağırzadə:
Uzadıb nədənsə lopa bığını,
Çox da tərifləmə yeni çağını,
Unudub xaloğlu yaxşılığını,
Sonradan qudurub döndün şirəmi?
Əli Əliyev:
Həmişə AMİP-in altı nəm olsun,
Etibar nəsibi kədər-qəm olsun,
Sənin AMİP-in də cəhənnəm olsun,
Çox uca tuturam mən öz "VİP"imi.
Yusif Bağırzadə:
Bürüyüb duman-sis, tüstü bucağı,
Bəd nəfsin AMİP-də kəsdi bucağı,
Yerin cəhənnəmin isti bucağı,
Səndən çox uzaqdı cənnət İrəmi.
Əli Əliyev:
Etibar çıxarıb bu gün ağını,
Elə bil, dəf edib güclü axını,
AMİP-di lüzumsuz çınqıl yığını,
"VİP"-imdi məhsuldar sonsuz bir zəmi.
Yusif Bağırzadə:
Yaxandan qopmamış pat üzəngisi,
Sıxdı boğazını çat üzəngisi,
Ayağın görməmiş at üzəngisi,
Sən süvar oldun adi xərəmi?
Əli Əliyev:
Sizin Etibara ölü kifayət,
"Azadlıq"da Lalə, Əli kifayət,
Mənə öz "VİP"-imin zili kifayət,
Qalsın Etibara AMİP-in bəmi.
Yusif Bağırzadə:
Sənədin AMİP-lə kəbində yoxsa,
Suçlusan, bir sentin cibində yoxsa,
Sənin qulağının dibində, yoxsa
Etibar çəkməli dəli nərəmi?
Əli Əliyev:
AMİP-lər əlində dağıldı ölkə,
Yoxsulluq həddinə endi hər bölgə,
Başımı Etibar önündə bəlkə,
Əyim təkrar-təkrar yerdən-yerəmi?