PDF Oxu

Köşə

  • 8

Rəsul Quliyev Etibar Məmmədovu okeanın o tayına çağırır

Rəsul Quliyev Etibar Məmmədovu okeanın o tayına çağırır

Rəsul Quliyev:

Xatırla, necəydik 90-dan əvvəl,
AMİP "ACP"-nin birliyi gözəl,
Vaxt tapıb, sən özün Nyu-Yorka gəl,
Dartıb çıxararam, batan çulunu.
Xalıyla bəzərəm gələn yolunu,
Həm də nəğd verərəm sənin pulunu.

Etibar Məmmədov:

Mənə də pay göndər, qarnın tox olsa,
Məni həmkarın bil, qəmin yox olsa.
Xarici banklarda pulun çox olsa,
Unutma AMİP-də mən tək qulunu.

Rəsul Quliyev:

Radikala verər yönəm, pullusu,
Daşıyır sədrin də önəm, pullusu,
Burda kommersantın mənəm pullusu,
Sənsən liderlərin orda ulusu.

Etibar Məmmədov:

Məni sevindirə bilərsən çeklə,
Orada xosunlaş Smitlə, Ceklə,
Bossum ol, sən məni qrantla yüklə,
Mən təmsil edirəm eli-ulusu.

Rəsul Quliyev:

Moşnu mən özüməm, moşdan yapışma,
Özün quzu ikən qoçdan yapışma,
Gəl sövdələşib boşdan yapışma,
Burdan göndərərəm kisə-dolunu.

Etibar Məmmədov:

Başımdan qrantı sən əndərməsən,
Pula tamahımı həm söndürməsən,
Mənə yalan deyib, pul göndərməsən,
Başına yağdırar Tanrı dolunu.
Rəsul Quliyev:

Bir az yüyrək elə öz ayağını,
Axtar "ACP"-də mən dayağını,
Bizim məsləkdaşlar tutar sağını,
Pulla doldurarlar bosslar solunu.

Etibar Məmmədov:

Qovma darvazandan mən tək aşığı,
Daim andırmışam çirkli qaşığı,
Dolları əndərsən təpəm aşağı,
Razıyam, boynuma dola qolunu.

Rəsul Quliyev:

Səninlə birlikdə axıdarıq tər,
İbrət də götürər bizdən xata-şər,
Liderlər çəlimsiz itlərdən betər,
Üstün say mənim tək canı sulunu.

Etibar Məmmədov:

Sən razı olma ki, ranimi olum,
Mənə pul göndərsən, manemi olum?
Mən yazıq səninlə qanemi olum?
Sevməzdi Koroğlu sən tək Bolunu.

Rəsul Quliyev:

Qıyma ki, kürsüsüz saralım-solum,
Əmr elə qrantla boşalım-dolum,
İstərəm sən lider, mən sədr olum,
Gözlərəm, deyəsən sən öz "ol"unu.
Etibar Məmmədov:

Ziyarət eyləyib torpaqlarını,
Tez ağıla gətir sarsaqlarını,
Dollarla bəzəyib yarpaqlarını,
Mənimçün münasib eylə kolunu.

Rəsul Quliyev:

Sən orada təksən, mən burada tək,
Əgər birləşməsək, deyərlər zəvzək,
AMİP-"ACP"-ni birləşdirərək,
Bir xeyli böyüdək həm də kolonu.

Etibar Məmmədov:

Nyu-Yorkda özünü sən gəl az aldat,
İşləmək lazımdı artıq beş-on qat,
Kütləyə lazımmı sən tək qoca at?
Yaxud kim bəyənər mən tək qulunu?

Rəsul Quliyev:

İstərəm, kənardan bizə baxalar,
Baxıb da, axına qarşı axalar,
Birləşsək, üzvlərin sayı çoxalar,
Necə dolandırım o it xılını?

Etibar Məmmədov:

Birliklər, bloklar bu gün hər yanda,
İsası-Əlisi tupik-dalanda,
Sözündən qaçarsan sən çətin anda,
Onunçün öyrəndim ulduz falını.

Rəsul Quliyev:

Axaram qrantla, vallah, ax desən,
Çaxaram şimşək tək, möhkəm çax desən,
Sözsüz uduzarsan mənə yox desən,
Hə desən, yeyərsən, beçə balını.

Etibar Məmmədov:

Okeandan o tayda sən kef edirsən,
Özünü yanımda tez şef edirsən,
İndi mənə dostluq təklif edirsən,
Birinci çevirdin mənə dalını.

Rəsul Quliyev:

Mənə dəstəkçi ol, demədim ki, bez,
Sənə göndərərəm mən beş arşın bez,
Mənimlə birləşmək istəməsən tez,
Daha bir il keçsin, görrəm halını.

Etibar Məmmədov:

Gəl sən əl uzatma AMİP barıma,
Sənin qrantın da gəlməz karıma,
Titul əvəzinə mənə sırıma,
Tıxa təkbaşına xarab malını.

Rəsul Quliyev:

Mənə maraqlıydı çox güləcəyin,
Qəlbimə dammışdı tez öləcəyin,
Mənsiz, inan mənə, yox gələcəyin,
Ağrıyan belinə bağla şalını.

Etibar Məmmədov:

Mən uğur qazandım, gözün bərəldi,
Burda ölən Rəsul orda dirildi,
Yetişmiş siyasət mənə verildi,
Tanrı bəxş elədi sənə kalını.

Digər xəbərlər