Tahir Kərimli:
Çoxlu bloku var müxalifətin,
Onlara inanmaq mürəkkəb, çətin,
YAP namizədləri inamlı, mətin,
Seçici göstərər öz həvəsini,
Bir anda dərmədən həm nəfəsini,
YAP namizədinə verər səsini.
Qabil Hüseynli:
Görüb önlərində sənin tək miskin,
Radikal bloklar olmazlar üzgün,
Əsla təşviqatın olmamış düzgün,
Sənə inananlar görər tərsini.
Tahir Kərimli:
Onlara bircə şey ibratəmizdi,
YAP-ın namizədi ancaq əzizdi,
Səs verən insanın beyni təmizdi,
Seçici gözünə yaxma hisini.
Qabil Hüseynli:
Gəl sən seçkidə də aşma hasarı,
Bizi cəlb eyləyir mandat azarı,
Onsuz da ucuzdu misin bazarı,
Qızıl qiymətinə satma misini.
Tahir Kərimli:
YAP yaxşı partiya, seçici duyub,
Onu ən önəmli partiya sayıb,
Sizlər yaxşıları kənara qoyub,
Nümunə seçdiniz ancaq pisini.
Qabil Hüseynli:
Təəssüf, radikal cənnəti atdın,
Sandın ki, üstündən lənəti atdın,
Düşünüb-daşınıb Vəhdəti atdın,
Nəhayət, tapmısan öz qəfəsini.
Tahir Kərimli:
Hakim kəsilmişdi ruhuna min şər,
Həmişə getmisən süquta qənşər,
Sən bir vaxt AMİP-də salmışdın lövbər,
Qapıb Etibarın öz tikəsini.
Qabil Hüseynli:
İnanma, şeytana tikəsən papış,
Sənə qrant verməz nə Qərb, nə ABŞ,
Əvvəl balaca bir dayaqdan yapış,
Seçmə sən sipərin ən yekəsini.
Tahir Kərimli:
Çoxluq seçiciyə bol həvəs verər,
Yüksəliş ellərə bir nəfəs verər,
Seçici sizə yox, YAP-a səs verər,
Yeyin bossunuzdan az kökəsini.
Qabil Hüseynli:
İndi danışsan da arabir nəhs tək,
Cavabım səslənməz yəqin ki, bəhs tək,
Bizə də xaricdən olacaq dəstək,
Seçici tanıyır öz bölgəsini.
Tahir Kərimli:
Adam deyilsiniz əsla özünüz,
Boss pulunu görəndə axır gözünüz,
Üfüqdən xaricə baxır gözünüz,
Əsil insan sevər öz ölkəsini.
Qabil Hüseynli:
Batinin mürəkkəb, qaranlıq zahir,
Siyasətdə əsla olmadın mahir,
Yeganə adam sən tarixdə, Tahir,
Basıbdı qəzəblə öz kölgəsini.
Tahir Kərimli:
Abır-həya yoxdu sizlərdə cəmi,
Tuta bilmədiniz siz sarı simi,
Başqanın qatıbdı külli- aləmi,
Yaxıbdı üstünə öz ləkəsini.
Qabil Hüseynli:
Bir vaxt böyük bəydən döndün, saymadın,
Bir kəsi özünə yaxın qoymadın,
Əməlli- başlı bir fərəh duymadın,
Sevindirmədin sən heç bir kəsini.
Tahir Kərimli:
Mən əvvəl qət etdim sizləri danam,
Sonra da əsil bir məsləklə yanam,
Məni cəlb eylədi əqidə, inam,
Başqanın tez seçdi pul Məkkəsini.
Qabil Hüseynli:
Azaldıb bir qədər həm də qazını,
Cövlan eyləyərək dərə uzunu,
Çərx yığıb ətrafa qoyun- quzunu,
Sənə bəxş edibdi öz təkəsini.
Tahir Kərimli:
Xaric önlərinə qoyubdu kasa,
Yəqin ki, rahatdı onlarçün masa,
Oturub blokda Əli və İsa,
Üstünə püskürüb öz hikkəsini.
Qabil Hüseynli:
Keçmişin olubdu kədərli, acı,
Bu gün də görmürəm başında tacı,
Götürüb fıstığı, dəmirağacı,
Atdılar üstünə şamı, cökəni.
Tahir Kərimli:
Kənara sapıbdı çox güman toçkan,
Bossun nimçəsinə uzanmır loşkan,
Səni ətrafana buraxmır başqan,
Qane etməmisən yəqin əkəni.
Qabil Hüseynli:
Fikirdən gedibdi gözünün ağı,
Əriyib azalıb qəlbinin yağı,
Sənin qabağına atıb qabığı,
Seçkidə yeyərik qoz ləpəsini.
Tahir Kərimli:
Boynubükük qalar blokun yenə,
Gözünü döyərsən sən dönə- dönə,
YAP namizədləri keçərlər önə,
Bu il təmin etməz seçki nəfsini.
Qabil Hüseynli:
Bizə qrant verir İvan, Bernar, Tom,
İsa da Əli də içir viski, rom,
Bizdən yan düşəndən olmusan lütkom,
Yaman dəyişmisən sən öz ləfzini.