PDF Oxu

Köşə

  • 12

Elxan Şükürlü Rauf Arifoğlunun cüzi uğuruna belə şübhə ilə yanaşır

Elxan Şükürlü Rauf Arifoğlunun cüzi uğuruna belə şübhə ilə yanaşır

Rauf Arifoğlu:

İlkin Müsavatı mən özüm qurdum,
Həmişə İsadan yüksəkdə durdum,
Kənardan dedilər, guya qudurdum.
Kütlələr axışıb daim tələbə,
Mən müəllim oldum, İsa tələbə,
Olubdu mənimlə uğur, qələbə.

Elxan Şükürlü:

Özünü "Hizbullah", "Həmas" bilirsən,
Radikallar içrə əsas bilirsən,
Başqana hücumu qisas bilirsən,
Deyəsən, keçmisən yenə Səlibə.

Rauf Arifoğlu:

Sizin Ədalətdə dolaşır şeytan,
Odur ki, reytinqdə boşalıb qaytan,
Daim mənim olub siyasi meydan,
Çoxdan sığışmıram dövri-qəlibə.

Elxan Şükürlü:

Ədalət olubdu haqqın qalası,
Sənin qəlb evinsə bağlı qalası,
Sən özün peyğəmbər, imam balası,
Guya redaksiyan olubdu Kəbə?!

Rauf Arifoğlu:

Ürəyim olubdu sirli bir ada,
Sənin tək rəqibə qoy gəlsin qada,
Siyasi bədxahlıq qaldı arxada,
Saqqal buraxmışam, demişəm tövbə.

Elxan Şükürlü:

Durdun qəzetində bir yaraşıq tək,
Deyişdin hər kəslə ustad aşıq tək,
Düşüb ortalığa çirkli qaşıq tək,
Uydurdun özündən bir sərsəm şöbə.
Rauf Arifoğlu:

Qarşıda Rauf tək coşqun dəniz var,
Dəryada saldığı əbədi iz var,
Nə bir məqsədiniz, nə mövqeniz var,
İlyasla birlikdə enmisən dibə.

Elxan Şükürlü:

Çalışdın qarnının şümalı üçün
Hamı döyüşəndə amalı üçün,
İsa əl uzatdı dəsmalı üçün,
Sən isə həmişə göz qoydun cibə.

Rauf Arifoğlu:

Əmr eyləyəndə qarağat qırdın,
Həmkarlar danışdı, sən rahat durdun,
İlyas qışqıranda, farağat durdun,
Etdin müraciət bahalı həbə.

Elxan Şükürlü:

Müəmma, tapmaca, dürr mövqe oldu,
Elə mövqeyin də sirr mövqe oldu,
Nə sənin mövqeyin bir mövqe oldu,
Nə də uyğunlaşa bilmədin dəbə.

Rauf Arifoğlu:

İsa da, Əli də əmin olunub,
Mənə lider olmaq yəmin olunub,
Uğurum həmişə təmin olunub,
Mənim qələbəm də düşüb bu rübə.
Elxan Şükürlü:

İsa ağuşunda olmusan xumar,
Qəvvas səndən fərqli dənizə cumar,
Sən gəl çox da vermə özünə tumar,
Çox zərbə keçibdi dodaqdan qəlbə.

Rauf Arifoğlu:

Tonqalı babalar qoşa çatıbdı,
Quyunu qazmısan, daşa çatıbdı,
Ədalətdə növbən başa çatıbdı,
"Yeni Müsavat"da mənimdi növbə.

Elxan Şükürlü:

Çox çapa bilmədin bu qurumda at,
İsa hər gedişdə etdi səni mat,
O qədər yorub ki, səni Müsavat,
Çətin bundan sonra gələsən təbə.

Rauf Arifoğlu:

Başqan bölüşmədi masa mənimlə,
Danışıb həmişə qısa mənimlə,
Artıq hesablaşır İsa mənimlə,
Səni saymaqdadı İlyas bəy bəbə.

Elxan Şükürlü:

Daim gəlişindən xoşhal Yerevan,
Serjin damarında qaynayırdı qan,
Sənin heç nitqin də deyildir rəvan,
O dolaşan ləbin ilişib ləbə.
Rauf Arifoğlu:

Gərək anlayaydın iflas zirvədə,
Ondan bir az əvvəl qəvvas zirvədə,
Sən elə bildin ki, İlyas zirvədə,
Ayağın altında xalçalar, gəbə.

Elxan Şükürlü:

Atmadın üstündən ağır sindromu,
Sindrom sindrom üstündə boğur sindromu,
Səndən çox uzaqda uğur sindromu,
Görünməkdəsən sən hələ qəribə.

Rauf Arifoğlu:

Moskvanı dedin, Pekini dedin,
Ammanı buraxıb, lakini dedin,
Özünə də Qərbin sakini dedin,
Ancaq oxşarın yox,hətta ərəbə.

Elxan Şükürlü:

Özünü gəl tülkü yerinə qoyma,
İş görə bilməzsən sən iki tayma,
Yox yerdən özünü çoxbilmiş sayma,
Sən Şərqə dartanda, ucaldım Qərbə.

Rauf Arifoğlu:

Sən görə bilmirsən artıq cüzi iş,
Yalandan gücənmə şaqqıldadıb diş,
Meydanda sağ-sola eyləmə gərdiş,
Xar-zəlil olarsan, mən çıxsam hərbə.

Elxan Şükürlü:

Deyəsən, mayanın kəci qurtarıb,
Qəzet ətrafında cücü qurtarıb,
Gücənmə, qolunun gücü qurtarıb,
Zərbə endirənə vururuq zərbə.

Digər xəbərlər