Yəqin ki, bu yazını oxuyan əksər insanların yaxşı yadındadır. Keçənlərə qədər, yəni lap uzaq eralarda da yox, təxminən keçən əsrin 70-80-ci illərinə kimi bizim el-obanın nə qədər gözəl toy adətləri, xeyir-şər ənənələri var idi. Neçə yüz illərdən bəri keçib gələn o gözəl, o saf adət-ənənələri insanlar kotan dövründən çıxıb elm və texnika əsrinə qovuşduqları sovet cəmiyyətində də gözəlcə qoruyurdular. Hələ o zamanlardan fərqli olaraq indi gündə neçə-neçə adamın boyat və zəhərli yeməklərdən min cür xəstəliklərə tutulduqları, xan saraylarını xatırladan nəhəng şadlıq sarayları göbələk kimi artmırdı, insanlar hər şeyi ürək açıqlığı ilə, üsul-qayda ilə görürdülər. Yalançı evlənmələr, saxta məhəbbətlər baş alıb getmirdi o zaman. Necə də həsəd aparası illər idi...Gərək, eləcə də, əsil xiffətini çəkdiyin zaman yaşayasan ki, sonra da həsrətini çəkəsən. İndiki günlər üçün yüz illər sonra da kiminsə xiffət çəkəcəyini heç ağlıma da gətirmirəm. Təbii ki, tərbiyəsiz efir gözəlçələri, "şou-biznes ulduzları", nə bilim, yüz cür əxlaqsızlıqdan keçərək, bir vaxtlar Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Xan Şuşinskinin, Şövkət Ələkbərovanın, Rəşid Behbudovun, neçə-neçə əsil sənətkarların bütün qəlbləri və canları ilə qoruduqları Azərbaycan səhnəsində indi ləçər "ulduzlar" it döyürlər...
Ölkənin dövlət televiziyası istisna olunmaqla, qalan kanallar artıq tam bir şəkildə Azərbaycan xalqı adlanan böyük bir xalqın yüz illər, eralar boyu yaşadılan və bu günə gələn adət və ənənələrini, milli dəyərlərini ağına-bozuna baxmadan ayaqlar altına atıb külə çevirirlər. Bunları görmək gerçəkdən dəhşətdir! Nəinki jurnalistika savadı, heç elementar danışıq qabiliyyəti belə olmayan, adət və ənənələrdən xəbərsiz, böyük-kiçik adətlərini beyninin ucundan bel keçirməyən, yalnız cəlbedici görkəmləri ilə "müsabiqədən keçən" və televiziya rəhbərlərinin xoşuna gələn "aparıcı" gözəlçələr efirlərdə at oynadırlar. Azərbaycan efir məkanında elə bir dramatik və əttökən vəziyyət yaranıb ki, inanmıram ki, 1956-cı ildən bəri belə vəziyyətin yaranmasını kimsə xatırlasın. İndi gör bunlar insanları məişət səviyyəsinə endirmək, onların şüurunu heç nəyi düşünə bilməyəcək bir səviyyəyə çatdırmaq, ən əsası isə MANQURTLAŞDIRMAQ üçün nələrə baş vururlar! Allahım əsil fəlakətdir bu!
Baxın, arxasında əlləri televiziya ekranlarına qədər uzana biləcək və onları efir ulduzuna çevirə biləcək gücdə olan pullu "sponsorlar" dayanan, jurnalistika terminlərindən xəbərsiz olacaq qədər "istedadlı" olan və ən nəhayət, abır-həyadan uzaq olan qadınlar əsil həyasız şou yaratmaq üçün indi də küçələrə üz tutublar. Yalançı ər-arvadlar, yalançı yetim yesirlər tapırlar, yaxud da gedirlər münaqişəli ailələri, nə bilim, ərini ataraq başqasının yatağına cuman ləçərləri, arvadını xəyanət üstündə boşayan alkoqolik "kişilər"i tapıb "ortaya çıxarırlar". Bunlar bu cür "sosial proqramlar" hazırlayaraq, özlərini teleulduza çevirmək üçün elə tükürpədici işlər görürlər ki, Azərbaycanın dəyərlərini ayaq altına atan elə süjetlər efirə verirlər ki, adam bir anlığa bu xalqın gələcəyi üçün tam gerçəkdən üşütmə keçirir. Gələcək sual altındadır, ay camaat! Bu, artıq dünyanın yox, elə özümüzün sonudur, vəssalam!
Ərdə olduğunu iddia edən bir qadın bədənini əsnədə-əsnədə rep "musiqisi" altında qeyrət-namusdan danışır, oğlanlara bədəninin filan yerləri barədə sual verir, sonra da elə oradaca deyir ki, evdəki əri onu "öldürəcək". Bu, tam rüsvayçılıqdır!
Bir başqaları insanları evləndirmək adı ilə bütün əxlaq qaydalarını ayaq altına ataraq, tam açıq şəkildə ölkədə namussuzluq və ləçərlik təbliğ edirlər. A kişi, harada görünüb ki, azərbaycanlı kişisi soyu-kökü bilinməyən, yolu-izi məlum olmayan hansısa bir "qızla" efirdəcə əl-ələ verib "ailə qursun", qızın da keçmişi o qədər "zəngindir" ki, daha bundan bir kitab yazmaq olar. Təsəvvür edin ki, elə o "toy"daca oğul ondan təcili şəkildə bu rüsvayçılıqa son qoyulmasını və evə dönməsini tələb edən ATASININ ÜZÜNƏ DURUR! Bu da sənə "TOY"!
Aparıcının oğlan qismi elə "kişi cinsinə" aiddir ki, onun danışmağa belə dili yoxdur. Amma baxın, bu mavi rəngli birisi oğlunu bu yanlışlıqdan geri döndərməyə çalışan ataya efirdəcə KİŞİLİK DƏRSİ KEÇİR! Ata ilə tələyə düşmüş oğul üz-üzə qoyulur, ağsaqqal-qarasaqqal təhqir olunur... Bunları ona görə yazıram ki, nə vaxtsa bu günləri qələmə alanlara əsil gerçəyi çatdıraq. Mənəviyyatımıza, keçmişimizə və gələcəyimizə TOY TUTURLAR! "Toyun mübarək"...