PDF Oxu

Köşə

  • 25

Ekran rəzaləti!

Ekran rəzaləti!
Daha durmaq və televiziya kanallarında seyr edilən rüsvayçı mənzərələrə başqaları kimi üz çevirib laqeyd baxmaq olmur, vallah olmur ay camaat! Bizim bu televiziya proqramlarımız əməlli-başlı mənəvi dəyərlərimiz üçün Domokl qılıncına çevriliblər. Göz görə-görə bütün milli mentalitet ayaqlar altına salınıb xırd-xəşil olunur, bu əttökən "proqramlarda". Ölkəmizdə müharibə vəziyyətinin hər gün hiss olunduğu, hər gün şəhid verdiyimiz, torpaqlarımızın erməninin ayağı altında inləyə-inləyə fəqan qopardığı bir vaxt da efirlərdəki xörək və qazan verilişlərini, özünə pudra-ətir vuran, qulağına sırğa taxan, əsl azərbaycanlı kişiliyindən min arşın o tərəfdə duran və daha çox hollandlara bənzəyən "kişi qırıqları"nı, ərini atıb "şou-biznes"dəki "sponsorların" qucaqına atılan ləçərləri əsil "tərbiyə markasına" döndəriblər. Dinimizi, imanımızı, dəyərlərimizi insanlara çatdırmaq əvəzinə, onlara belə "kişilik" nümunə göstərirlər ki, gənclər də böyüyüb belələrinə oxşasınlar. İndi bələkdəki uşaqdan başlamış təzə yeniyetməyə qədər yeni nəsil üçün bunlar əsil nümunə mənbəyidirlər, vəssalam! Bunlar əməllicə ağlarını çıxarıblar. Hələ mən ərini və uşaqlarını ataraq yağlı "sponsorların" qucağına atılan, bütün namus və ismətini beş-on dollara dəyişən mənəviyyatsız qadın "ulduzların" insanlarımızı efirlərdən qeyrət və namusa çağırmalarını demirəm, a kişi! Bunlar açıqca neçə əsrlərdən bəri süzülüb gələn mənəvi dəyərlər üçün Əzrayıl rolunda çıxış edirlər, daha bunun başqa bir yozumu da yoxdur ki. Bütün bu rəzalətdən sonra bu televiziya rəhbərlərinin heç tükləri də tərpənmir. Neçə dəfə ölkənin ən üst qatında təmsil olunan insanlar, dövlət xadimləri, alimlər televiziyalarımızın neçə əsrlər yol gələn mənəvi dəyərlərimizi, zəngin mədəniyyətimizi belə rüsavayçılıqla məhv etməmələri üçün onlara müraciətlər etdilər, tövsiyələr verdilər, xeyri yoxdur, vəssalam! Bunlara əttökən, fırıldaqçı şirkətlərin it iyi verən, əhalinin sağlamlığına ölümcül zərbələr vuran məhsullarını yalançı şəkildə reklam etməklə karlı pul qazanmaq, şou-biznesə girmək üçün "karlı kliyent" axtaran "qızlara" biyabırçı "ulduz verilişlər" hazırlamaqla ciblərini əməllicə doldurmaq lazımdır, vəssalam! "Ulduz" olmaq üçün ərindən boşanaraq "sponsorların" qucağına atılan, tərbiyəsizlik üzrə №-1 olan birinin durub televiziya ekranından camaata öyüd-nəsihət verməsi, şou-biznesə girmək üçün min bir "namus qəhrəmanlığından" çıxan bir "kişi cinsli" birilərinin yenicə həyata atılan yeniyetmə oğlanlar üçün "obraza" çönmələri, KİŞİLİKDƏN danışmaları hər kəsi əsəb xəstəsinə çevirib artıq. Aparıcıların açıq şəkildə bisavad və bir çox hallarda tərbiyəsiz davranışları, "ulduz proqramlara" çağırdıqları insanları yaşından asılı olmayaraq təhqir etmələri, dəfələrlə məsxərəyə qoymaları, şit və savadsız şəkildə insanı iyrəndirən jestlər etmələri dözülməz həddə çatıb artıq. Xüsusilə, televiziya aparıcılarının mənəviyyatsız hərəkətləri və elementar məsələlərdə göstərdikləri bisavadlılıq tam çılpaqlığı ilə ortadadır. Heç bir xüsusi yoxlamadan, qabiliyyət testindən, aparıcılıqa yarayıb-yaramadıqlarını müəyyənləşdirən komissiyadan keçmədən "xüsusi tapşırıq və nəvaziş hesabına" ekranlara yol açan belələri, insanlara mənəviyyatsızlıq, özləri kimi KİÇİK VƏ RÜSVAYÇI hisslər aşılayır, açıq şəkildə ən murdar mənəviyyatsızlıq toxumu səpirlər cəmiyyətə. Bəzən belə verilişlərə tamaşa etmək üçün orda oturan onlarla insanlar, özləri billə-bilə bu rəzilliyin aləti və təhqir olunmuşlarına çevrilirlər. Belə sadəlövh adamlara bu da azdır. Bir sıra "kişi" müğənniləri aparıcılar elə şəkildə təhqir edirlər ki, özləri cəhənnəmə, o verilişlərə baxan insanlar bundan qəzəblənirlər. Bir gədə aparıcı, "kişi müğənnilərin" bəzənib-düzənməsinin hansısa bir milyonçunun "gecə həyatı" üçün nəzərdə tutulduğunu, bunun müqabilində ev və bahalı maşınlarla "təmin" olunmalarını deyir və həmin müğənniyə qayıdır ki, siz də belələrindənsiniz? Bu da utanıb-qızarmadan and-aman edir bəs mən ev-eşiyimi ondan "qazanmamışam". Rəzalət! Təəssüf ki, yaşadığımız günlərdə teleefirin durumu, cəmiyyətimiz budur. Bu ölkəyə öz torpağının sahibi olacaq, xalqının min illərdən gələn dəyərlərini qoruyub saxlayacaq, bu xalqı saf təfəkkürü ilə gələcəyə aparacaq layiqli insan nəsli, savadlı və intellektual GƏLƏCƏK LAZIMDIR, VƏSSALAM!

Digər xəbərlər