PDF Oxu

Köşə

  • 13

Radikallar müxtəlif səpkili süni şoular yaradırlar

Radikallar müxtəlif səpkili süni şoular yaradırlar

Araz Əlizadə:

Bir vaxtlar boykotdan dəm vururdular,
Zildən enirdilər, bəm vururdular,
İçki vuranda da kəm vururdular,
Piketdə qururlar min riya, hiylə,
Yürüş keçirirlər məzəylə-meylə,
Şou yaradırlar mitinqləriylə.

Razi Nurullayev:

Kütlə səsləməyə təb olar yenə,
Xarici qrantlar həb olar yenə,
Yürüşlər, piketlər dəb olar yenə,
Yeni mitinqlərə gedərik səylə.

Araz Əlizadə:

Biri-birinizə yaxdınız qara,
Liderlər çıxardı sizi divara,
Oldunuz 20 il aciz-avara,
Qaldınız Əli tək, İsa tək səylə.

Razi Nurullayev:

Sponsor ABŞ, Qərb, ya Şimal olar,
Zəiflər dözməyib, tez pamal olar,
Ajiotaj yenə bir amal olar,
Yenə dolanarıq biz səslə-küylə.

Araz Əlizadə:

Liderin o sözdü, sözün qısası,
Dadlı təam görmür çoxdan kasası,
Başqanın aşıbdı başqan masası,
Ay Razi, Əliylə get qoyun teylə.

Razi Nurullayev:

Özünü liderlər içində gördün,
Bizimlə sən qrant almağa girdin,
Sən özün Ayazçün əsir-yesirdin,
Bir qədər yerə en, əlləşmə göylə.

Araz Əlizadə:

Liderə yalandan alqış deyərək,
Pullarını yeyib, edirsiniz şəkk,
Əyninə narıncı geyim geyərək,
Qoxusu olmayan qərənfil iylə.

Razi Nurullayev:

Öz keçəl başına çəkərək daraq,
Ayazın şəninə içirsən araq,
Bizim kölgəmizi qılınclayaraq,
Neyləyə bilərsən bizlərə, söylə?

Araz Əlizadə:

Uzağam Əlidən zehni dar deyə,
İsaya uymadım qüsur var deyə,
Bığlarım çirkaba bulaşar deyə,
Plov da yemirəm sizin tək "bəylə".

Razi Nurullayev:

Çoxları "no" ilə, "net"lə çağırır,
Adam var pişiklə, itlə çağırır,
Düşmək istəyirəm, kütlə çağırır,
Mitinq küçəsidi, qatarı əylə.

Araz Əlizadə:

Bundan sonra keçər günün məzəsi,
İnşallah, tezliklə olarsan dəli,
İsaya qoşulan gündən "Yurd" Əli,
Qalmısan naəlac arxanda çüylə.

Razi Nurullayev:

Düşmüsən sən çullu qotazdan ayrı,
Rubllu xalçadan-palazdan ayrı,
Dayana bilmirdin Ayazdan ayrı,
De, özün fərqlənə bilmisən nəylə?

Araz Əlizadə:

Yeni bloklardan biryolluq əl çək,
Mitinqli şoular nəyinə gərək?
Rəisin Əli də qəzəblənərək,
Pis rəftar edəcək sənin tək keylə.

Razi Nurullayev:

Çox vacib dəstəkli-qayalı təklif,
Verə bilirsən ver həyalı təklif,
Tök gəlsin, varısa bahalı təklif,
Nəzəri cəlb etmə ucuz bir şeylə.

Araz Əlizadə:

Əvvəlcə özünlə bir kişi götür,
Sonra da kabablı üç şişi götür,
Sən irəli cumub bişmişi götür,
Bilirəm ki, aran olmayıb çiylə.

Razi Nurullayev:

Su lazım olanda əvvəl çaya get,
Qrant almaq üçün çoxlu maya get,
Ayazın ardınca Moskvaya get,
Sazla, gitarayla, kamanla, neylə.

Araz Əlizadə:

"Yurd"da olsan əgər halbahal, pisdi,
İsadan üz döndər qalmaqal pisdi,
Şoulu-şousuz radikal pisdi,
Türk demiş, get otur yaxşıyla-yeylə.

Razi Nurullayev:

Bundan sonra heç vaxt gülməyəcəksən,
Qazancı Ayazla bölməyəcəksən,
Ayazı qaytara bilməyəcəksən,
Az əlləş, sən qarlı-buzlu quzeylə.

Araz Əlizadə:

Seçkidə təpəndən çıxacaq tüstün,
Yürüş ala bilməz görüşdən üstün,
Mitinqin bərpası deyildir mümkün,
Piketli şoular qurtarır piylə.

Razi Nurullayev:

Yaxşıya xor baxıb, pisi ayırdın,
Ayazı özünə lider qayırdın,
Əvvəl sən Şimalı qiblə sayırdın,
Tez həmdəm olmusan indi Güneylə.

Araz Əlizadə:

Arzu edirəm ki, Əli tək "parla",
İsayla Qərbə get qızıl açarla,
İndi danışırsan sevinc-vüqarla,
Üz-üzə qalarsan sonda gileylə.

Razi Nurullayev:

Biz qabaqda getdik sən qaldın dalda,
Həmişə hörmətsiz oldun mahalda,
Necə ki, Ayazın qaldı Şimalda,
Sən arxivə yollan, qovuş muzeylə.

Digər xəbərlər