Fazil Qəzənfəroğlu:
Hər həftə mitinqə can atsalar da,
Ancaq yetmədilər heç də murada,
Çünki satılıblar bosslara, yada,
Onları çox sərəsəm lider tək tanı,
İstərlər alaraq versinlər canı,
"Əməkdar müxalif mükafatı"nı.
Arif Hacıyev:
20 il mitinqdə nəfəs almışıq,
Küçə yürüşündən həvəs almışıq,
Sizlərin əlilə qəfəs almışıq,
Sən yaman tapdadın "bəylər"i, "xan"ı.
Fazil Qəzənfəroğlu:
Pisdi bostan əkib bossla mif olmaq,
Mənfi ədalətdə qalıb kif olmaq,
Ayıbdı 20 il müxalif olmaq,
Çoxdan itirmisiz siz adı-sanı.
Arif Hacıyev:
Məqsədə piketdə bəzən çatmışıq,
Günlərlə meydanda olub, yatmışıq.
Küçə yürüşündə daş da atmışıq,
İğtişaşlar vaxtı dadmışıq qanı.
Fazil Qəzənfəroğlu:
Xalqa, elə qarşı olmusuz inad,
Pulu alan kimi açmısız qanad,
Xaricin dəstəyi, maliyyə, qrant...
Daim doldurmusuz illik planı.
Arif Hacıyev:
London, Paris, Roma bizə yol verir,
Sizləri görəndə faza nol verir,
Bizə əhali yox, xaric pul verir,
Kütlə dəstəkləyir hay-küy salanı.
Fazil Qəzənfəroğlu:
Həmişə tez sönər hay- küyə basan,
Tərsinə çevrilər həm qaynar qazan,
Meydandan çıxarmaq olduqca asan,
Sizin "mütəşəkkil" zəif klanı.
Arif Hacıyev:
Bizi qorxutmadı polis zopası,
Əlinin, İsanın möhkəm qafası,
Xeyir-dua verib Roma Papası,
Vatikan dəstəkçi seçib Milanı.
Fazil Qəzənfəroğlu:
Çox yağır etməyin Qərbdə yolları,
Heç xaric də sevmir müti qulları,
Atıb önünüzə xaric pulları,
Saldı boynunuza əfi ilanı.
Arif Hacıyev:
Elə ki, bozarıb tündə getmişik,
Vaxt olub yorulub kündə getmişik,
Çox uğur qazanıb öndə getmişik,
Kütlələr sevmirlər dalda qalanı.
Fazil Qəzənfəroğlu:
Başqan müavini desin qəzəli,
Digər yetkililər yığsın xəzəli,
Betonu vedrədə tutsun "Yurd" Əli,
İsa da fırlatsın tez-tez malanı.
Arif Hacıyev:
Mitinq cəhdimiz də çətin heç olsun,
Mümkün ki, bir qədər uğur gec olsun,
Bizlərdən çətin ki, zəhmətkeş olsun,
Bizim arxamızda bossun kalanı.
Fazil Qəzənfəroğlu:
Arif, tı idi başqanu pürrəngi çay day,
Mətni yazsaydı da Leonid Qayday,
Kömək etməkdə pas sizə boss dayday,
İndi dəstək üçün çağır xalanı.
Arif Hacıyev:
Lazımmı bizlərə bu umu- küsü?
Qovma üstümüzə tüstünü- hisi,
Biz yaxşı bilirik yaxşını- pisi.
Sən bizə göstərmə tini-dalanı.
Fazil Qəzənfəroğlu:
Mitinqlər üstündə sıxlaşır bulud,
Sizləri meydanda gözləyir sükut,
Sizin nəsibiniz əbədi süqut,
Gətirin bloka zurna çalanı.
Arif Hacıyev:
Əlbəttə, meydanda dolandıq hədər,
Bizə bəxş etmədi lütfünü qədər,
Qüsur buraxmaq da kifayət qədər,
Sən eşşəyi qoyub, döymə palanı.
Fazil Qəzənfəroğlu:
Yola salındınız siz "Cəngi" ilə,
İfratlar uduzdu son rinqi ilə,
Əlinin, İsanın mitinqi ilə,
Yenə var gücünlə püflə yalanı.
Arif Hacıyev:
Bizi uçuruma apardı Pənah,
Bir o müqəssirdi, ondadı günah,
Diqqət kəsilsək də, görmədik, vallah,
Biz ayaq altında dərin çalanı.
Fazil Qəzənfəroğlu:
Sizin aksiyalar sönük, bayağı,
Xalqın ürəyinə çəkdiniz dağı,
Sizi qəbul etməz paytaxt torpağı,
Dəfn yerinizdi keçmiş Kolanı.
Arif Hacıyev:
Sizin istəyiniz bəd tuş gətirmək,
Lüzumsuz Sarkozi, Corc Buş gətirmək,
Çətini meydanda duruş gətirmək,
Asan yada salmaq filan- filanı.
Fazil Qəzənfəroğlu:
Əskik olan yalnız kamalınızdı,
Solub-saralan da camalınızdı,
Ara qarışdırmaq amalınızdı,
Saldınız iğtişaş vaxtı talanı.
Arif Hacıyev:
Sən güman etmə ki, dalda qalarıq,
Kütləylə mitinqdə fikrə dalarıq,
Seçkidə bir neçə mandat alarıq,
Bir də təkrar etdik üzdə olanı.