Əli Əliyev:
"Yurd" da "Azadlıq"dan çıxıb gedəndən,
Lalə məni görüb, dolaşır gendən,
Əvəz kimilər də ulaşır gendən,
"VİP" "MBH" ilə dayanmır qoşa,
Mənim kəlamlarım çıxmaqda boşa,
Laləylə birliyim dirənib daşa.
Əvəz Temirxan:
Lalə son zamanlar səni sayıb, bil,
Ona tay deyilsən, bunu ayıb bil,
Laləylə blokun alınmayıb, bil,
Get qərargahında "VİP"-inlə yaşa.
Əli Əliyev:
Rusiya və Turan vəd eləmişdi,
Qülləli bir kran vəd eləmişdi,
O, mənə dağ-aran vəd eləmişdi,
Onun davranışı gəlməzdir xoşa.
Əvəz Temirxan:
Bilir ki, boş çıxmaz mənim bir səyim,
Sənə yox kəlməsi özüm söyləyim,
Dedi ki, "VİP"-i mən başdan eyləyim,
Lalə deyir Əli qorxuram çaşa.
Əli Əliyev:
Hüzurunda, sözsüz, yaş əymişdin sən,
Özün də başını xoş əymişdin sən,
Diz üstə önündə baş əymişdin sən,
Lalə dayanmışdı əlində maşa.
Əvəz Temirxan:
Sən cız-bız, Laləsə ləziz bir plov,
Səni uzaqlara atdı ilk qrov,
Lalə əzəmətli böyük bir alov,
"VİP"-inlə sən özün sönən talaşa.
Əli Əliyev:
Yazıq, sənin ömrün lüzumsuz, puçdu,
Liderin pır edib, kənara uçdu,
Lalə səni daim noxtalamışdı,
Sən isə altında yabı, alaşa.
Əvəz Temirxan:
Sən sönük bir kişi, o, bir əriydi,
Özün adi sümük, "VİP"-in dəriydi,
"Azadlıq" "Yurd" Əli, Lalə yeriydi,
Səni öz "VİP"-ində soxdu qaloşa.
Əli Əliyev:
Sən ölü can idin, "VİP"-in diriydi,
"Azadlıq" radikal birlik yeriydi,
Mən səndən fərqliydim, üçdən biriydim,
Üzün söyülməkdən dönüb padoşa.
Əvəz Temirxan:
Lalə bir kontingent, sən kiçik ada,
"VİP"-inin üstünə yüklənib qada,
Sonda Lalə sənə edəndə vida,
Mən qonaq edərəm səni lap xaşa.
Əli Əliyev:
Nəzərə alaraq hər qələtini,
Liderin sümürüb təmiz ətini,
Lalə saxlamamış heç hörmətini,
Sənin sədrliyin adi tamaşa.
Əvəz Temirxan:
Qaqaşın xanımın yanında durub,
Deyirdi "VİP" Əli yaman qudurub,
Lalə sənə elə ciddi od vurub,
Çətin ki, "VİP"-inə kimsə yanaşa.
Əli Əliyev:
Dinibsən, nə zaman Lalə dindirib,
Köpün qalxan kimi, dərhal söndürüb,
Lalə reytinqini elə endirib,
Sən lazım deyilsən, hətta Xanışa.
Əvəz Temirxan:
Həmişə yatmısan, olmuşam oyaq,
Lalə də bir mənə verəcək dayaq,
Hazırda Laləni kənara qoyaq,
Səni heç bəyənməz urus Qlaşa.
Əli Əliyev:
Yeni məkanını taparsan barda,
Sonra da olarsan dükan- bazarda,
Axı "MBH"-dən qaldın kənarda,
Get yat, boş başını qoyub balışa.
Əvəz Temirxan:
Sən öz görkəminlə bənzərsən bağa,
Bir miskin qulamdın, liderin ağa,
Siyasi meydandan düşdün qırağa,
Vaxtını sərf elə dava-dalaşa.
Əli Əliyev:
Yenə də səhərdən araq vurmusan,
Partiyada yeni büsat qurmusan,
Qınına çəkilib, susub durmusan,
Səndən diribaşdı tənha dolaşa.
Əvəz Temirxan:
Sən geri qalmısan, meydandan əl çək,
Etdin mübarizə əlində əlcək,
Bir lider görmədin Lalə xanım tək,
Çətin ətrafında lider dolaşa.
Əli Əliyev:
Artıq qapanıbdı sənin dairən,
Özün də ölgünsən, vallah, zahirən,
İndi heç bir şeyə qalmayıb çarən,
Getsən tut özünü ancaq "Malış"a,
Əvəz Temirxan:
Səni yel kənara atıbdı asan,
Özünə bir iş tap, get hörmət qazan,
Siyasi səhnədə qocalmaqdasan,
Diqqət et sifətdə olan qırışa.
Əli Əliyev:
Sədr nüfuzun da dirənib tinə,
Sən adam olmazsan, getsən də Çinə,
Lalə hörmət qoymur söyləsəm sənə,
Qorxuram, qəflətən halın qarışa.
Əvəz Temirxan:
Nəzəri cəlb etmir KİV-lərdə köşən,
Lalədən ayrıldın, çatladı şüşən,
Siyasət heç zaman olmamış peşən,
Girişmək əbəsdi artıq yarışa.