Mirmahmud Fəttayev:
Bizdə dözüm çoxdu aran, dağdan da,
Əlidə nə getdi, getdi bağdan da,
"DUİ" möhtəşəmdi "Qarabağ"dan da,
Çəkilib hər yeni blokun iyi,
Nahaqdı "Yurd" ilə Müsavat səyi,
Zəifdi Əliylə İsa birliyi.
Əhməd Oruc:
"Yurd" da, Müsavat da, harayda-hayda,
Nə İsa, nə Əli götürdü fayda,
Bizim "DUİ"-mizdə belədi qayda,
Heç kəsə güzəştə getmərik zəyi.
Mirmahmud Fəttayev:
Yeni blokçular nadan və naşı,
Onlar dost ediblər dərdi, təlaşı,
İsa da, Əli də itirib başı,
Bilmirlər haraya qoysunlar nəyi.
Əhməd Oruc:
İsa, blokunu ağan doğradı,
Dolları, qrantı doğan doğradı,
İsa mazqisinə soğan doğradı,
Mirmahmud xoşlamır heç Əli bəyi.
Mirmahmud Fəttayev:
Onlara bir boss da vermir töyücü,
Hanında həm "Yurd", həm Müsavat cücü,
Həddindən artıqdı "DUİ"-nin gücü,
Maraqlı deyildir kiminsə rəyi.
Əhməd Oruc:
Danışdı cəbhədən "Yurd" diri-diri,
İsa Müsavatı saydı çox iri,
Bir bişmiş düzəldə bilmədi biri,
İsa da, Əli də götürdü çiyi.
Mirmahmud Fəttayev:
Əli blok deyib yüz foks çıxardı,
Birlik yaratmağa çatmadı ardı,
İsanın yamanca saçı ağardı,
Əlinin canında qalmadı piyi.
Əhməd Oruc:
Blok əllərdə bir bəhanə oldu,
Əli bəy qudurub divanə oldu,
Əlinin bloku əfsanə oldu,
Mirmahmud yaradıb kamil özəyi.
Mirmahmud Fəttayev:
"DUİ" addım atır son günlər qəti,
Tökülmür onların üzünün əti,
Rəndə də götürmür İsa sifəti,
Əlinin özünə qalıb bəzəyi.
Əhməd Oruc:
"DUİ"-ni Mirmahmud böyük yük edir,
Blokdan yastıqçün pərqu tük edir,
Əli qoyun qığı tədarük edir,
Özünə saxlayıb İsa təzəyi.
Mirmahmud Fəttayev:
Durublar Müsavat, "Yurd"un tinində,
Ancaq hər ikisi itin günündə,
İsa kiçilməkdə Əli önündə,
Əlinin olmayıb böyük ürəyi.
Əhməd Oruc:
Bizim Mirmahmudun iki gözü tox,
Əlinin, İsanın ehtiyacı çox,
Çörək alandılar, çörək verən yox,
Dizinin üstündə boyat çörəyi.
Mirmahmud Fəttayev:
Rəqib mühərrikin sınıb ştoku,
Mənbəyə heç çatmır bir damla toku,
Çökübdü Əli və İsa bloku,
"DUİ"-nin qızıldan olub dirəyi.
Əhməd Oruc:
Mirmahmud kütləylə xoşluqda qalıb,
"Yurd" ilə Müsavat loşluqda qalıb,
Əlinin arxası boşluqda qalıb,
Bosslara söykəyib İsa kürəyi.
Mirmahmud Fəttayev:
"Yurd" da, Müsavat da bu gün tufdadı,
Əyinlərdə qalan tafta-baftadı,
"DUİ"-miz daimi inkişafdadı,
Əlinin, İsanın batıb əməyi.
Əhməd Oruc:
Yeganə qurumdu "DUİ" çağlayıb,
Boss az pul verəndə İsa ağlayıb,
Qrantdan boğazı mazol bağlayıb,
Ağzına apara bilmir yeməyi.
Mirmahmud Fəttayev:
Yoxdu heç birində düzgünlük qəti,
Aclıqdan hər biri qapırlar iti,
İsaya, Əliyə siz zəif, müti,
Deməkdən çıxıbdı çənəmin çüyü.
Əhməd Oruc:
Kütlələr dirənib indi ənginə,
Bosslar məhəl qoymur heç bir zənginə,
Baxıb üzlərinin bomboz rənginə,
Əlinin, İsanın - öyü ki, öyü.
Mirmahmud Fəttayev:
"Yurd" da, Müsavat da yaşamaqda bum,
Liderlər tinlərdə çıtlamaqda tum,
İsa da, Əli də iflasa məhkum,
Gözləri də görmür nə yeri-göyü.
Əhməd Oruc:
Mirmahmud qarşıda sanki sal qaya,
Liderlər düşüblər dəpdərin çaya,
İsa möhtac qalıb bu gün buğdaya,
Əli tapa bilmir bir ovuc düyü.
Mirmahmud Fəttayev:
"Yurd"-Müsavat bu gün sərsəm və abdal,
Mənim "DUİ"m isə dadmaqdadı bal,
Əli, sən kiçiksən, elə kiçik qal,
Ay İsa, sən çalış mənim tək böyü.
Əhməd Oruc:
Mirmahmud "DUİ"-də yeyir əriştə,
On il ucalmadı Əli bir işdə,
İblisə bac verən İsa-firiştə,
Ərşə bülənd olub Əli səs-küyü.